Koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini üzərindən atmamış qlobal iqtisadiyyat yeni stresslərin təsiri altına düşdü. Söhbət ilk növbədə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən gedir. Hərbi əməliyyatlar başlayana qədər qlobal miqyasda tələb və təklif arasında kəskin disbalans mövcud idi. Bunun kökündə isə pandemiya ilə mübarizə çərşivəsində bir çox ölkələrin qapanmalara getməsi dururdu. Nəticədə iqtisadi aktivlik aşağı düşdü, qlobalı tədarük zənciri sıradan çıxdı. Ötən ilin martında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyneri olan "Ever Given" gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirərək saya oturdu. Kanal vasitəsilə gəmilərin hərəkəti yalnız 6 gün sonra bərpa olundu. Bu müddətdə yüzlərlə gəmi hərəkətin bərpa olunmasını gözləməli oldu. Bu da dünya iqtisadiyyatı üçün ağır zərbə idi. Enerji daşıyıcılarınin qiymətinin kəskin artması böhranı daha da dərinləşdirdi. Buna müvafiq olaraq gübrələr, ərzaq bahalaşdı.
Bütün bunlar nəticə etibarı ilə qlobal inflyasiyanı tətikləyən amillərə çevrildi. Hələ müharibədən öncə ABŞ-da və bir sıra Avropa ölkələrində inflyasiya son 40 ilin maksimumlarına çatdı. Qlobal iqtisadiyyatın inkişaf perspektivlərinə dair meyllər beynəlxalq maliyyə institutlarının gözləntilərində də öz əksini tapıb. Bu il Dünya Bankı qlobal iqtisadiyyatın artımına dair proqnozunu iki dəfə yeniləməli oldu. Son olaraq artıma dair gözləntilər 4,1 %-dən 3,2 %-ə endirilib. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) isə proqnozunu birdən-birə 4,1 %-dən 2,8 %-ə salıb. Beynəlxalq Valyuta Fondu (IMF) bu il dünya üzrə iqtisadi artıma dair proqnozunu yanvarda elan etdiyi 4,4 %-lik səviyyədən 3,6 %-ə endirib. Gələn il üçün də proqnozlar bədbindir, amma bunların fonunda beynəlxalq maliyyə institutlarının Azərbaycanda iqtisadi artım perspektivlərinə dair gözləntiləri kifayət qədər nikbindir. Elə IMF-in yenilənmiş proqnozunda Azərbaycan iqtisadiyyatının artımına dair gözləntilər 0,5 faiz bəndi artıraraq 2,8 %-ə çatdırılıb.
IMF Azərbaycan iqtisadiyyatı barədə niyə nikbindir?
“Report”a açıqlama verən iqtisadçı-ekspert Amal Həsənli deyir ki, IMF-in proqnozu ölkəmizdə formalaşdırılan iqtisadi inkişaf modelinin xarici şoklara və stresslərə dayanıqlığının bariz göstəricisidir: “Dünya iqtisadiyyatında şok effekti yaradan koronavirus pandemiyasının təhlükəsini ən az itkilərlə dəf edən regionun azsaylı ölkələrindən biri məhz Azərbaycan oldu. Bu ilin I rübünün sosial-iqtisadi nəticələri bunu bir daha təsdiq edir. Belə ki, postpandemiya dövrü üçün ÜDM-in 6,8 % artması ciddi nailiyyətdir. Həmin dövr əzində qeyri-neft iqtisadiyyatı 10 %-dən çox, qeyri-neft sənaye istehsalı 18 %-dən çox artıb. 2022-ci ilin I rübündə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3 % artıqlaması ilə icra olunub. Bu gün neft-qaz qiymətləri kifayət qədər yüksək səviyyədədir. Belə ki, büdcədə neftin qiyməti 50 ABŞ dolları həddində götürülüb. Bu xammalın qiymətinin son vaxtlar 100 ABŞ dolların üzərində olması büdcəni əlavə gəlirlərlə təmin edir. Bu eyni zamanda milli iqtisadiyyatın qlobal şoklara qarşı etibarlı təhlükəsizlik yastığının formalaşmasını təmin edir”.
Ekspert diqqətə çatdırıb ki, ölkədə qeyri-neft iqtisadiyyatına keçid strategiyası uğurla reallaşdırılır: “Burada xüsusilə qeyd etmək lazmdır ki, I rübdə Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə proqnozların artıqlaması ilə icra edilməsinin böyük hissəsi - 90 %-ə yaxın hissəsi qeyri-neft sektoru üzrə gəlirlərin artması hesabına baş verib. Eyni zamanda qeyri-neft ixracımızda 45 %-lik artım qeydə alınıb. Bu gün Azərbaycanda sahibkarlıqda özəl sektorun payı artıq 84 %-ə yüksəlib. Milli iqtisadiyyatın liberallaşdırılması, rəqabət mühitinin mövcudluğu, bürokratik əngəllərin aradan qaldırılması, investisiyalar üçün münbit şəraitin yaradılması qeyri-neft sektorunun perspektiv inkişafını stimullaşdıran amillərdir. Təməli ümummilli lider Heydər Əliyevin qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft-qaz strategiyası Azərbaycanda dayanıqlı və yüksək texnologiyalara söykənin müasir infrastrukturun formalaşmasını təmin edib. Analoji dayanıqlığın qeyri-neft iqtisadiyyatında təmin olunması və sonraki təkamülü ölkə iqtisadiyyatının uzunmüddətli inkişafını təmin edəcək və gəlirlərimizin davamlılığında vacib rol oynayacaq”.
