Bakı. 27 may. REPORT.AZ/ OPEC ölkələrinin Vyanada keçiriləcək növbəti iclasına bir həftə qalsa da, üzv ölkələrin hər hansı razılıq əldə etməsi mümkün görünmür. "Report" xəbər verir ki, neft qiymətlərinin artması Səudiyyə Ərəbistanı ilə İran arasında rəqabəti daha da qızışdırıb. Səudiyyə Ərəbistanının öz şərtlərini irəli sürməsi tərəflərə razılaşmaq imkanı verməyəcəyi ilə bağlı ehtimalları gücləndirib. Qeyd edək ki, İran tərəfi də hazırda hasilatın dondurulması və ya azaldılması ilə bağlı niyyətinin olmadığını bildirib.
Ekspertlərin fikrincə, təşkilatın daxilində qərar mexanizminin zəifləməsi, ümumiyyətlə, OPEC-in nüfuzunu itirməsinə səbəb olub. Səudiyyə Ərəbistanının post-neft dövrü ilə bağlı planlarını açıqlaması isə onun OPEC-dən çıxması ehtimallarını artırıb. Dohada keçirilən son sammitdə Səudiyyə Ərəbistanının neft hasilatını dondurma qərarını son anda iflasa uğratması bu ölkənin gələcəkdə təkbaşına hərəkət etmək istədiyi barədə fikirlər yaradıb. Belə ki, Doha sammitindən sonra Səudiyyə Ərəbistanı nəinki hasilatı dondurmaq istəmədiyini, hətta onun artırılması ilə bağlı niyyətini açıqlayıb.
"Reuters"in məlumatına görə, OPEC-in Vyana görüşündə razılığın əldə olunacağı gözlənilmir. Bazar tələbatın artması və təklifin azalması hesabına bərpa olunur və səbəbdən əlavə qərarların qəbul edilməsinə ehtiyac yoxdur. Qeyd edək ki, Rusiya tərəfi əvvəlcədən Vyana sammitinə qatılmayacağını açıqlayıb.
"Report"un analitik qrupu hesab edir ki, Vyana sammitində müsbət qərarın qəbul edilməməsi qısa müddətdə neftin qiymətini 46 dollar/barelə qədər azalda bilər. Daha sonra isə qiymətlərin yenidən 55 dollar/barelə qədər artması və 2016-cı ilin son rübünə qədər 40-55 dollar diapazonunda qalması proqnozlaşdırılır.