Nikbinlik, yoxsa dəqiq hesab?

Nikbinlik, yoxsa dəqiq hesab? Dünya ÜDM-inin artımına dair proqnozların əsasında bunların hansı durur?
Analitika
1 Fevral , 2021 19:44
Nikbinlik, yoxsa dəqiq hesab?

2020-ci ildə dünya iqtisadiyyatı son dərəcə ağır zərbəyə məruz qaldıqdan sonra 2021-ci ilə hədsiz ümidlər bəslənirdi. İndi yanvar ayı arxada qaldı və artıq az qala bütün ölkələrin koronavirusa qarşı dərmanla təmin olunmasına baxmayaraq, karantin məhdudiyyətləri hələ də qüvvədədir, bəzi ölkələrdə isə bir az da artırılıb. Deməli, dünya iqtisadiyyatındakı böhran hələ davam edir. Bir çox ekspertlər bu böhranı 1930-cu illərin Böyük Tənəzzülü ilə müqayisə etsələr də, hazırkı böhranın daha böyük fəsadlar yaratdığı və həmin fəsadların illərlə özünü göstərəcəyi indidən bəllidir.

Bununla belə beynəlxalq maliyyə təsisatlarının az qala yekdil qənaətincə, cari ildə dünya ÜDM-i mütləq artacaq, özü də ən azı 4 faiz.

Rəqəmli proqnozlar

BMT-nin dünya iqtisadiyyatındakı mövcud vəziyyətə və qarşıdakı perspektivlərə dair hesabatına görə, 2020-ci ildə dünya ÜDM-i 4,3 faiz azalıb. Bu ziyanı yumşaltmaq üçün hökumətlər vəsait ayırır, mərkəzi banklar pul verir, lakin nə qədər qəribə də olsa, yalnız bu bəlanın yayılmağa başladığı Çin koronavirusun yayılmasını tez bir zamanda cilovlayaraq artıq yaydan normal həyata qayıtmaqla iqtisadi tənəzzüldən də yayınmağı bacardı.

Bununla yanaşı, OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) proqnozuna görə, dünya ÜDM-i cari ildə 4,2 faiz, gələn il isə 3,75 faiz artmalıdır. Bu artımın mühüm əmili də Çində gözlənilən böyük iqtisadi böyümə olacaq. Eyni zamanda dünyanın əsas iqtisadi güclərin artım sürəti arasında xeyli fərq olacaq. Belə ki, 2021-ci ildə ÜDM ABŞ-da 3,2 faiz, avrozonada 3,6 faiz, Çində isə 8 faiz artacaq.

Beynəlxalq Valyuta Fondu (IMF) son hesabatında cari ildəki dünya ÜDM-inin artımına dair proqnozu oktyabr ayındakına nisbətən hətta 0,3 faiz artırıb 5,5 faizə çatdırdı. 2022-ci ildə isə 4,2 faiz artım olacağı güman edilir. Hərçənd IMF artımın cari ilin ikinci yarısında baş verəcəyini, “bir neçə böyük iqtisadiyyatda əlavə dəstək tədbirləri və bu il peyvəndləmə nəticəsində işgüzar fəaliyyətinin daha sonra artacağına dair gözləntilər” olduğu diqqətə çatdırılır. Belə ki, IMF-in qənaətincə, bu il iqtisadi cəhətdə inkişaf etmiş ölkələrdə artım 4,3 faiz, o cümlədən 5,1 faiz, avrozonada 3,6 faiz səviyyəsində, təşəkkül mərhələsində olan bazara malik və inkişaf edən ölkələrdə isə 6,3 faiz, o cümlədən Hindistanda 11,5 faiz, Çində 8,1 faiz olacaq.

Hamının hesablaşdığı daha bir nüfuzlu maliyyə təsisatı olan Dünya Bankı (DB) da bu il dünya iqtisadiyyatının dirçələcəyinə şübhə etmir. DB-nın rəyinə görə, koronavirusa qarşı peyvəndləmə geniş miqyasda davam edəcəyi şərtilə bu il artım 4 faiz, həmin şərt yerinə yetirilməsə, 1,6 faiz ola bilər.

“İqtisadiyyatın dirçəlişini dəstəkləmək üçün hökumətlər həmçinin dayanıqlı iqtisadi artımı dəstəkləyən və dövlət dəstəyinə nisbətən az bağlı olan sərmayə fəaliyyətləri üçün şərait yaratmalıdır”, - DB-nin hesabatında vurğulanır.

