Fransada 33-cü Yay Olimpiya Oyunları başlayıb. Bu idman bayramı insanları, millətləri və dövlətləri bir-birinə tanıdır, yaxınlaşdırır. Dövlətlər də ailələr kimi evə gələn qonaqları qarşılamaq üçün əvvəlcədən hazırlaşır, təmizlik işləri görür. Qonaqların yerləşəcəyi əraziləri müəyyənləşdirir, onların təhlükəsizliyinin təminatı üçün tədbirlər görür.
Qısası, Fransa iyulun 26-dan avqustun 11-dək keçiriləcək yarışların ev sahibdir.
Ancaq onlar qonaqları ləyaqətlə qəbul edə bilirmi?
Məlum olub ki, Fransa qapılarını açıb 10 milyonadək turisti qəbul etməyə hazır deyilmiş. Təhlükəsizlikdən tutmuş təmizliyə, təmizlikdən idman bazaları, yarış yerlərinin keçirildiyi yerlərədək bir çox məsələlər qənaətbəxş olmayıb. Məsələn, qonaqların çantalarının oğurlanması, otel və qonaq evlərində çarpayıların yararsızlığı, yarışların keçirildiyi yerə idmançıların uzun-uzadı yol qət etmələrini örnək kimi qeyd etmək olar.
18-19-cu əsrlərin Fransasından bəhs edən filmlərdə dəbdəbəli saraylarda təmizlik üçün ayrıca yerlər olmayıb. Bu həmin Fransadır ki, özünü dünyanın mədəniyyət beşiyi kimi dünyanın rəyinə sırıyıb. Halbuki həmin illərdə saraylardakı rəqs meydançalarının ətrafı üfunət iyi verirmiş. Fransanın məşhur Versal sarayında tualetlər sonralar quraşdırılıb.
Bu kimi faktlar göstərir ki, Paris hələ də qonaq qarşılamağa hazır deyilmiş. Yelisey sarayı qonaqlarına biganə yanaşıb. Onu yalnız qonaqların ciblərini təmizləmək maraqlandırıb.
Qeyd edək ki, Braziliyanın əfsanəvi futbolçusu Ziko Fransanın paytaxtı Parisdə qarət edilib. Bu barədə “Le Parisien” nəşri məlumat yayıb. 71 yaşlı keçmiş yarımmüdafiəçinin 420 min avro dəyərində portfeli oğurlanıb. Məlumata görə, portfeldə bahalı saat, zinət əşyaları, brilyantlar və nağd pul olub. Artur Antunes Koimbra - Ziko 1978-ci il dünya çempionatının bürünc mükafatçısıdır.
Qonaq qarışlamağa ləyaqəti çatmayan Fransa oyunlarla bağlı mühacirləri Parisdən zorla çıxarıb. Yolların bəziləri bağlandığından nəqliyyatda xaos, avtomobil qıtlığı yaranıb. Parisdə Olimpiadanın açılış mərasimi ərəfəsində 25 yaşlı avstraliyalı qadın turist şənbə günü şəhərin mərkəzində, məşhur "Moulin Rouge" restoranın yaxınlığındakı kababxana restoranında afrikalı olduğu güman edilən 5 kişi tərəfindən zorlanıb. Argentinanın Olimpiya futbol komandasının futbolçusu, Braziliyanın “Botafoqo” klubunun cinah oyunçusu Tiaqo Almadanın Fransanın Sent-Etyen şəhərindəki stadionun soyunub-geyinmə otağından şəxsi əşyaları (saat, zinət əşyaları) oğurlanıb. BFMTV bildirib ki, futbolçuya 50 min avro məbləğində ziyan dəyib.
Açılış mərasimində satanistlərin simvollarının nümayiş etdirilməsi xristian dünyasının da narazılığına səbəb olub.
Fransa hakimiyyəti də olimpiya oyunları ilə bağlı ölkəyə səfər etmiş turistlərə münasibətdə özünü "çamadan oğrusu" kimi aparıb. Turistlərin təhlükəsizliyini, onların rahatlığını təmin etməyən təşkilatçıların Zikonu qarət edənlərdən elə çox fərqi yoxdur. Belə qənaətə gəlmək olar ki, olimpiadadan cinayət törədən oğrular, onlara şərait yaradan Fransa dövləti qazanıb.
Bu ölkə özünü hələ də dünya ağalarından sayır. Ancaq hadisələr göstərir ki, Yelisey sarayı bütün siyasi hikkəsi ilə millətlərarası ədavət toxumu səpir, iğtişaşlar yaradır.
Rəsmi Paris bu yarıtmaz, dar düşüncəsi, saxta böyüklük iddiası ilə böyük ola bilmir. Böyüklər sırasında bu rolu imitasiya edir.
Prezident Emmanuel Makron Fransanı Azərbaycan üçün düşmən dövlətə çevirib. Bu, özünü olimpiya oyunlarının rəsmi açılışı mərasimində də göstərib. Rəsmi Paris və oyunların təşkilat komitəsi Azərbaycana qarşı təxribatla məşğul olub.
Olimpiya oyunlarının açılışını göstərən Fransanın “Fr2” telekanalının efirində azərbaycanlı və erməni idmançıların keçidi zamanı təxribatçı ifadələr səsləndirilib.
Canlı yayımda göstərən “Fr2” kanalının aparıcısı Ermənistan oyunçuları keçəndə aparıcı bunları deyib: “Ermənistan, bizim erməni dostlarımız; tarixən fransızların qəlbinə yaxın olan ölkə… Erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə ağır bir il oldu…”.
