Myanmada Arakan müsəlmanlarının qətliamı - 70 illik vəd yerinə yetirilmir - ŞƏRH

Myanmada Arakan müsəlmanlarının qətliamı - 70 illik vəd yerinə yetirilmir - ŞƏRH Bu, ölkədə yüz ildən çoxdur dəbdə olan “ingilis barmağının” qaldığı görünür
Analitika
7 Sentyabr , 2017 13:43
Myanmada Arakan müsəlmanlarının qətliamı - 70 illik vəd yerinə yetirilmir - ŞƏRH

Bakı. 7 sentyabr. REPORT.AZ/ Dünyanın başı terrorçu İŞİD qruplaşmasına, müstəqil dövlətlərin ərazisini parçalayıb, onların yerində yenisini qurmağa, İslam adı altında fəaliyyət göstərdiyi iddia edilən müxtəlif silahlı dəstələrə qarışdığı bir zamanda Myanmada bir neçə gün ərzində 146 min insan müsəlman olduğu üçün öz yurdlarından didərgin salınıb.

Ancaq həmişəki kimi, Böyük Britaniyanın keçmiş müstəmləkəsi olmuş Birmadakı, Myanmadakı hakimiyyətə qarşı heç bir sanksiya tətbiq edilməyib.

BMT-nin hesabatında Myanmada müsəlmanlara qarşı insanlığa yaraşmayan cinayət törədildiyi, qətlə yetirilən arakanlıların sayının mini keçə biləcəyi bildirilib.

Myanma hakimiyyəti avqustun sonunda ölkənin qərbində ordu tərəfindən 400 müsəlman sakinin öldürüldüyünü etiraf edib. Qaçqınlar isə hakimiyyətin qətlə yetirdiklərinin sayının minlərlə olduğunu bildiriblər.

Sentyabrın 7-də rəsmi Neypido rohinca müsəlmanlarını öz vətəndaşı saymadığını bildirib. Myanma hakimiyyəti onları benqal sayaraq bildirib ki, bu müsəlmanlar qanunsuz olaraq ölkə ərazisinə keçiblər. “Vətəndaşların Myanma ərazisində yaşadıqları barədə sənəd olmalıdır və onlar bunu təqdim etdikdən sonra respublikaya buraxıla bilərlər. Bu barədə sənədi olmayanlar Myanma vətəndaşı sayılmırlar”, - Myanmanın milli təhlükəsizlik məsələləri üzrə dövlət müşaviri Txaunqa Tun bildirib.

Məlumatlara əsasən, Myanma hökuməti rohinca qaçqınlarının ölkəyə qayıtmasının qarşısını almaq məqsədi ilə qonşu Banqladeşlə sərhədə mina döşəyib.

Ötən ilin oktyabrında Myanmanın Rakhayn (başqa adı Arakan) ştatında yaşayan, İslama sitayiş edən 223 mindən çox rohinca etnik azlığının nümayəndəsi Myanmadan Banqladeşə qaçıb. Hazırda Banqladeşə Myanmadan olan yarım milyona yaxın qaçqın sığınıb.

BMT-nin baş katibi Antoniu Quterriş Rakhayn əyalətində baş verənlərdən narahatlığını bildirərək, Myanma hakimiyyətini ölkə ərazisindəki rohinca müsəlmanlarının yaşayış statusunu hüququ cəhətdən həll etməyə çağırıb. Baş katib əyalətdəki hadisələrlə bağlı Təhlükəsizlik Şurasına yazılı müraciət edərək böhranın tənzimlənməsi ilə bağlı tədbirlər görməyi təklif edib.

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Banqladeş üzrə nümayəndəsi Dipayan Bxattaçariya bildirib ki, qaçqınların sayının daha çox olacağını nəzərə alaraq, 4 ay ərzində 300 min qaçqının yüksək kalorili biskvit və düyü ilə təmin edilməsi üçün əlavə olaraq 13,3 milyon dollar vəsaitə ehtiyac duyulacaq.

Asiyanın ən qədim yaşayış bölgələrindən sayılan Myanma haqqında bəzi məlumatları da diqqətinizə çatdırmaq istərdik. 1948-ci il yanvarın 4-də Böyük Britaniyanın müstəmləkəsindən sonra müstəqil dövlət olub. 1962-ci ilədək ölkəni hərbçilər idarə ediblər. Dövlətin idarə edilməsində onların üstünlüyü indi də qalmaqdadır. 2008-ci ildə Dövlət Şurası ölkənin yeni Konstitusiyasını açıqlayıb. Bu qanunun əsas prinsipi “nizamlı, çiçəklənən demokratiya”dır. Konstitusiyaya görə, parlamentdəki deputat yerlərinin 1/4-i hərbçilərindir. İndiki dövlət başçısı Txin Çjo 2016-cı il martın 30-dan prezidentdir. O, ötən il 60 ildən çox qüvvədə olan fövqəladə hallar rejimini ləğv edib.