Həmçinin nüfuzlu reytinq agentlikləri də cari ilə dair bütövlükdə nikbin olan proqnozlarını açıqlayıblar. Belə ki, “S&P Global Ratings” agentliyinin qənaətincə, 2021-ci ildə dünya ÜDM-i 5,9 faiz, “Fitch Ratings”in qənaətincə 5,3 faiz artacaq.

Ehtimallar

Beləliklə, cari ilə dair proqnozlar bütövlükdə nikbinliyə köklənibsə də, pandemiya davam edir. Bununla belə sadalanan beynəlxalq maliyyə təsisatların proqnozlarında xata faizinin az olması da məlumdur. Deməli, həmin proqnozların təməlində sadəcə ümiddən daha ciddi mülahizələr yatır. İqtisadi proqnozlarda əsas götürülən bir sıra mühüm amillər var. Əvvəla, ABŞ-ın yeni hökumətinin Çinlə ticarət müharibəsinə son qoyacağına dair ehtimallar nəzərə alınsa, Çində iqtisadi artımın davam edəcəyi qeyd olunur. Belə ki, Bayden administrasiyası Çindən idxal olunan mallara dair Donald Trampın vaxtında tətbiq edilmiş gömrük rüsumları məsələsinə yenidən qayıtmaq niyyətindədir. Bu məsələnin həll olunması bütün dünya ticarətinə və dünyada tələbata təsir göstərəcək.

IMF-in proqnozuna görə, dünya ticarətinin həcmi 2021-ci ildə 8,1 faiz, 2022-ci ildə 6,3 faiz artacaq. Ümumdünya Ticarət Təşkilatının qənaətincə, 2021-ci ildə bu göstərici 2020-ci ilə nisbətən 7,2 faiz artmalıdır.

Bununla yanaşı, maliyyə alətləri vasitəsilə inkişaf etmiş ölkələrdə 2020-ci ildə pik nöqtəsinə çatmış büdcə kəsirinin bir qədər azalacağı güman edilir, həmçinin ABŞ və Avropa İttifaqında yeni maliyyə alətləri də ortaya çıxarıla bilər. Pandemiyanın ötən ilki ehtimallara nisbətən daha uzun və dalğavari gedişatı nəzərə alınsa, sadalananların ehtimalı daha da artır. Belə ki, peyvəndləmənin geniş vüsət alması ilə avrozonada iqtisadi dirçəliş cari ilin ikinci yarısında gözlənilir. Bu barədə FT-nin dindirdiyi ekspertlər 4,3 faizlik, Avropa Mərkəzi Bankı isə 3,9 faizlik artım gözləyir. Lakin pandemiyanın fəsadları hələ uzun müddət özünü büruzə verəcək, iqtisadiyyatın böhrandan əvvəlki səviyyəyə 2022-ci ilin ortalarında, yaxud hətta 2023-cü ildə qayıdacağı güman olunur.

İqtisadi artıma təkan verəcək daha bir amil yeni texnologiyalardır. Belə ki, məhz pandemiya rəqəmli texnologiyaların yeni nəslinin hazırlanması və tətbiqi üçün başlıca hərəkətverici qüvvə oldu. Məsələn, Çində 5G rabitə şəbəkələrinin tətbiqi böhrana qarşı öncül tədbirlərdən biri olaraq qəbul edilir. Bu ölkədə rəqəmli infrastruktura ildə 600 milyard ABŞ dollarınadək vəsait sərf olunacaq.

Nəhayət, nə qədər qəribə görünsə də, dünya ÜDM-inin artımına təkan verən elə koronavirusun özü olacaq. “RAND Corporation”un ekspertlərinə görə, koronavirusa qarşı səmərəli dərmanların tapılması dünya iqtisadiyyatına 3,4 trilyon ABŞ dolları həcmində gəlir gətirəcək ki, bu da dünya ÜDM-nin 4 faizi deməkdir. Bununla belə “dərman millətçiliyi”nin də iqtisadi fəsadları ildə 1 trilyon dollardan artıq həcmdə dəyərləndirilir.

Beləliklə, son illər, onsuz da, bir çox problemlərlə üzləşən dünya iqtisadiyyatı üçün hazırkı koronavirus pandemiyası bir tərəfdən kəskin böhran amili, digər tərəfdən isə dünya ÜDM-inin artmasına təkan verir. Necə deyərlər, şər deməsən xeyir olmaz.

Qulu Nuruyev - ekspert

Son xəbərlər

Orphus sistemi