Bakıda NATO-Rusiya danışıqları - beynəlxalq münasibətlərin tənzimlənməsinə Azərbaycanın töhfəsi - ŞƏRH

Bakıda NATO-Rusiya danışıqları - beynəlxalq münasibətlərin tənzimlənməsinə Azərbaycanın töhfəsi - ŞƏRH Heç şübhəsiz, bu görüşün yenidən Bakıda keçirilməsinin bir sıra üstünlükləri var
Analitika
11 İyul , 2019 10:33
Bakıda NATO-Rusiya danışıqları - beynəlxalq münasibətlərin tənzimlənməsinə Azərbaycanın töhfəsi - ŞƏRH

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yürütdüyü xarici siyasətin doğru olduğu bir daha təsdiqlənir. 

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin Bakıya sonuncu işgüzar səfərləri də belə deməyə ciddi əsas verir. Generallar iyulun 10-da Prezident İlham Əliyevin qəbulunda olublar, Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparıblar. Daha sonra V.Gerasimov və T.Uolters arasında görüş olub.  

Bu, Rusiya və NATO rəsmilərinin Azərbaycan paytaxtında ilk görüşü deyil. Alyansa üzv dövlətin təmsilçisi ilə Rusiyanın hərbi rəsmisi arasında ilk görüş 2017-ci ilin fevral ayında olub. Onda Valeri Gerasimov ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahlar rəisi, general Cozef Danford ilə görüşmüşdü. Həmin il sentyabrın 7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin sədri Petr Pavellə Bakıda görüş keçirib. 2018-ci il aprelin 19-da Valeri Gerasimov Azərbaycan paytaxtında NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının baş komandanı Kertis Skaparotti ilə görüşüb. Ötən görüşlərlə bağlı yayılan məlumatlara görə, tərəflər mövcud vəziyyətə dair məsələləri müzakirə edib. Həmin görüşlərdə hərbi rabitə xətlərinin dəstəklənməsinə qarşılıqlı marağın olduğu vurğulanıb. Ötən görüşlərdən birində Valeri Gerasimov NATO-nun Rusiya sərhədləri yaxınlığında mövcudluğunun artmasını qeyd edərək bu istiqamətdə gərginliyin azalması istiqamətdə şəraitin yaraılmasını diqqətə çatdırmışdı.

Yeri gəlmişkən, alyansla Rusiya arasında mülki və hərbi sahə üzrə əməkdaşlıq tamamilə dayandırılıb. Bunu cari ilin aprelində Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirmişdi. Onun sözlərinə görə, əməkdaşlıq NATO-nun təşəbbüsü ilə dayandırılıb. A.Qruşko deyib ki, münasibətlərdə yaranmış böhranlı vəziyyətdən çıxış üçün NATO-nun heç bir planı yoxdur. Nazir müavini qeyd edib ki, rəsmi Moskva Şimali Atlantika Alyansı ilə yarana biləcək hərbi münaqişədən yayınmağı bacaracaq. O, hərbi blokla Rusiya arasında münaqişənin bəşəriyyət üçün fəlakət ola biləcəyini vurğulayaraq vurğulamışdı ki, NATO-nun hərbi xərcləri Rusiyanın hərbi büdcəsindən 22 dəfə çoxdur. 

Əslində, bir-biri ilə əməkdaşlığı dayandıran iki tərəfin Bakıda yenə görüşməsi həm də Azərbaycana verilən əhəmiyyət, onun tərəflərə münasibətinin göstəricisinin nəticəsidir. Heç şübhəsiz, bu görüşün yenidən Bakıda keçirilməsinin bir sıra üstünlükləri var. Təbii ki, tərəflər də həmin özəlliyə görə Azərbaycan paytaxtını münasib biliblər. Bu üstünlüklər hansıdır? Azərbaycanda başqa dövlətin qoşunu yoxdur. Bu baxımdan neytrallığını qoruyub. Azərbaycan Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmadığından qarşı tərəf üçün Rusiyanın hərbi cəhətdən təsir dairəsinə daxil deyil. Azərbaycan NATO-ya üzv deyil və alyansın Azərbaycanla münasibəti daha çox əməkdaşlıq səviyyəsindədir. Cənubi Qafqazdakı qonşularla müqayisədə Azərbaycanın tutduğu bu mövqe isə Rusiyanı qane edir. Bu tədbirin bir sıra səbəblərdən keçmiş SSRİ-nin başqa respublikalarında da keçirilməsi mümkünsüzdür. Çünki onlar ərazisində danışıqlar aparmaq müəyyən mənada NATO və Rusiya ərazisi sayıla bilər.

Əlbəttə, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin səbəblərindən biri də Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji, nəqliyyat dəhlizləri layihələri ilə bağlıdır. Bu, onun beynəlxalq aləmdə statusunu və mövqeyini daha da möhkəmləndirib. Heç şübhəsiz, Bakının belə mühüm görüşlərə ev sahibliyi etməsi həm də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətin nəticəsi, onun şəxsi nüfuzu, dövlətin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır.

Nəhayət, görüşün keçirilməsində Bakının seçilməsi deməyə əsas verir ki, beynəlxalq hərbi birliklərə üzv olmasa da, Azərbaycan ABŞ, Avropa İttifaqı və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir və onların hörmət bəslədiyi dövlətdir. Bir sıra beynəlxalq layihələrin həyata keçirilməsində uğurlu iştirakı Azərbaycanın təkcə regionda deyil, daha geniş miqyasda sabitləşdirici rol oynadığının göstəricisidir. Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində atdığı addım, regionda və beynəlxalq miqyasda terrora qarşı mübarizəyə qarşı çıxması respublikanın əhəmiyyətini artıran amillərdəndir. Azərbaycanın tarixən şərqlə qərb arasında körpü rolunu oynaması onun strateji məsələlərin həyata keçməsində daşıdığı əhəmiyyətdən xəbər verir.

Beləliklə, görüşün Bakıda keçirilməsi həm də Azərbaycanın Qərb bloku ilə Rusiya arasında tutduğu mövqeyin beynəlxalq münasibətlərin tənzimlənməsinə töhfəsidir. 

Son xəbərlər

Orphus sistemi