Azərbaycanın milli olimpiada komandası keçəndə isə aparıcı Azərbaycanı “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim edib.
Bu, Fransa hakimiyyətinin siyasi, hikkəli eybəcərliyinin olimpiya kimi humanist, barışcıl hərəkata da yansımasının göstəricisidir.
Bəlkə də Makron hakimiyyətinin keçirdiyi yarışdan bundan artığını gözləmək də əbəsdir. Çünki “ağsaq atın kor nalbəndi olar”. Vəziyyətin belə olacağı əvvəldən iştirakçılara aydın olsa idi, onlar da olimpiadanı boykot taktikasını seçərdilər. Emmanuel Makron da 1936-cı ildə avqustun 1-16-dək keçirilən Yay Olimpiya Oyunları zamanı Adolf Hitler diktaturası kimi öz irqçi və militarist mahiyyətini gizlədib. Yarışlar başlayan gündən bunu nümayiş etdirməyə başlayıb.
1931-ci ildə Beynəlxalq Olimpiya Komitəsi 1936-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Berlini seçmişdi. İki il sonra faşistlərin lideri Adolf Hitler Almaniya kansleri olub. 1936-cı il Berlin Olimpiadasını boykot etmək üçün ABŞ, Böyük Britaniya, Fransa, İsveç, Çexoslovakiya və Hollandiyada hərəkat yaranmışdı. Onda bir sıra ölkələrin ayrı-ayrı yəhudi idmançıları da Berlin Olimpiadasını boykot etmək qərarına gəlmişdi. Bununla belə, Ştatların Həvəskar Atletika İttifaqı 1935-ci ilin dekabrında Oyunlarda iştiraka səs verdikdən sonra başqa ölkələr də buna əməl etdiyi üçün nəticədə boykot hərəkatı uğursuzluğa düçar olmuşdu.
Ancaq həmin oyunlarının açılışında Adolf Hitler Olimpiya bayrağını salamlamışdı.
“Paris-2024” olimpiadasında “Fr2” kanalında Azərbaycan və idmançılarına münasibət Hitlerin olimpiyada bayrağına faşist salamı verməsinə daha çox oxşayır. Həmin aparıcılara bir az da şərait yaradılsa idi, yəqin ki, onlar Fransanın məğlubiyyət səbəblərində də "Azərbaycan barmağı" axtarardılar. Reallıq hissini itirən Paris elə zənn edir ki, Yeni Kaledoniya və başqa müstəmləkə torpaqlarında Fransaya qarşı hərəkatı rəsmi Bakı təşkil edir. Halbuki onların öz müqəddəratını təyinetmə kimi BMT nizamnaməsində təsbit olunmuş hüquqları var.
Hətta Hitler belə 1936-cı ildə keçirilən olimpiada da faşist şüarları ilə çıxış etməyib. Olimpiya Oyunları zamanı sülhə, müharibələrin dayandırılmasına çağırışlar olur. Fransa telekanalı isə idmanı hikkəli siyasətlərinə bulaşdıraraq yenə qərəz nümayiş etdirib.
Əgər aparıcılar tərəfsizlik edirsə, o zaman Fransa komandası keçərkən niyə onların yeni müstəmləkəçilik siyasətindən, fəaliyyətindən bəhs etməyib?
Azərbaycan “Fr2” telekanalının Olimpiya hərəkatının prinsiplərini pozduğuna görə Beynəlxalq Olimpiya Komitəsinə müraciət edəcəyi istisna edilmir. Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyi də Fransa XİN, habelə bu ölkənin Bakıda səfirinə etiraz notası verə bilər.
Almaniyada futbol üzrə Avropa çempionatında Türkiyə millisi ilə Avstriya yığma komandası arasında keçirilən görüşdə "bozqurd" işarəsi göstərdiyi üçün türkiyəli idmançı Merih Demiral haqsız yerə cəzalandı. Bu isə Türkiyə millisinin növbəti görüşlərdəki oyununa mənfi təsir göstərdi. Halbuki Almaniyada bu işarənin göstərilməsinə qanunla heç bir qadağa qoyulmayıb.
“Fr2” telekanalının aparıcıları isə olimpiya hərəkatının qayda və prinsiplərini pozublar.
Bəs deyirlər, Fransa demokratik ölkədir, hakimiyyətin iradəsi idman kimi sahələrə sirayət etmir? Bütün bunlar parıltı olduğu bir daha təsdiqlənir. Emmanuel Makron hakimiyyəti nədirsə, onun “Fr2” TV-si də odur. Deməli, rəsmi Parisin yürütdüyü anti-Azərbaycan siyasətini təbliğ edən KİV və elektron informasiya vasitələri bütün qaydaları pozub yalan, qərəz yayaraq həyata keçirir. Beynəlxalq Olimpiada Komitəsi peşə, olimpiya hərəkatının əxlaq kodekslərini pozduğu üçün “Fr2”yə cəza verməzsə, onda bu qurumun da başqa UEFA-ya oxşadığını indidən söyləmək olar.
Və nəhayət, belə təbliğat aparan Fransa hakimiyyəti, TV-si Azərbaycan və Ermənistan idmançıları, tərəfdarları arasında iğtişaş üçün zəmin hazırlayır. Odur ki, 1936-cı ildə Hitlerin keçirdiyi olimpiadadan 88 il ötür. Zaman, tarix və başqa cəhdlər baxımından dünya dəyişsə də, Makron Fransası mürtəce düşüncə ilə hələ də yaşayıb. III Reyxin qonaqlarına etmədiyi sayğısızlığı isə Yelisey sarayı edib.