Mina xəritəsi: vasitəçilər üçün şantaj, regional təhlükəsizliyə təhdid - ŞƏRH

Mina xəritəsi: vasitəçilər üçün şantaj, regional təhlükəsizliyə təhdid - ŞƏRH Rəsmi Bakı Yerevana 15 hərbi əsiri təhvil verib, Ermənistan isə Ağam rayonunda basdırılan 97 min tank və piyada əleyhinə minanın xəritəsini Azərbaycana təqdim edib.
Analitika
14 İyun , 2021 15:06
Mina xəritəsi: vasitəçilər üçün şantaj, regional təhlükəsizliyə təhdid - ŞƏRH

Rəsmi Bakı Yerevana 15 hərbi əsiri təhvil verib, Ermənistan isə Ağdam rayonunda basdırılan 97 min tank və piyada əleyhinə minanın xəritəsini Azərbaycana təqdim edib.

Noyabrın 10-dan sonra tərəflər arasında etimadın qazanılması üçün mühüm addım sayılsa da, təəssüf ki, Ermənistan bu münasibətin yaranmasına yenə mane olur. Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bildirib ki, Yerevanın sərəncamında olan minalanmış ərazinin kiçik bir qisminin xəritəsini Azərbaycana veriblər: “Əhəmiyyətli bir hissəsi olduğunu deyə bilməsəm də, ancaq kiçik hissəsidir”.

Ermənistan hökuməti xəritəni niyə atəşkəslə bağlı bəyanat imzalanandan 7 ay sonra təqdim edib? Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan ordusunun itkin düşən hərbçilərinin yaxınları aylardır etiraz aksiyası keçirirlər. Hökumət onlara müxtəlif səbəbləri əsas göstərərək vədlər verir. İyunun 20-də isə Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Rəy sorğularının nəticəsinə əsasən, son günlər Nikol Paşinyanın nüfuzu azalmağa başlayıb. O, ictimai rəydə əsas rəqibi Robert Koçaryana az da olsa uduzur. Seçkiqabağı kampaniyada ictimai rəydə vəziyyətini daha da yaxşılaşdırmaq üçün ona xəritə qarşılığında əsirlərin azad edilməsi sərfəli sayıla bilər. Başqa sözlə, Paşinyan bundan nüfuzunun artması üçün istifadə edir. Onun məsələyə dair açıqlaması bir neçə ay Ermənistan rəsmilərinin verdiyi bəyanata ziddir. Onda ölkənin Xarici İşlər Nazirliyi bildirirdi ki, Ermənistanda elə bir xəritə mövcud deyil.

Yeri gəlmişkən, Azərbaycan torpaqlarının minalardan təmizlənməsi məsələsi işğal dövründə də rəsmi Bakının diqqətində olmuşdu. İşğal edilmiş torpaqların minalanması və təmizlənməsinə o vaxt beynəlxalq vasitəçilər də özünəməxsus “yardım ediblər”. Təxminən 5 il əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Yerevandakı missiyasının mandatının uzadılmasına etiraz etmişdi. Buna səbəb ofisin minalanmış ərazilərlə bağlı fəaliyyətə cəlb edilməsi idi. Açıqlamada bildirilmişdi: “ATƏT-in Yerevan ofisi Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişənin nizamlanması prosesi də daxil olmaqla hər hansı bir fəaliyyətə cəlb oluna bilməz. Bu, ATƏT-in Minsk qrupunun səlahiyyətlərinə müdaxilə deməkdir”. Bəyanatda vurğulanmışdı ki, Ermənistan ATƏT-in Yerevan ofisinin ev sahibi statusundan sui-istifadə etmək üçün özünün şantaj siyasətini ATƏT-ə tətbiq etməkdə davam edir. Nəticədə ATƏT-in Yerevan ofisi tərəfindən mandatın pozulması cavabsız qalır və onun əməliyyat fəaliyyəti dayandırılmış vəziyyətdədir: “Məsələyə dair Azərbaycanın mövqeyi konstruktiv və prinsipial olaraq qalır. ATƏT-in Yerevan ofisinin fəaliyyətinin şəffaf olması, ATƏT qarşısında məsuliyyət daşıması və mandat çərçivəsində həyata keçirilməsi təmin olunmalıdır”. Buna görə onda ofisin mandatının uzadılması ləngidi.

Bu arada işğal altında olan torpaqların minalardan təmizlənməsi ilə “HALO Trust” adlı Xeyriyyə Təşkilatı da məşğul olub. Ona Fransa da maliyyə yardımı edib. Bu təşkilat işğal altında olmuş torpaqlarda 20 ildən artıq fəaliyyət göstərib. ABŞ-ın USAID təşkilatının Yerevandakı nümayəndəliyinin direktoru Karen Hilliard 2014-cü ilin oktyabrında bildirmişdi ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ əraziləri 2016-cı ilədək minalardan təmizlənəcək. Onun sözlərinə görə, 2000-ci ildən indiyədək 251 müxtəlif sahədə minatəmizləmə işləri görülüb: “1995-ci ildən indiyədək 345 nəfərin ölməsi hadisəsi qeydə alınıb. Hazırda minadan təmizlənməmiş cəmi 5 faiz ərazi qalıb. “HALO Trust” təşkilatı bu layihəyə 5 milyon dollar ayırandan sonra Dağlıq Qarabağ ərazisi 2016-cı ilədək minalardan tam təmizlənmiş olacaq”. Ancaq torpaqların minalardan təmizlənməsi nəinki başa çatdı, hətta Ermənistan ona verilən möhlətdən belə yararlanaraq əraziləri minaladı. Bu baxımdan Paşinyanın çıxışı, ATƏT-in Yerevan ofisinin fəaliyyəti və “HALO Trust”un “təmizləmə” işləri Qarabağda işğalçlar tərəfindən minalanan ərazilərdən rəsmi Yerevanla yanaşı, bu iki təşkilatın və onların arxasında duranların da xəbərdar olduqlarını ehtimal etməyə əsas verir. Başqa sözlə, Ermənistanın Azərbaycan torpaqlarının işğalına yardım etmişlər, indi də həmin minalanmış ərazilərin xəritəsinin verilməməsinə göz yumur, bununla ermənilərin hərəkətini dəstəkləyirlər. Paşinyanın açıqlamasından isə belə çıxır ki, xəritənin bir hissəsi Ermənistanın əlindədir.

Bəs xəritənin qalanı kimdədir? Buradan belə qənaətə gəlmək olar ki, Nikol Paşinyan seçkidə onu dəstəkləməyəcəkləri halda xəritənin qalan hissəsinin kimdə olduğunu sanki açıqlayacağı ilə Ermənistanın havadarlarını şantaj edir. Hökumət başçısı bu bəyanatı ilə həm də belə xəritənin mövcudluğunu etiraf edib. İndi isə növbə beynəlxalq vasitəçilərindir. Ermənistanın əlində olan minalanmış ərazilərin xəritəsinin Azərbaycana təqdim edilməsi ilə bağlı onların rəsmi Yerevana təzyiqlər etməsinin vaxtıdır. Bu həm də onların missiyasına uyğun olardı. Vasitəçilər bu istiqamətdə nəticə əldə etməklə Azərbaycanın etimadını qazanmaq üçün yaranmış şəraitdən yararlana bilərlər. Əks halda minaların partlamasının məsuliyyətini onlar da daşıyacaqlar.

Nikol Paşinyan
Nikol Paşinyan

Nəhayət, xəritənin Ermənistanın əlində qalması təkcə Azərbaycan vətəndaşları üçün təhlükə mənbəyi deyil. Rəsmi Yerevan bununla regional təhlükəsizliyi və əməkdaşlığı təhdid edir, regionda marağı olan güclər arasında etimadın yaranmasına mane olur. Bu həm də erməni ictimaiyyətinin firavanlığına ziyandır. Həmin minalar Ermənistanda sosial partlayış yarada bilər...

Son xəbərlər

Orphus sistemi