Dünyanın diqqəti sabah-iyulun 11-də NATO-nun Vilnüsdə keçiriləcək sammitinə yönəlib. Rusiya-Ukrayna müharibəsi iclasın əsas mövzusu olsa da, İsveçin Alyansa üzvlüyü də müzakirə olunacaq məsələlər sırasındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsə yola düşməzdən əvvəl verdiyi açıqlamada da bunu təsdiqləyib. O xatırladıb ki, İsveçin NATO-ya üzvlüyü bu ölkənin öhdəliklərini yerinə yetirməsindən asılıdır. “Türkiyənin Avropa İttifaqına gedən yolunu açmaq lazımdır”, - deyən Ərdoğan bildirib ki, bu barədə sammitdə də lazımi mesajlar verəcək: “Xalqımızın bizdən gözləntisi var. Siz bizim ittifaqa gedən yolumuzu açın ki, biz də İsveçin üzvlüyünü təsdiqləyək”.
Sammitdən əvvəl ABŞ Prezidenti Cozef Bayden R.T.Ərdoğana zəng edib. Bu telefon danışığı da dünya mediasının ən çox diqqət ayırdığı məsələlər sırasına düşüb. Məlumata görə, İsveçin Alyansa üzvlüyü telefon danışığında əsas müzakirə mövzusu olub. C.Bayden Ərdoğan qarşısında İsveçin NATO-ya üzv olması tələbini qoysa da, Ərdoğan buna qarşı çıxıb. Türkiyə Prezidenti bildirib ki, İsveç PKK-ya dəstək verir, bu səbəbdən həmin ölkənin Alyansa qoşulmaq istəyi reallaşa bilməz.
“Cümhurriyet” qəzeti yazır ki, R.T.Ərdoğan prezident seçkilərində qalib gəldikdən sonra ABŞ ilə yeni mübarizə dövrünə qədəm qoyur: “İsveçin NATO-ya üzvlüyünü Türkiyənin təsdiqləmə ehtimalı çox zəif görünür. Ankara terror təşkilatlarının Türkiyəni hədəfə aldığına görə bu ölkənin üzvlüyünə hələlik razılıq verməyib”.
Məqalədə bildirilib ki, Ankara Vaşinqtondan PKK/PYD/YPG terror qruplaşmasına dəstəyi dayandırmağı tələb edir. Nəşr yazır ki, Türkiyə NATO-nun genişlənməsini dəstəkləyir: “Ukrayna Prezidenti Volodimir Zelenskinin sammitdən əvvəl İstanbula səfəri zamanı Ukraynanın NATO üzvlüyünə tam dəstək verməsi də buna misaldır. Lakin Türkiyənin Alyansdan əsas tələbi YPG ilə bağlıdır. Ankara ABŞ-ın YPG-ni maliyyələşdirməsini və onlara hərbi təlim keçməsini qəbul etmir”.
Amma adıçəkilən terror təşkilatını yalnız Vaşinqton dəstəkləmir. PKK/PYD/YPG tərəfdarları İsveçdə sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirirlər. Bu ölkənin hökuməti isə nəinki buna mane olur, əksinə dəstək göstərir. Ankara hesab edir ki, bu da İsveçin NATO-ya üzv olması ilə bağlı atılan addımlarını puça çıxarır.
İki ölkə liderinin telefon danışığından əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında da telefon danışığı olub. Tərəflər iyulun 11-də başlayacaq NATO sammitini və İsveçin Alyansa üzvlüyünü müzakirə ediblər.
Türkiyə mediasında yer alan xəbərlərə görə, R.T.Ərdoğan və İsveçin Baş naziri Ulf Kristersson Alyansın sammitindən əvvəl danışıqlar aparacaq. İki ölkə liderlərinin görüşü Vilnüsdə baş tutacaq. Stokholmun Türkiyənin İsveçin Alyansa qəbulu ilə bağlı vetosunun aradan qaldırılması istiqamətində ən azı məhdud irəliləyiş əldə etmək üçün son səy göstərəcəyi gözlənilir. Qeyd edək ki, keçən həftə Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri, kəşfiyyat rəhbərləri və təhlükəsizlik müşavirlərinin iştirakı ilə görüş də keçirilib.
Görünən odur ki, hər halda Vilnüs sammitində İsveçin üzvlüyü məsələsi müzakirə olunan məsələlər sırasında olacaq. Lakin Türkiyənin İsveçlə bağlı tələbi də diqqətdən kənarda qalmayacaq. Ankaranın tələbində israrlı olduğu xüsusi vurğulanır.