Neft qiymətlərini yenidən geriləmə gözləyir - İCMAL

Neft qiymətlərini yenidən geriləmə gözləyir - İCMAL Neft hasilatının artması qiymətləri 30-40 dollar/barel diapazonuna sala bilər
Analitika
2 May , 2016 13:10
Neft qiymətlərini yenidən geriləmə gözləyir - İCMAL

Bakı. 2 may. REPORT.AZ/ WTI (Texas nefti) və "Brent" neft markaları arasında qiymət fərqi yenidən 1,3 ABŞ dollarına qədər azalıb və yaxın günlərdə bunun minimuma enməsi gözlənilir. "Report" xəbər verir ki, ABŞ-da aktiv neft buruqlarının sayının aprelin 22-29-da daha 11 ədəd və ya 3,2% azalaraq 332 ədədə qədər azalması Amerika neftinin qiymətinin yüksəlməsinə səbəb olub. Bu barədə "Baker Hughes" şirkətinin hesabatında bildirilib. 

Aprel ayında ABŞ-da gündəlik neft hasilatı 9 mln. barel həddindən aşağı enib. Əksinə, "Brent" markalı neftin hasil olunduğu bölgələrdə isə hasilatın artması ilə bağlı məlumatlar açıqlanıb. Belə ki, İraqın gündəlik neft hasilatı apreldə 3,36 mln. barel təşkil edib və 2015-ci ilin noyabr ayındakı 3,365 mln. barel/gün rekord həddinə yaxınlaşıb. Qeyd edək ki, bu göstərici İraqın şimal hissəsində hasil olunan neft həcmini özündə əks etdirmir. Bununla yanaşı, Liviyada da hasilatın artırılması istiqamətində işlərin aparılması barədə xəbərlər açıqlanıb. Əsas neft hasilatçısı olan Səudiyyə Ərəbistanı isə iqtisadiyyatın 2020-ci ilə qədər neftdən asılılığının minimuma endirilməsi üçün hazırladığı proqramda neftin baza qiymətini 30 dollar/bareldən götürüb. Bu isə Səudiyyə Ərəbistanının yaxın gələcəkdə neft hasilatını artra biləcəyini göstərir. Nəticədə "Brent" markalı neft son iki iş günündə 1,70 dollar/barel və ya 3,5% ucuzlaşaraq 46,8 dollar/barelə kimi geriləyib.

"Report"un analitik qrupu hesab edir ki, neft qiymətləri 50 dollar/barelin üzərinə çıxdıqdan sonra yenidən geriləyəcək. Belə ki, "The Wall Street Journal"a görə, neft qiymətlərinin son aylarda önəmli dərəcədə, təxminən 79% artması ABŞ-da aktiv neft buruqlarının yenidən işə düşməsinə səbəb ola bilər. Neft qiymətlərinin 40-50 dollar/barel diapazonunda qalması halında ABŞ neftinin qiyməti "Brent"in qiymətini keçə bilər. Neft qiymətləri 50 dollar/bareli keçərsə, ABŞ-ın neft hasilatını artırması nəticəsində qiymətlərin 30-40 dollar/barel diapazonuna qədər kəskin azalması proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi