Mobil operatorların özbaşınalığı, yoxsa kontent provayderlərin dələduzluğu? - RƏY

Mobil operatorların özbaşınalığı, yoxsa kontent provayderlərin dələduzluğu? - RƏY Elmira Axundova: "Bu rəsmi şəkildə insanların cibinə girməkdir"
Analitika
6 Aprel , 2015 10:22
Mobil operatorların özbaşınalığı, yoxsa kontent provayderlərin dələduzluğu? - RƏY

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanda mobil operatorların kontent provayderlərlə əməkdaşlığı nəticəsində vətəndaşlara müxtəlif məzmunlu smslərin yayımlanması xidməti son illər genişlənməkdədir. Bu sahədə yayılan təkliflərin məzmununun məhz 3-cü tərəf olan kontent provayderlərin seçməsi bir sıra problemlər yaradır. Yaranmış problemlər artıq ictimai müzakirələrə və hətta millət vəkillərinin etiraz çıxışlarına səbəb olur.

Milli Məclisin deputatı, parlamentin Sosial Siyasət komitəsinin üzvü Elmira Axundova bunu biabırçı məsələ kimi qiymətləndirib: "Biri var reklam gəlir, biz ona baxırıq amma istifadə edib-etməməyimiz öz işimizdir. Amma bəzi reklam xarakterli mesajlar şəxsin icazəsi olmadan gəlir ki, bu da cinayət tərkibli reklamlardır. Gün ərzində 4-5 dəfə bu tipli mesajlar gəlir", - bunu "Report"a açıqlamasında E.Axundova bildirib.

Millət vəkili qeyd edib ki, bu tip smslər sadə vətəndaşları aldada bilər: "Əslində, bu reklam xarakterli mesajlar mən və mənim kimi minlərlə insana, bilirəm ki, ziyan vura bilməz, biz sadəcə bu tip smslərə gülürük. Amma nəzərə almaq lazımdır ki, məktəblilər, sadə insanlar, kənd yerlərində yaşayanların bəziləri haradan bilsin ki, bu aldadıcı reklamdır. Axı, bizim insanlar buna aldana bilər".

E.Axundova bu halı dələduzluq kimi vurğulayıb: "Bu mobil operator səviyyəsində olunan dələduzluqdur. Çünki misal üçün, "Bakcell"dən belə sms gəlirsə, demək "Bakcell" buna icazə verib. Demək, bu "Bakcell"dən rəsmi şəkildə icazə alınan dələduzluqdur. Bu nə deməkdir? Biz cinayətkarlara qarşı mübarizə aparırıq, amma görün, bu cinayətkarlar aldatmaq yolu ilə insanlardan nə qədər pul alırlar. Gün ərzində bir nəfərdən bu tip smslərə görə 1 manat tutulsa bu, artıq külli miqdarda vurulan ziyan sayılır. Ən azından gündə 1 milyon manat. Bu çox ciddi problemdir".

Millət vəkili qeyd edib ki, yeni hazırlanan "Reklam haqqında" qanun işlənəndə ora müvafiq maddə əlavə olunub: "Artıq internet provayderlər, mobil operatorlar şəxsin razılığı və ya onlarla ikitərəfli müqavilə bağlamadan heç bir reklam xarakterli smslər göndərə bilməz. Bu qanun tezliklə qəbul olunacaq və ondan sonra mənim mobil telefonuma bu tip smslər yenə gəlsə, artıq mən həmin şirkəti məhkəməyə vermək hüququnu qazanıram. Və belə bir hal olarsa mən həmin mobil operatorla bağlı məhkəməyə müraciət edəcəm. Çünki bu faktiki olaraq pul oğurluğudur , dələduzluqdur və rəsmi şəkildə insanların cibinə girməkdir".

E.Axundova, həmçinin vurğulayıb ki, bəzi hallarda mobil telefonlarda internetdən istifadə zamanı porno saytlara keçidlər və ya başqa bir sayta baxan zaman bu tip səhifələrin reklamına rast gəlinir: "Mənim də başıma belə şeylər gəlib. Hansısa sayta və ya informasiya agentliyinə, xəbər portalına baxmaq istəyirsən, bir də görürsən ki, hər hansı porno xarakterli sayta abunə olursan və bunun üçün də müəyyən qədər vəsait tutulur. Yenidən mesaj gəlir ki, siz hansısa sayta və ya hansısa kluba üzv oldunuz, əgər imtina etmək istəyirsinizsə "Stop" yazın, filan nömrəyə sms göndərin. Məni mənsiz hansısa kuluba necə abunə və ya üzv seçə bilərsən. Bu qəbul olunmaz haldır".

