Avtoritar rejim yaratmaq istəyən Paşinyan - balalarını yeyən inqilab - ŞƏRH

Avtoritar rejim yaratmaq istəyən Paşinyan - balalarını yeyən inqilab - ŞƏRH Ermənistan ictimaiyyəti yeni dünya quracağını zənn edirdi
Analitika
25 Dekabr , 2019 13:47
Avtoritar rejim yaratmaq istəyən Paşinyan - balalarını yeyən inqilab - ŞƏRH

Ermənistanda hərəkat dalğasında hakimiyyətə gələn Nikol Paşinyan islahatları davam etdirməkdə çətinlik çəkir. Bunun başlıca səbəbi kimi maliyyə problemi və sərmayə qoyuluşunun azlığını göstərmək olar. 

Ermənistan Xristian Demokrat Partiyasının sədri Xosrov Arutyunyan bildirib ki, 2019-cu ilin birinci yarısında ölkə iqtisadiyyatına sərmayə qoyuluşu ötən ilin uyğun dövrü ilə müqayisədə 5 dəfə azalıb: "İnqilab haqqında bəyanat sərmayə qoyuluşunu cəlb etmək üçün yetərli deyil. Heç bir investor inqilabçı ölkənin iqtisadiyyatına sərmayə qoymur”. Partiya sədri erməni diasporunun nümayəndələrinin belə Ermənistan iqtisadiyyatına sərmayə qoymaqda maraqlı olmadıqlarını vurğulayıb. X.Arutyunyan vurğulayıb ki, yük daşımaları da hesabat dövründə 2 dəfə azalıb. Partiya sədri Paşinyanın 2020-ci il üçün dövlət büdcəsini “mühafizəkar” adlandırıb. Yeri gəlmişkən, Toronto Fond Birjası Ermənistandakı "Amulsar" qızıl mədənini işlədən “Lydian İnternational” şirkətinin sadə səhmlərinin alış-verişini dayandırıb. Bu qərar sözügedən şirkətin “Lydian Armenia” və s. törəmə şirkətləri ilə yanaşı, Kreditorlara Borcu Ödəmə Aktı çərçivəsində qorunma haqqı əldə etdikdən sonra verilib. Həmin hüquqi akta görə 5 milyon dollardan çox borcu olan müflis şirkətlər restrukturlaşma apara bilər. Belə ki, “Lydian İnternational” və törəmə şirkətləri məhkəmə qərarı ilə ongünlük qoruma haqqı əldə edib. Yanvarın 2-də başa çatacaq bu müddət ərzində kreditorlar adıçəkilən şirkətlər barəsində hər hansı tədbir görə bilməz. Xatırladaq ki, 2018-ci ilin iyun ayından "Amulsar" mədənini şirkətin üzünə bağlayan ekologiya fəalları və sadə vətəndaşlar burada irimiqyaslı ekoloji fəlakət baş verə biləcəyini bildirir. Hökumət hələ də mədənin mühasirəsini qaldıra bilməyib. “Lydian Armenia” şirkəti ilə müqavilənin müddəti isə bu il dekabrın 20-də başa çatıb. Bu arada Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Arasi Tadevosyan bildirib ki, ölkədə sosial sahədə, xüsusilə məktəblərdə şagirdlər arasında cinayət hallarının artdığı müşahidə edilir: "Məktəblilər arasında cinayətkar münasibət qurulub: “Yerevanda 14-16 yaşlılar arasında apardığım araşdrmaya əsasən, 11 yeniyetmədən 8-də bıçaq var. Bu, onlarda adi hal olub. Bütün bunlar təhsildə uğurla ziddiyyət təşkil edir”.

Bu baxımdan, baş nazir ölkədə islahatlara nail ola bilmədiyindən öz diktaturası və ya avtoritar rejimini qurmağa səy göstərir. Paşinyan cəmiyyətdə artan nüfuzunu təzyiq, təqib və həbslərlə qorumağa çalışır. Son zamanlar Ermənistanda KİV-ə qarşı təzyiqlər də bunu deməyə əsas verir. Dekabrın 24-də Ermənistanda “5-ci kanal”ın sahibi Armen Tavadyan tutulub. Milli Razılıq Partiyasının sədri Aram Arutyunyan bildirib ki, Nikol Paşinyan bu yolla sahibkarı susdurmağa səy göstərir. O, Tavadyanın tutulması ilə bağlı iki versiya irəli sürüb: “Birinci, Paşinyanın bütün resursları bitdiyindən kütləvi informasiya vasitələrini susmağa məcbur etmək istəyir. Hazırda qərəzsiz bütün teekanalları susdurmağa çalışırlar. Ermənistanda obyektiv informasiyanı “5-ci kanal” və “Armnyuz” (“ArmNews”) yayır. Şübhəsiz növbəti qurban “Armnyuz” (“ArmNews”) olacaq”. Onun sözlərinə görə, ikinci versiya keçmiş prezident Robert Koçaryanın məhkəmə prosesi ilə bağlıdır. Bu yaxınlarda Paşinyan Qarabağdakı erməni separatçıları ilə ziddiyyətlərinin olduğunu bəyan edir. Partiya sədrinin fikrincə, bu məsələ də telekanalın sahibinin tutulmasına səbəb ola bilər: “Xalqı çaş-baş salıblar. Ölkə əhalisi “məxməri” narkotikin təsiri altındadır”. Sahibkarın vəkili Vaha Yepriyan müvəkkilinə qarşı irəli sürülən ittihamın məlum olmadığını bildirib. Onun sözlərinə görə, Tavadyan Xüsusi İstintaq Komitəsi tərəfindən heç bir bildiriş almayıb: “Bu səbəbdən ehtimal etmək olar ki, onun həbsi siyasi xarakter daşıyır. Tavadyanın tutulması Koçaryan və onun tərəfdarlarına təzyiqdir”.

