"Nala-mıxa vuran" ABŞ səfiri - Ağ evin Cənubi Qafqaz siyasəti faş olub - ŞƏRH

"Nala-mıxa vuran" ABŞ səfiri - Ağ evin Cənubi Qafqaz siyasəti faş olub - ŞƏRH ABŞ-nin Bakıdakı səfiri Mark Libbi bu günlərdə Azərbaycanın İctimai televiziyasına geniş müsahibə verib. Hərçənd buna nə qədər müsahibə demək mümkündürsə. Belə ki, diplomat, demək olar, bütün suallardan yayınıb. O, hətta konkret faktları belə qəbul etmək
Analitika
26 Avqust , 2024 13:07
Nala-mıxa vuran ABŞ səfiri - Ağ evin Cənubi Qafqaz siyasəti faş olub - ŞƏRH

ABŞ-nin Bakıdakı səfiri Mark Libbi bu günlərdə Azərbaycanın İctimai televiziyasına geniş müsahibə verib. Hərçənd buna nə qədər müsahibə demək mümkündürsə. Belə ki, diplomat, demək olar, bütün suallardan yayınıb. O, hətta konkret faktları belə qəbul etməkdən çəkinib.

Səfir jurnalistin ortaya qoyduğu konkret faktları, o cümlədən rəsmi məlumatları təkzib edib. Məsələ ondadır ki, diplomat ABŞ-nin Ermənistanı silahlandırmaması, Cənubi Qafqaz regionunda sülh istəməsinə dair heç bir konkret dəlil göstərməyib. Halbuki onun yalan danışdığını, qeyri- səmimi olduğunu təsdiqləyən xeyli fakt var.

Ən sadə suallar bunlardır: Rəsmi Vaşinqton sülh istəyirsə, niyə 30 il keçmiş Minsk Qrupunun həmsədri kimi sülhə töhfə verməyib? Nə üçün Ağ ev Azərbaycanın haqlı tələbənin yerinə yetirilməsinə, Ermənistanın konstitusiyasını dəyişərək ərazi iddialarından imtina etməsinə kömək etmir?

İkinci bir tərəfdən, ABŞ-nin bu gün Ukraynada, Yaxın Şərqdə etdikləri bir daha onu deməyə əsas verir ki, müxtəlif regionlarda xaos yaratmaq və beləliklə, həm silah satışını təmin etmək, həm də təsir imkanlarını artırmaq Vaşinqtonun xarici siyasət kursunun əsasını təşkil edir.

Bundan başqa, ABŞ-nin Ermənistana hərbi təlimlər keçməsi barədə sualdan yayınan diplomat belə bir məsələnin olmadığını iddia edir. Halbuki rəsmi İrəvan özü də Vaşinqtonla hərbi əməkdaşlığın güclənməsini etiraf edir. Deməli, ya M.Libbinin öz ölkəsindən və regionda baş verənlərdən xəbəri yoxdur, ya da o, sadəcə olaraq yalan danışır. Çox güman, ikincidir. Çünki ABŞ səfiri ölkəsinin Ermənistanı silahlandırmasını etiraf edə bilməzdi. Bu, rəsmi Vaşinqtonun regional xarici siyasətinin ifşa olunması demək idi.

M.Libbi müsahibəsində deyib ki, ABŞ və Azərbaycan münasibətləri kifayət qədər yaxşıdır və iki ölkə müxtəlif sahədə əməkdaşlıq edir. Əlbəttə, rəsmi Bakı məhz bunun tərəfdarıdır. Azərbaycan bütün dövlətlərlə əməkdaşlığın inkişafında maraqlıdır. Amma yenə də yada yuxarıdakı suallar düşür: maraqlıdır, ABŞ Azərbaycanın maraqlarını nəzərə alırsa, onda niyə forpostuna çevirmək istədiyi Ermənistana konstitusiya dəyişikliyi ilə bağlı təsir etmir? Axı bu, indi sülh sazişinə mane olan əsas amildir. Üstəgəl, Vaşinqton yaxşı başa düşür ki, İrəvan “onun sözündən çıxmır”. Deməli, ABŞ asanlıqla Ermənistanın konstitusiya dəyişikliyinə öz dəstəyini verə bilər.

Maraqlıdır ki, diplomat müsahibə zamanı konstitusiya dəyişikliyi ilə bağlı suala da konkret cavab verməkdən çəkinib. O, “sülh kənardan təlqin olunmalı deyil” deməklə əsas rolun Bakı və İrəvanın oynadığını demək istəyib. Əslində bu, məntiqlidir. Təsadüfi deyil ki, ikitərəfli münasibətlərin inkişafında irəliləyiş məhz birbaşa təmaslar nəticəsində mümkün olub. Diplomat da bunu dolayı yolla olsa da etiraf etdi. Yaxşı, əgər belədirsə, niyə ABŞ regional vasitəçilik iddiasından əl çəkmir və bütün imkanları ilə bölgədə olmaq istəyir? Bu ritorik sual və onun məntiqli cavabı bir daha onu deməyə əsas verir ki, nə ABŞ, nə də onu təmsil edən M.Libbi səmimidir.

Hazırkı situasiyada görünən budur ki, ABŞ sadəcə olaraq Ermənistanın konstitusiya dəyişikliyini istəmir.

Bundan başqa, səfir ABŞ-nin Ermənistanı Rusiyaya qarşı təhrik etməsi nəticəsində rəsmi İrəvanın gələcəkdə Ukraynanın taleyini yaşaya bilməsi ilə bağlı sualdan da yayınıb.

Məsələ ondadır M.Libbi əslində kifayət qədər təcrübəli diplomatdır. O, ABŞ-nin xarici siyasət kursuna yaxşı bələddir. Səfir çox gözəl anlayır ki, rəsmi Vaşinqton təsir altına saldığı dövlətlər vasitəsilə fərqli regionlarda “suları bulandırmağı” “ bir nömrəli vəzifə” kimi seçib. Bunu anladığına görə də suallardan yayınır. Çünki deyiləsi sözü yoxdur.

Ümumiyyətlə, ABŞ-nin təkcə Cənubi Qafqaz deyil, həm də digər regionlarla bağlı mövqeyi onu deməyə əsas verir ki, bu dövlətin sözü ilə əməli xeyli dərəcədə nəinki üst- üstə düşmür, həm də bir-birini təkzib edir. Deməli, ABŞ-nin gələcəkdə Ermənistanı silahlandırmağa davam etməsi mümkündür. ABŞ Ermənistanla hərbi əməkdaşlığı inkişaf etdirməklə bu dövləti özündən asılı vəziyyətə salmaq və Rusiyanın təsirindən çıxarmaq istəyir.

Ermənistan bu gün faktiki olaraq Rusiya ilə Qərb arasında siyasi poliqona çevrilib. Bu prosesin məntiqi nəticəsi olaraq Ermənistanın gələcəkdə Ukraynanın taleyini yaşaması və hərbi poliqona çevrilməsi qətiyyən istisna deyil. Buna görə məsuliyyəti həm də ABŞ daşıyacaq. Bu, ayrı məsələdir. Daha maraqlısı isə budur: cənab səfir o zaman nə deyəcək? Yəqin, yenə də “ağzına su alıb oturacaq”.

Son xəbərlər

Orphus sistemi