Millət vəkili bunun digər təhlükəli tərəfini də açıqlayıb: "Mobil telefonlardan təkcə böyüklər istifadə etmir. İndi çətin zamandır. Valideynlər öz övladlarından narahat olurlar və hər bir valideyn bilməlidir ki, onun məktəbli qızı və oğlu haradadır, niyə evə gecikir və ya kimlərlə vaxt keçirir. Bunun üçün də valideyn öz uşaqlarına mobil telefon alıb verir ki, mütəmadi olaraq əlaqə saxlaya bilsin. Onsuz da bizdə mobil operatorlardan danışıq haqqı digər dövlətlərə nisbətən çox bahadır. Mən üzümü tutub yerli mobil operatorlara demək istəyirəm ki, heç olmasa bu tip şeylərlə balansdan pul çıxarıb bunu biraz da bahalaşdırmasınlar. İnsanları aldatmayın, insanların cibinə girməyin. Bu tip smslərə aldananlar sadə insanlardır".

Xatırladaq ki, bir ay əvvəl, 5 mart tarixində, Azərbaycanda mobil telefonlara pornoqrafik məzmunlu virusların yayıldığı barədə xəbər dərc edilmişdi. Mobil telefon istifadəçiləri tərəfindən daxil olan şikayətlərə əsasən hazırlanan yazıda erotik məzmunlu xidmətin mobil operatorları üçün "Navigator Mobile Services" (NMS) şirkəti tərəfindən təqdim olunduğu müəyyənləşdirilmişdi.

"Navigator Mobil Servises" (NMS) şirkətindən isə "Report"a təqdim olunan cavab məktubunda bildirilib ki, keçid olunan “hot-ero.net” internet səhifəsi NMS şirkətinə məxsus deyil və şirkət sadəcə “sms” göndərmək yolu ilə bu sayta abunə olmaq imkanı yaradan xidmətləri saytın sahiblərinə təqdim edir: "Buna görə də, saytdan istifadə edərkən istifadəçi ödənişin təsdiqlənməsi üçün "Navigator Mobil Servises" şirkətinə məxsus “edugate.az” səhifəsinə keçid edir və yalnız xidmətləri almaq istəyini təsdiq etdikdən sonra yenə geri - əvvəlki səhifəyə qaytarılır. Bununla da hər bir istifadəçi mütləq qaydada telefon nomrəsindən pul vəsaitinin silinməsinə razılıq verir".

Lakin, abunəçiyə göndərilən smsdən də görsənir ki, artıq onun balansından pul silinib.

"Bakcell" MMC-nin mətbuat xidmətindən "Report"un bu məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, "Navigator Mobile Services" (NMS) şirkətindən bu məsələyə aidiyyətləri olmadığını deyiblər: "NMS-dən bizə bildirdilər ki, Azərbaycan qanunvericiliyinə uyğun onlar pornoqrafik və ya erotik kontentin yerləşdirilməsini həyata keçirə bilməzlər".

“Azercell Telekom” MMC isə "Report"un sorğusuna cavab olaraq bildirib ki, müraciətlə əlaqədar müxtəlif məzmun təminatçılarına müraciət edilmiş, müvafiq məzmunda şikayət daxil olub-olmadığına, belə hal ilə bağlı məlumat təqdim edilməsi xahiş edilmişdir. "Təqdim edilən məlumatlara əsasən təlimatlara uyğun olaraq xidmət göstərildiyi və hər hansı neqativ hal aşkar edilmədiyi bildirilib".

"Nar Mobile"dan analoji sorğunun araşdırıldığı bildirilib. Nəzərə alsaq ki, bütün mobil operatorlara sorğular mart ayının 4-də göndərilib, bir kontent provayderlə bağlı məsələnin 1 aydan çox araşdırılması səbəbləri suallar doğurur.

Yəni, nəticə etibarı ilə kontent şirkət tərəfindən həmin xidmətin dayandırılacağı ilə bağlı heç bir bəyanat verilməyib, mobil operatorlar isə ümumiyyətlə hansı məlumatların yayılması barədə məlumatsız olduqlarını ortaya qoyublar.

Son xəbərlər

Orphus sistemi