Nigerə hərbi müdaxilə planı: Fransanın müstəmləkə siyasəti iflasa uğrayır - ŞƏRH

Nigerə hərbi müdaxilə planı: Fransanın müstəmləkə siyasəti iflasa uğrayır - ŞƏRH Fransanın on illərdir davam edən müstəmləkə siyasəti süqutunu yaşayır. Son illər bu çöküş özünü daha qabarıq formada büruzə verməkdədir. Keçmiş müstəmləkələrdə yaşananlar da bunu deməyə əsas verir. Fransa nəzarəti altında olan elə dövlət, elə xalq yoxdur
Analitika
12 Sentyabr , 2023 12:10
Nigerə hərbi müdaxilə planı: Fransanın müstəmləkə siyasəti iflasa uğrayır - ŞƏRH

Fransanın yüz illərdir davam edən müstəmləkə siyasəti iflasa uğramaq üzrədir. Son illər bu çöküş özünü daha qabarıq formada büruzə verir və keçmiş müstəmləkələrdə yaşananlar bunu təsdiqləyir. Fransanın nəzarəti altında olan elə dövlət, elə xalq qalmayıb ki, etirazını, nifrətini bildirməsin. Rəsmi Paris də bütün bunlara rəğmən kolonial siyasətindən əl çəkmək istəmir, əksinə, bu siyasətini daha da gücləndirir.

Sözügedən dövlət keçmiş koloniyaları üzərində bu yolla nəzarətini saxlamağa çalışır. Nəzarətlə yanaşı, onları diskriminasiyaya məruz qoyur. Keçmiş metropoliyalarında baş verənləri fərqli formada təqdim edir, kolonial siyasətinə qarşı çıxış edənləri qiyamçı adlandırır. Bu da gözlənildiyi kimi, əks effekt verir, keçmiş müstəmləkələrdə antifransız əhvali-ruhiyyəni pik həddə çatdırır. Görünən odur ki, cari ilin iyul ayında Bakıda Qoşulmama Hərəkatına üzv dövlətlərin toplantısında qəbul edilən Bakı Bəyannaməsi ilə Fransanın antikolonial fəaliyyətinə qarşı etirazlar, çıxışlar geniş vüsət almaqdadır. Qeyd edək ki, məhz həmin toplantıda ilk dəfə Fransanın müstəmləkə, irqi ayrı-seçkilik siyasəti iştirakçı dövlətlərin nümayəndələri tərəfindən sərt tənqid olundu. Tədbirdən keçən müddətdə baş verən xeyli dəyişikliklər də bu qənaəti möhkəmləndirir. Həm Fransa daxilində, həm də xaricində hakimiyyətə qarşı tənqidlər səngimir.

Yeri gəlmişkən, son vaxtlar Nigerdə baş verənlər Fransa üçün ölüm-dirim məsələsinə çevrilib. Bu Afrika ölkəsində baş verən qiyamdan sonra fransız hərbi kontingentin çıxarılması məsələsi gündəmə gəlsə də, Fransa geriyə addım atmaq istəmir. Özü də qiyamçılar yalnız Fransa hərbçilərinin ölkəni tərk etməsini tələb edirlər ki, bu da prezident Emmanuel Makron hökumətini özündən çıxarır. Çox güman ki, Nigerdə Rusiyanın nüfuzunun artması, mövqelərini gücləndirməsi Parisi bu ölkəyə qarşı mövqeyini sərtləşdirməyə vadar edib. Makron hakimiyyətinin Cənubi Qafqazda aktivləşməsi də bununla bağlıdır. Fransa artıq hər vəchlə Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışır, müvafiq planını da işə salıb. Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi son bəyanatlar da bu qənaəti gücləndirir. Onun Rusiya əleyhinə yönələn bəyanatları, Qarabağla bağlı riyakar mövqe dəyişikliyinin səbəbini da məhz Fransada axtarmaq gərəkdir. Beləliklə, Rusiya və Fransa arasında yaxın müddətdə bu istiqamətdə gərginliklərin davam edəcəyini gözləmək olar.