İnfrastrukturun bərpası Qarabağın digər ərazilərlə inteqrasiyasını sürətləndirəcək
Qarabağ və Şərqi Zəngəzurda geniş miqyaslı bərpa və yenidənqurma işlərinə start verilib. 2022-ci ildə Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramının icrasına 2,2 milyard manat vəsait nəzərdə tutulur. Azad edilmiş ərazilərdə keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilib (2-si Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində). Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilib. Bu il beş stansiyanı “Azərenerji” ASC bərpa edəcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.
Bu ərazilərin bərpa olunan enerji sahəsindəki potensialından da geniş şəkildə istifadə olunması hədəflənir. Belə ki, Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının, Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı böyükdür. Təkcə azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialı var.
Beləliklə, bizim enerji potensialımız da güclənəcək. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb. Qiymətləndirməyə əsasən, külək enerjisində potensial təxminən 7 200 meqavat, Günəş enerjisində potensial isə 2 000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Hazırda orada 200 meqavatdan çox gücə malik bərpaolunan enerji mənbəyinin tikintisi ilə bağlı BP ilə danışıqlar aparılır.
Yol infrastrukturunun bərpası iri templərlə davam edir
Azad edilmiş ərazilərin bərpası çərçivəsində Zəfər yolu istismara verilib, Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək, Kəlbəcər-Laçın avtomobil yolu və 4 kilometrlik tunel inşa edilir, Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir, Cəbrayıl-Hadrut yolu inşa olunur, Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Bu il Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yolların istismara verilməsi nəzərdə tutulur. Toğana-Kəlbəcər avtomobil yolu və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq.
Zəfərdən sonra vaxt itirmədən Böyük Qayıdış istiqamətində davamlı addımlar atıldığını böyük əminliklə qeyd edə bilərik. Bütün maliyyə və texniki imkanlar, kadr potensialı səfərbər edilib. Azərbaycan bütün bu işləri yalnız öz maliyyə vəsaitləri hesabına görür. Müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edirlər. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən dost ölkələrin, onların şirkətlərinin bərpa-quruculuq işlərində iştiraklarına çağırışlar etdi.
Qarabağ və Şərqi Zəngəzur xarici sərmayələrin hədəfinə çevrilir
İşğaldan azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə cəlbi üçün görülən işlər də Azərbaycana yeni üstünlüklər qazandırır. Azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir, böyük infrastruktur layihələri icra edilir. Onların bir çoxu artıq başa çatıb. Bu hal qarşıdakı dövrdə sözügedən ərazilərin iqtisadi dövriyyəyə cəlbinə əlverişli zəmin yaradır və təsadüfi deyil ki, həmin yerlərdə fəaliyyət göstərmək istəyən yerli və xarici subyektlərin sayı artır. Artıq Qarabağdakı layihələrdə iştirak üçün hökumətə sahibkarlıq subyektləri tərəfindən 1 100-ə yaxın müraciət daxil olub ki, onların 390-a yaxını xarici şirkətlərdəndir. Azad edilmiş ərazilər zəngin təbii resurslara malikdir. Burada kənd təsərrüfatı, turizm, sənaye, aqrar-emal, xalq sənətkarlığı və digər bu kimi ənənəvi iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxış təkcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına yox, bütünlükdə Azərbaycan iqtisadiyyatına yeni böyük perspektivlər vəd edir.
Rusiya-Ukrayna müharibəsi logistika kanallarının yenidən təşkilini tələb edir
Müharibədən dolayı başda ABŞ olmaqla Qəbr ölkələri Rusiya ilə ticarət-iqtisadi əlaqələrini ən aşağı həddə salıblar. Şimal qonşumuza qarşı analoqu olmayan məhdudiyyətlər qoyulub. Mövcud durumda Rusiya yeni tədarük bazarlarının axtarışındadır, eyni zamanda Çin, Hindistan və İran kimi tərəfdaşları ilə əlaqələrin dərinləşdirilməsinə məhkumdur. Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan əhəmiyyətli logistika kanallarının və nəqliyyat dəhlizlərinin mühüm hissəsidir. Bura Bakı-Tbilisi-Qars, Orta dəhliz, Şimal-Cənub kimi nəqliyyat koridorları daxildir. Yeni reallıqlar fonunda həmin dəhlizlər üzrə intensivliyin artacağı gözlənilir.
Mərkəzi Asiyadan Avropaya Rusiya üzərindən daşınan yüklərin təqribən 10 %-ə qədərinin Azərbaycan, Qazaxıstan və Gürcüstan üzərindən keçəcəyi ehtimal olunur. Bu isə Azərbaycan üzərindən yükdaşımaların ən azı 5-6 dəfə artması deməkdir. Orta Asiya, Azərbaycan və Gürcüstan üzərindən yükdaşımalarda 150 min konteynerə qədər artım gözlənilir. Həmçinin Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizi (TRACECA) vasitəsilə əlavə 35 minə yaxın avtomobillə yükdaşıma nəzərdə tutulur. Bunun səbəbi Rusiya və Ukrayna üzərindən daşımaların azalmasıdır. Çinin daşıma şirkətləri və digər beynəlxalq yükdaşıyıcıların çoxu hələ ki, Rusiya üzərindən daşımalardan çəkinir. Nəticədə diqqət bizim marşruta yönəlib.
Hazırda dəhliz ölkələri arasında infrastrukturun hazır olması, gəmilərin kifayət qədər olması, konteyner yükdaşımalarının həyata keçirilməsi üçün müvafiq prosedurların aparılması ilə bağlı müəyyən məsləhətləşmələr gedir.
Beləliklə, yükdaşımaların həcminin artması Azərbaycanın tranzit gəlirlərinin artması deməkdir. Maddi dividendlərlə yanaşı bu ölkəmizə siyasi çıxarlar da vəd edir. Bu isə nəticə etibarı ilə Azərbaycanın Cənubi Qafqazın lideri statusunu daha da möhkəmləndirir.