Yeri gəlmişkən, bu günlərdə Ermənistan Jurnalistlər İttifaqının sədri Satik Seyranyan baş nazir Nikol Paşinyanın bir vaxtlar jurnalist fəaliyyətinə işarə edərək deyib: “Bizim keçmiş həmkarımız bir vaxtlar hakimiyyətin KİV-ə nəzarətinə qarşı çıxırdı. Onun hakimiyyəti dövründə eyni hadisə baş verir”. Onun sözlərinə görə, baş nazir başda olmaqla bütün vəzifəlilər jurnalistlərə dərs verməyə çalışır və barmaq silkələyirlər. O, belə halların artacağını istisna etməyib. S.Seyranyan “Yerevan.today”in redaksiyasında aparılan yoxlamanı buna nümunə göstərib. O, naməlum şəxslərin “Zerkalo”, “Joxovurd” qəzetləri və “Armular.am”ın redaksiyalarına qanunsuz daxil olaraq dağınıqlıq yaratdıqlarını da vurğulayıb.

Bu arada Yerevan Dövlət Universiteti Tələbə Şurasının sədri David Apoyan da dekabrın 24-də tutulub. Düzdür, o, bir müddət sonra sərbəst buraxılıb. Ondan Robert Koçaryanla əlaqəsi olub-olmadığını öyrənmək istəyiblər. D.Apoyanın sözlərinə görə, polis əməkdaşı onu heç bir bildiriş təqdim etmədən aparıb. Ümumiyyətlə, Nikol Paşinyan hay-küylü həbslərə üstünlük verir. Bu yolla özünü və təmsil etdiyi siyasi qüvvənin gücünü göstərməyə səy etsə də, əslində, nüfuzunu artırmağa, diktaturasını yaratmağa cəhd göstərir. Bu, dövlətin keçmiş məmurlarının təqib edilməsində özünü daha qabarıq göstərir. Belə ki, dekabrın 23-də Yerevanın Avan və Nor Nork rayon Məhkəməsinin keçmiş hakimi Samvel Uzunyan barəsində beynəlxalq axtarış elan edilib. Bununla da Ermənistanda barələrində cinayət işi açıldığına görə Rusiyaya qaçan yüksək vəzifəli keçmiş dövlət məmurlarının sayı 5-ə çatıb. Bildirilib ki, dekabrın 20-də Ermənistanın baş prokuror müavininin qərarı ilə S.Uzunyana qarşı Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb. O, 51 min dollar məbləğində rüşvət almaqda təqsirləndirilir. S.Uzunyanın Moskvaya qaçdığına dair məlumat yayılıb. Ehtimal edilir ki, S.Uzunyan keçmiş hakimiyyətin siyasi-iqtisadi maraqlarına dair müxtəlif qruplarla bağlı məlumata malikdir. O həmçinin hazırda həbsdə olan keçmiş prezident Robert Koçaryanın yaxın adamlarından sayılır. Eyni zamanda 2008-ci il martın 1-də baş verən hadisələrə görə barələrində ittiham irəli sürülmüş həmin olaylarla bağlı cinayət işini araşdıran istintaq qrupunun keçmiş başçısı Vaahan Arutyunyan, Ermənistanın keçmiş baş prokuroru Gervorq Kostanyan və keçmiş müdafiə naziri Mikael Arutyunyanın Rusiyaya sığındıqlarına dair məlumat yayılıb. Bununla yanaşı, istintaq təcridxanasının keçmiş başçısı Miqran Poqosyanın da Rusiyada gizləndiyi bildirilib. Sabiq dövlət başçısı və istintaqa cəlb olunan digər şəxslər konstitusiya quruluşunu devirmək, külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmaqda ittiham edilirlər.

Beləliklə, Ermənistan ictimaiyyəti 2018-ci ilin mayında Koçaryan-Sarqsyan cütlüyünün diktaturasından xilas olub yeni dünya quracağını zənn edirdi. Ancaq cəmiyyət ölkədə yeni avtoritar hakimiyyətlə üzləşib. Bu rejim isə onların inqilabın baş verməsinə səbəb olan arzularını gözündə qoyub. Yeni sayılan bu hökumətin başı daha çox keçmiş hakimiyyət nümayəndələrinin həbsinə, təqibinə, KİV-in susdurulmasına və sözə baxmayanlarla haqq-hesab çürütməyə qarışdığından inqilabın qarşıya qoyduğu tələbləri unudub. Belə olan halda isə “inqilab doğduqlarını yeyir”. Paşinyan da davranışı və yürütdüyü siyasətlə “yeyiləcək balaya" oxşayır.

Son xəbərlər

Orphus sistemi