1989-cu ilədək ölkənin rəsmi adı Birmanlar İttifaqı Sosialist Respublikası olub. 2010-cu ildən isə Myanma İttifaq Respublikası adı ilə əvəz olunub.

Bu ölkə Hindistan, Banqladeş, Çin, Laos və Tailandla həmsərhəddir. Myanmanın sahəsi 678 min kvadrat kilometrdir.

Ölkə ərazisində müxtəlif dövlətlər olub. Onlardan biri də Arakan çarlığıdır. Arakanlar ölkəni təqribən 7 əsr idarə ediblər. Bundan başqa, monqollar da bir müddət bu dövlətin torpaqlarını nəzarətdə saxlayıblar.

Myanmadakı buddistlər hindi buddist sivilizasiyasının təsiri altındadırlar.

Myanma 7 administrativ vilayət, 7 ştat və 5 özünüidarə zonasından ibarətdir. Mövcud Konstitusiyaya əsasən, bu federasiya subyektlərinin ölkənin tərkibindən çıxması qadağandır.

Ölkə ərazisində yüzdən çox etnik qrup var. Əhalinin sayı 60 milyondan çoxdur. Arakanlılar ölkə əhalisinin 4 faizini təşkil edirlər. Əhalinin çoxu buddistdir. Myanma vətəndaşlarının 4 faizi müsəlman, 4 faizi xristiandır.

Ölkənin neft, qızıl, təbii qaz, daş kömür, mis, sink, volfram, qurğuşun, qiymətli daş-qaşlar və başqa təbii sərvəti var. Arakanda isə qalay, volfram, qurğuşun, qızıl, gümüş və digər qiymətli daş-qaş və başqa təbii sərvətlərə malikdir. 

Rohincalar ilə mərkəzi hakimiyyət arasında münaqişə on illərdir davam edir. Bunun əsas səbəbi isə Arakan ştatına vəd edilən müstəqilliyin verilməməsidir. 1940-cı illərdə Böyük Britaniya Birmaya müstəqillik verəndən sonra Rakhayna da müstəqillik verəcəyinə boyun olmuşdu. Ancaq sonradan bu vəd unuduldu.

Arakanlıların müstəqillik uğrunda mübarizəsi isə davam edir.

Mərkəzi Neypido hakimiyyəti rohinca müsəlmanlarına vəd olunan müstəqillik tələbini qarşılayıb, yaranmış vəziyyətdən çıxış yolu axtarmaqdansa, arakanlıları ölkə ərazisindən tamamilə çıxarmağa, onları qətlə yetirməyə üstünlük verir. Myanma hakimiyyətinin bəyanatından və hadisələrin inkişafından göründüyü kimi, bunun üçün bəhanə də tapılıb – “Arakan müsəlmanları İslam ekstremistləridir” və onlara məxsus Rakhayn ştatında “qanunsuz silahlar yerləşdirilib”. Rohincalar isə İslamı X əsrdə qəbul ediblər. Myanmanın yerli əhalisi sayılan bu etnik qrup ölkənin başqa vətəndaşlarından fərqli mədəniyyətə malikdir. Onların bir yerdə yaşamasına isə daha çox hakimiyyətin mane olduğu görünməkdədir.

Beləliklə, Myanmanın Böyük Britaniya müstəmləkəsindən azad olunması uğrunda mübarizə aparmış arakanlılar 70 il əvvəl vəd olunan müstəqilliyi istəyirlər. Hakimiyyət isə onların bu qanuni və vəd olunan istəyini ləkələyir, dinc sakinlərə divan tutur. Ona görə də Myanmadakı hadisələrlə bağlı belə qənaətə gəlmək olar ki, bu ölkədə yüz ildən artıqdır mövcud olan “ingilis barmağının” qaldığı görünür. Təəssüf ki, dünyanın aparıcı gücləri Myanma müsəlmanları qarşısında götürdüyü öhdəliyi nə yerinə yetirir, nə də onlara qarşı törədilən qətllərin qarşısını almağa səy göstərir.

Son xəbərlər

Orphus sistemi