Növbədənkənar seçkilərə hazırlaşan Ermənistan – Rusiyaya qarşı atılan addımlar - ŞƏRH

Növbədənkənar seçkilərə hazırlaşan Ermənistan – Rusiyaya qarşı atılan addımlar - ŞƏRH Ermənistan islahatlar adı altında anti-Rusiya layihəsinin icrası davam edir. Son 5 ildə Nikol Paşinyan hökumətinin apardığı siyasət əsasən Moskvanın nüfuz dairəsindən uzaqlaşmağa yönəlib. Çünki onun təmsil etdiyi siyasi qüvvə fəaliyyəti dövründə anti-Rusi
Analitika
5 Dekabr , 2023 15:07
Növbədənkənar seçkilərə hazırlaşan Ermənistan – Rusiyaya qarşı atılan addımlar - ŞƏRH

Ermənistanda islahatlar adı altında anti-Rusiya layihəsinin icrası davam edir.

Son 5 ildə baş nazir Nikol Paşinyan hökumətinin apardığı siyasət əsasən Moskvanın nüfuz dairəsindən uzaqlaşmağa yönəlib. Çünki onun təmsil etdiyi siyasi qüvvə fəaliyyəti dövründə Rusiya əleyhinə çıxışları ilə seçilib. Paşinyan müxalif deputat olduğu dövrdə parlamentdə Kremlin təşəbbüsü ilə yaranan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İqtisadi İttifaqına qarşı çıxışlar edib, hətta bu qurumlardan Ermənistanın çıxması məsələsinin gündəliyə düşməsinə nail olmuşdu. Ancaq hökumət başçısı olduqdan sonra bunların tam tərsini söyləməyə başladı.

2018-ci ilin may dəyişikliklərindən sonra o lideri olduğu “Mənim addımım” alyansı ilə ilk olaraq 2017-ci il aprelin 2-də keçmiş prezident Serj Sarqsyanın yaratdığı rusiyayönümlü parlamentin buraxılmasına nail oldu. 2018-ci il dekabrın 9-da növbədənkənar seçkilər keçirildi.

Həmin siyasi kampaniya nəticəsində Paşinyanın “Mənim addımım” 88, müxalifət sayılan, rusiyayönümlü, milyarder Qaqik Sarukyanın "Çiçəklənən Ermənistan" Partiyası 26, qərbyönlü hesab olunan "Maariflənən Ermənistan" Partiyası isə 18 yer qazandı.

Bu parlamentdə deputatların sayı 132-dən 105 endirildi. Nikol Paşinyan bununla Rusiyaya qarşı ilk addımını başa çatdırdı.

Bu parlamentin ömrü uzun sürmədi. 2020-ci il sentyabrın 27-də başlamış və Azərbaycanın qələbəsi ilə nəticələnən İkinci Qarabağa müharibəsi Ermənistanda böhran yaratdı. Koçaryan, Sarqsyan, Vanesyan və rusiyayönlü siyasi qüvvələr Nikol Paşinyanın istefasını tələb etməyə başladı. Onlar qurduqları ordunun dağılmasının məsuliyyətini Paşinyanda gördülər.

Müxalifət növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirdi. Paşiyan 2021-ci il iyunun 20-də hakimiyyətdə olduğu 2 il ərzində ikinci növbədənkənar parlament seçkiləri keçirdi. Bu siyasi kampaniyada rusiyayönümlü iki partiya parlamentə daxil oldu.

Nikol Paşinyanın siyasi partiyası 71, Koçaryanın tərəfdarları 27, Vanesyan isə 6 yer əldə edə bildi. Nəticədə, parlamentdə baş nazirin tərəfdarları üstünlük təşkil etməyi bacardılar. Bu, müharibədən məğlub çıxmış hökumətdən daha çox erməni cəmiyyətinin Qarabağ mövzusundan bezməsinin göstəricisi idi. Çünki müxalifət sayılan rusiyayönümlü Sarqsyan, Koçaryan və Vanesyan revanşist iddialar irəli sürürdü. Ona görə ehtimal etmək olar ki, Ermənistan seçiciləri bu ideyaya qarşı çıxış etdi.