Nigerin Fransa üçün həyati əhəmiyyət kəsb etdiyi faktdır və bunu sonuncu açıq ifadə edir. Fransa prezidenti G20 ölkələrinin sammitində hər kəsi şoka salan bəyanatı ilə də bunu təsdiqləyib. Nigeri tərk etmək fikrində olmadıqlarını və bu məsələni yalnız devrilən prezident Məhəmməd Bazumla müzakirə etmək istəyini dilə gətirib. Makronun bu ölkəyə hərbi müdaxilə planının reallaşa biləcəyi də gündəmə gəlib. Fransa lideri Bazumun azad edilməsini və konstitusion qayda-qanunların bərpasını tələb etsə də, qiyamçılar buna əməl etməyəcəklərini bildiriblər. Əgər Fransa lideri müdaxilə addımı atarsa, o zaman bölgəni yeni fəlakətə sürükləyəcəyi şəksizdir. Bu, həm də o deməkdir ki, Əlcəzair, Ruanda və digər bölgələrdə yaşanan soyqırımı və qanlı toqquşmalar təkrarlana bilər. Qiyamçıların legitimliyini qəbul etməyən Makronun bu məsələni BMT müstəvisində həllinə deyil, təkbaşına həll etmək istəyi öz maraqlarından irəli gəlir. Hər hansı bir beynəlxalq müzakirə aparılmadan birbaşa hərbi müdaxilədən dəm vuran Makron başa düşür ki, beynəlxalq sülhməramlı missiya və yaxud hərbi kontingent onun bu ölkədəki mövqelərinin itirilməsinə gətirib çıxaracaq. O səbəbdən də Nigerə hərbi müdaxilə ilə hədələyir. Legitim prezident kimi də ancaq Məhəmməd Bazumu gördüyünü deyir.

Niger hakimiyyəti də artıq müdaxiləyə hazırdır. İndi Parisin bu ölkəyə neokolonializm stilində hərbi müdaxilə etmək planı geniş müzakirə olunur. Fransa birbaşa iştirakını hələ ki istisna etsə də, Nigerə hərbi müdaxilə planını reallaşdırmaq üçün EKOVAS-dan (Qərbi Afrika İqtisadi Cəmiyyəti) istifadə variantını irəli sürəcəyi vurğulanır. 15 Afrika dövlətinin daxil olduğu təşkilatın hərbi qüvvələri də mövcuddur. Qiyamçılar da bu qurumu fransızların əlaltısı adlandırır. Bütün bunlara rəğmən Fransa hərbi müdaxilə planını gerçəkləşdirmək üçün artıq konkret fəaliyyətə keçib. Qiyamçıların yaydıqları xəbərlərə görə, son günlər bir neçə qonşu ölkənin ərazisində hərbi texnika, təyyarə və helikopterlər yerləşdirilib. İstisna deyil ki, bu texnika Afrika ölkələrində yerləşdirilən fransız hərbi kontingenti üçün gərəkdir.

Bir faktı da qeyd edək ki, Nigerin itirilməsi Fransanın nüfuz və təsirinə deyil, həm də iqtisadiyyatına ciddi zərbə vuracaq. Hərbi bazalar, Fransa atom sənayesi üçün zəruri olan uran məhz bu ölkədədir. Hakimiyyəti ələ keçirən qüvvələrin Fransanı ölkə ərazisini tərk etmək tələbləri digər Afrika ölkələri üçün nümunə ola bilər. Onilliklərdir ki, Fransa özünün keçmiş koloniyalarında istədiyini edir, rejimləri dəyişir, insan hüquq və azadlıqlarını arxa plana keçirir. Faktiki olaraq diktator idarəetmə ilə bu ölkəni çapıb talayıb. Məsələn, yerli işçi qüvvəsindən istifadə etməklə fransız korporasiyaları uran filizini kiloqramı 0,8 avroya alıb. Niger dünyadakı uranın beş faizini istehsal edir, Fransadan əlavə, ABŞ, Çin və Avropa ölkələrinə tədarük edilir. Yeni hakimiyyətin artıq xarici alıcılar üçün uranın satış qiymətinin, kiloqramının 200 avro olacağını açıqlaması isə Fransa hökumətinə xoş gəlməyib.

Bəs, Fransanın mümkün hərbi müdaxiləsi hansı nəticələrə gətirib çıxara bilər? Birincisi, bu, onun nüfuzuna ciddi zərbə vurmuş olacaq. İkincisi, antifransız əhvali-ruhiyyə daha da güclənə bilər. Əksinə, Fransa müvəqqəti uğur qazana və mövqelərini bərpa edə də bilər. Lakin bu, onun üçün "Pirr qələbəsi" olar.

Son xəbərlər

Orphus sistemi