Müstəmləkəçiliyə qarşı əzmli mübarizə: Bakıda Boneyra adası ilə bağlı keçirilən tədbirin mahiyyəti - ŞƏRH

Müstəmləkəçiliyə qarşı əzmli mübarizə: Bakıda Boneyra adası ilə bağlı keçirilən tədbirin mahiyyəti - ŞƏRH Müasir dövrdə bir çox dövlətin mövcudluğu, xarici siyasət kursu müstəmləkəçilik üzərində qurulub. Xüsusilə Qərb dövlətləri dünyanın fərqli regionlarında daha zəif aktorlara təsir edərək onları özlərindən asılı vəziyyətə salırlar. Tarixi təcrübə göstərir k
Analitika
23 Avqust , 2024 14:43
Müstəmləkəçiliyə qarşı əzmli mübarizə: Bakıda Boneyra adası ilə bağlı keçirilən tədbirin mahiyyəti - ŞƏRH

Müasir dövrdə bəzi dövlətlərin mövcudluğu, xarici siyasət kursu müstəmləkəçilik üzərində qurulub. Xüsusilə, Qərb dövlətləri dünyanın fərqli regionlarında zəif iqtisadi və siyasi gücə sahib ölkələri təsir dairələrinə salaraq özlərindən asılı vəziyyətə qoyurlar. Tarixi təcrübə göstərir ki, bu, adətən iqtisadi asılılıqla başlayır. Daha sonra digər yumşaq güclər, o cümlədən təhsil, din, mədəniyyət alətləri vasitəsilə müstəmləkəçilik güclənir. Beləliklə, iri dövlətlər həmin bölgələrdə təsir imkanlarını gücləndirirlər.

Azərbaycan həmişə işğalçılığa, müstəmləkəçiliyə qarşı mübarizə aparıb. Bu, rəsmi Bakının bugünkü xarici siyasət kursunun əsas istiqamətlərindəndir. Birincisi ona görə ki, Azərbaycan otuz il ərzində işğalçılığa, haqsızlığa məruz qalıb və səsinin eşidilməsi üçün mübarizə aparıb. Əlbəttə, belə olan halda indi Azərbaycan da haqsızlığa məruz qalanın yanında olmalıdır.

İkincisi, Azərbaycanın artan nüfuzu onun müstəmləkəçiliyə, haqsızlığa qarşı mübarizə aparmasına şərait yaradır. Bu gün rəsmi Bakı ilə, demək olar, bütün dünya dövlətləri hesablaşır. Bu isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan müstəmləkəçiliyə məruz qalan dövlətlərin yanında olmaq, onların haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına dəstək vermək iqtidarındadır.

Bu kontektsdən atılan növbəti addımlardan biri avqustun 22-də Azərbaycanda Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans idi.

“Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Bonayre xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland, BMT və digər beynəlxalq və regional təşkilatlarının rəsmiləri və vəzifəli şəxsləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak etdilər. Konfransda Niderlandın əsarəti altında olan Boneyra xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi imkanlar müzakirə olundu.

Yeri gəlmişkən, qeyd edək ki, tədbir Boneyra xalqının gələcək tarixi üçün çox mühüm bir hadisə ərəfəsində keçirildi. Tədbirdən bir neçə həftə sonra Bonayre adasının BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına qətnamə layihəsinin təqdim edilməsi planlaşdırılır. Hazırkı konfransın əsas məqsədlərindən biri də həmin qətnaməyə beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsidir.

Boneyra xalqı üçün belə bir tarixi əlamətdar hadisə ərəfəsində azadlıq uğrunda mübarizə aparan şəxslərin məhz Azərbaycana toplaşması ölkəmizin dekolonizasiya sahəsində dünyanın əsas mərkəzlərindən birinə çevrilməsini təsdiq edir. Bu, həm də ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində dekolonizasiya prosesinə verdiyi töhfələrin, uğurlu lokomotiv rolunun nəticələrinin bariz nümunəsidir.

Tədbirdə bir çox rəsmi şəxslər çıxış edərək özlərinin azadlıq mübarizələri ilə bağlı fikirlərini səsləndirdilər. Yəni Bakı onlar üçün həm də bir növ platforma yaradır.

Nəzərə çatdıraq ki, Boneyra Niderlandın müstəmləkəçiliyində olan ərazi vahididir. Karib dənizində, Venesuela sahilindən 90 km şimalda yerləşən adanın ərazisi 288 km²-dir. 2023-cü ilin statistikasına görə, əhali sayı təxminən 24 min nəfər olan adanın rəsmi dili Niderland və Papiamentodur. Zəngin mədəniyyətə malik olan adada yaşayan insanların sayı getdikcə azalır. Buna səbəb Niderland hökumətinin yerli əhaliyə qarşı təzyiqləridir. Adanın bilinən ilk sakinləri eramızdan əvvəl 10-cu əsrdə məskunlaşan Caquetios hinduları olub. Avropalılar sözügedən əraziyə XV əsrin sonlarında ayaq açıblar. Təxminən yüz ildir ki burada yalnız Cənubi Amerika ölkələrindən sürgün edilmiş mühacirlər yaşayıb. Niderlandlılar isə buranı 1633-cü ildə İspaniyanın Müqəddəs Martini adasını ələ keçirməsinə cavab olaraq işğal ediblər.

Hazırda ada öz müstəqilliyini tələb edir. Bu gün boneyralıların heç bir haqları tanınmır. Ada rəsmiləri eynicinsli nikahların qanuniləşdirilməsinə qarşıdır. Həmçinin, yerli əhalidən alınan vergilər Niderlandın dövlət büdcəsinə köçürülür ki, bundan da Boneyra sakinləri narazıdır. Həmçinin, onların daha bir şikayəti ana dillərində təhsil ala bilməmələri ilə bağlıdır. Ölkə əhalisinin universitetləri belə yoxdur. Onlar müxtəlif ölkələrdə keçirilən konfranslarla dünya ictimaiyyətinin diqqətini öz üzərlərinə cəlb etməyə, bununla da Nidarlandın təzyiqinin azalacağına ümid edirlər.

Bu baxımdan, Azərbaycanın jesti, dəstəyinin Boneyra üçün həyati əhəmiyyətli olduğunu desək, yanılmarıq.

Rəsmi Bakının Boneyraya dəstəyi tədbirin sonunda qəbul edilən yekun bəyanatda da öz əksini tapdı. Belə ki, sənəddə göstərilir ki, Niderland hökuməti Boneyra adası ilə bağlı müstəmləkə siyasətindən əl çəkməlidir.

Yekun bəyanatda nəticə olaraq Boneyranın yenidən özünü idarə etməyən ərazi kimi siyahıya alınması ilə bağlı qətnaməyə beynəlxalq dəstəyin göstərilməsi üçün çağırış edilib.

Bu tədbir nəyi göstərdi? İlk növbədə, Azərbaycanın gücü, qüdrəti, müstəqil siyasəti bir daha nümayiş olundu. İkincisi, Azərbaycanın həmişə haqsızın qarşısında, haqqı tapdananın yanında olduğu göstərildi.

Düşünmək olar ki, Azərbaycanda keçirilən sözügedən tədbir Boneyra adasının gələcək müstəqilliyi istiqamətində mühüm rol oynayacaq və Boneyra ilə bağlı BMT Baş Assambleyasına qətnamə layihəsinin təqdim edilməsinə töhfə verəcək.

Hər halda yada salmaq yerinə düşər ki, Azərbaycanın Fransanın kolonist siyasətinə qarşı apardığı mübarizə artıq nəticə verməkdədir.

Son xəbərlər

Orphus sistemi