Bunu erməni baş nazirin Rusiyadan uzaqlaşmaq istiqamətində atdığı ikinci addım da saymaq olar. Habelə bu, bir vaxtlar Ermənistanda hakimi mütləq olub, 1999-cu ildə parlamentdə baş nazir Vazgen Sarkisyanda da daxil olmaqla müxalifətə terroru təşkil edənlər, 2008-ci ilin martında prezident seçikisinin nəticələrini saxtalaşdıran Rusiyanın aparıcı qüvvəsi Robert Koçaryan-Serj Sarqsyan alyansının məğlubiyyəti idi.

Nikol Paşinyanın islahatlarına ordunun "beşinci kolon"dan “təmizlənməsi”, Serj Sarqsyanın təyin etdiyi marionet prezident Armen Sarkisyanı dəyişmək daxil idi. 2022-ci il fevralın 1-də baş nazirə müxalifət olan prezident də istefaya göndərildi. Onun yerinə sözəbaxan, qərbyönümlü Vaaqn Xaçatryan təyin olundu.

Bununla da Paşinyan Rusiyaya qarşı daha bir addım atdı.

Son zamanlar Azərbaycanla Ermənistan arasında birbaşa təkbətək görüşlər, sülh sazişinin imzalanması və başqa istiqamətlərə dair açıqlamalar verilir.

Ermənistan hökuməti özünü sülhsevər göstərmək üçün saxtakarlıqdan da əl çəkmir. Rəsmi Bakının sülh sazişi ilə bağlı göndərdiyi təklifi az qala üç aydan sonra yarımçıq cavablayan rəsmi İrəvan qarşı tərəfi təkliflərə gec münasibət bildirməkdə ittiham edir. Bu azmış kimi İrəvan Azərbaycanla sərhədyanı bölgədə təxribatlar törədir, hərbçinin ölməsində Bakını ittiham edir. Əslində Ermənistan hökuməti bu kimi təxirbatçı və təhrikedici hərəkətləri ilə ilin sonunadək sazişin imzalanması ehtimalını sıfıra endirir. İrəvan rəsmiləri sülh sazişinin imzalamaqdan yayınmaq Azərbaycan və Rusiyanı günahlandırmağa hazırlaşır.

Bundan başqa orduda “beşinci kolon yoxdur” deyən, Fransanın yardımı və dəstəyi ilə sürətlə silahlanan Nikol Paşinyan hökuməti moskvapərəst müxalifətdən birdəfəlik xilas olmaq istəyir. Odur ki, rəsmi İrəvanın yeni tapşırığı yerinə yetirməyə hazırlaşdığına dair xəbərlər yayılıb. Yerli KİV-in yazdığına əsasən, Qərb Nikol Paşinyandan Ermənistanda anti-Rusiya parlamenti yaratmağı tələb edir. Hakim partiyanın kuluarlarında 2024-cü ildə növbəti növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə fikirlər dolaşır. Gələn il ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq ediləcəyi də ehtimal olunur. Növbəti parlamentin ancaq qərbyönümlülərdən formalaşması şərt olaraq Paşinyanın qarşısında qoyulduğu iddia olunur. Hətta, terror qurbanı Vazgen Sarkisyanın kiçik qardaşı, "Birlikdə" hərəkatının sədri Aram Sarkisyanın da parlamentdə təmsil ediləcəyi gözlənilir.

Sülh sazişinin imzalanmasından, birbaşa dialoqdan danışan Nikol Paşinyan və komandasının əsl hədəfinin bu məsələlər olmadığı aydınlaşır. Rəsmi İrəvan Azərbaycanla bu məsələlərdən danışıb vaxtı qazanmağa, öz aləmində rəsmi Bakını beləcə neytrallaşdırmağa çalışır. Rusiyanın erməni etnik qrupuna, Ermənistana etdiyi yaxşılıqlar tarixin yaddaşından silinməyib. Nə qədər paradoksal da olsa, ehtimal etmək olar ki, rəsmi İrəvanın əsas məqsəd Rusiyanın hərbi-siyasi nüfuz dairəsindən qurtulmaqdır. Bundan sonra Paşinyanın, komandasının, Moskvaya qarşı addımları bitəcək. Ermənistanda hakimiyyətə gələcək siyasi qüvvə uzaqlaşmaq üçün yeni istiqamət axtaracaq...

Son xəbərlər

Orphus sistemi