Bakı. 27 iyul. REPORT.AZ/ "Brent" markalı neftin qiymətinin dalğalandığı dəhlizin aşağı həddi 44 dollar/barel səviyyəsində müəyyən edilib. "Report"un analitik qrupu bildirir ki, 2016-cı il yanvar ayının 18-də 28 dollar/barel səviyyəsinə qədər geriləyən "Brent", daha sonra təxminən bir il ərzində 2,15 dəfə artaraq, cari ilin yanvarın ilk iş günü 58,37 dollar/barelə qədər yüksəlib. Xatırladaq ki, "Brent" markalı neft 2008-ci ilin iyul ayında 147,50 dollar/barel ilə tarixi rekord həddə çatıb.
Cari ilin yanvar ayında son 18 ayın maksimal səviyyəsinə çatan qiymətlər ABŞ-da şist neft hasilatının artmasına səbəb olub. ABŞ-da neft qiymətlərinin bərpa olması ilə aktiv neft quyularının sayı 2,4 dəfə artaraq 764 ədədə, neft hasilatı isə son iki il ərzində 1 mln. barel/gün və ya 12% artaraq 9,4 mln. barel/günə çatıb. Bu məlumatı ABŞ-ın "Baker Hughes" şirkəti tərəfindən verilib. ABŞ-da hasilatın artması neft qiymətlərinin yenidən düşməsi ilə nəticələnib. İyun ayının 21-də 44,35 dollar/barelə qədər geriləyən qiymətlər ABŞ-da aktiv neft quyularının sayında və neft hasilatında səngiməyə gətirib çıxarıb. Belə ki, son 4 həftə ərzində ABŞ-da aktiv neft quyularının sayı 2 hesabat həftəsində azalma, bir həftə ərzində isə sabitlik göstərib. Neft hasilatı isə ötən həftə 19 min barel/gün və ya 0,2% azalaraq 9,410 mln. barel/günə geriləyib. Həmçinin, ötən həftə ABŞ-ın neft ehtiyatları 7,2 mln. barel azalıb.
"Report"un analitik qrupu bildirir ki, 44 dollar/barel səviyyəsi ABŞ-da şist neft hasilatının yumşaq azalma göstərməsi üçün optimal səviyyə kimi qəbul edilə bilər. Hazırda "Brent" markalı neft 51 dollar/barelə yüksələrək qiymət dəhlizinin üst həddinin axtarışındadır. Bundan sonra qiymətlərin sabitləşməsi müşahidə olunacaq. Analitik qrup bu səviyyənin təxminən 47-48 dollar/barel diapazonunda olacağını proqnozlaşdırır.