Fransa Beynəlxalq Frankofoniya Təşkilatını artıq öz çirkin hədəflərinin qurbanına çevirir. Ölkənin Villers-Cotterêts və Paris şəhərlərində davam edən Zirvə Görüşü çərçivəsində Fransanın birbaşa dəstəyi ilə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilib.
Belə götürdükdə, təşkilatın profili mədəniyyət yönümlüdür. Lakin ona üzv olmayan suveren ölkə əleyhinə və ümumiyyətlə mandatından kənar mövzuya dair sənədlər qəbul etməsi bu təşkilatın nüfuzuna ciddi xələl gətirməklə yanaşı, onun Fransa tərəfindən digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini, siyasi alət rolunu oynadığını nümayiş etdirir.
Bəs nədən Fransa ölkənin üzləşdiyi problemləri həll etmək əvəzinə, min kilometrlərlə uzaqda olan bir dövlətin daxili işlərinə qarışır? Bəllidir ki, gələn ayın ortalarında Azərbaycan beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Dünyanın bir çox ölkələrindən dövlət və hökumət başçıları, bütövlükdə 70 minə yaxın qonaq ölkəmizə təşrif buyuracaq. Azərbaycanın nüfuzu və reytinqi daha da artacaq və bu da Fransa kimi dövlətlərin mənafeyinə uyğun deyil. Bu hədəfə çatmaqda ən yaxşı müttəfiq forpost ölkə isə ancaq və ancaq Ermənistan ola bilər. "Kiçik bacı” statuslu koloniya dövlət Ermənistan isə buna mane olmaq üçün dəridən qabıqdan çıxır. Ermənistanın baş naziri tədbir çərçivəsində Azərbaycanla sülh sazişindən dəm vursa da, görünür, “böyük bacısı” Fransanın sözündən çıxa bilməyib. COP29 sammitinin keçirilməsinə mane ola bilməyən iki dövlət, indi hər vəchlə onun nüfuzunu, əhəmiyətini aşağılamağa çalışmaq qərarına gəliblər.
Fransa liderinin riyakarlığı o həddə çatıb ki, bu istiqamətdə hətta bəzi ölkələrə təzyiq göstərir. Məsələn, əldə etdiyimiz məlumata görə, beynəlxalq sammitdə iştirak etmək istəyən dövlətləri Bakıya gəlməkdən çəkinməyə çalışır. Belə bir tələb Nigeriyaya gəlib. Lakin bu ölkənin prezidenti Bole Tinubu Makronun hədə və tələblərinə baxmayaraq tədbirdə iştirak edəcəyini açıqlayıb. Bunu Fransa prezidentinin fiaskosu hesab etmək olar. Gözləmək olar ki, bu cür təxribatçı fəaliyyət hələ davam edəcək. Bu çirkin və riyakar fəaliyyətdə isə yenə də Ermənistandan aktiv istifadə olunur.
Əvvəldən də proqnoz edirdik ki, Ermənistan riyakarcasına, ikiüzlü xislətinə uyğun olaraq siyasət yürütməkdə davam edəcək. Məsələn, Ermənistan rəhbərliyi əvvəldən bəyan edirdi ki, COP 29-da iştirak edə bilər. Məhz Fransa səfəri zamanı Paşinyanın mövqeyində dəyişiklik hiss olunur. Azərbaycan XİN yaydığı bəyanatda da bunu təsdiq edir. XİN bildirib ki, Ermənistan XİN Azərbaycanın COP29-dan guya Ermənistana hücuma hazırlıq məqsədilə “tüstü pərdəsi” kimi istifadə etmək kimi cəfəng bəyanat yayıb. “Azərbaycanda COP29-a səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur. Erməni tərəfinin bu problemlərə məhəl qoymamaq məntiqi onu göstərir ki, bu ölkə davamlı sülhdə maraqlı deyil və gələcəkdə Azərbaycana qarşı növbəti dəfə təcavüzə başlamaq üçün bu vəziyyəti ehtiyat variant kimi saxlamağa çalışır”.
Beləliklə, Paşinyanın Fransa səfərinin əsl mahiyyəti bəlli olur. “Bacılar”ın mövqeyində hər hansı bir dəyişiklik yoxdur. Əksinə, daha aqressiv və sərt formada Azərbaycanı hədəfə alınır. Təsadüfi deyil ki, hər iki ölkənin mediasında da Azərbaycana, COP29-a qarşı hədyanların sayı artır.
O ki qaldı Ermənistanın Beynəlxalq Frankofoniya Təşkilatının sammitinə dəvət olunmasına - bu da nonsensdir. Axı Ermənistanın bu quruma nə dəxli var? Sadəcə, görünən odur ki, Fransa artıq bu təşkilatı Azərbaycana qarşı tribunaya çevirir. Sual olunur - axı Ermənistanın Fransa mədəniyyətinə və dilinə nə aidiyyatı var? Ermənistanda fransız dilinin öyrənilməsi ilə bağlı real mənzərəni nəzərə alsaq, o zaman sözügedən ölkənin Beynəlxalq Frankofoniya təşkilatına üzvlüyünü, yalnız gender bərabərliyi ilə əlaqələndirmək olar. Sadəcə, “böyük bacı Fransa” “kiçik bacı Ermənistanı” öz yanında görmək istəyib. Beynəlxalq Frankofoniya təşkilatının 54 üzvü, 7 assosiativ, 27 müşahidəçi üzvü var. Təsisat “fransız dilinin birləşdirdiyi ölkələr arasında əlaqələndirmənin təşkili məqsədilə yaradılan institutsonal mexanizmi” kimi qələmə verilir.
Paşinyanın Makrondan aldığı tapşırıq və göstərişlərə gəldikdə isə, ola bilsin baş nazir Ermənistanda “Müqəddəs Mübarizə” etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın elan etdiyi payız etirazları qabağı Yelisey sarayından dəstək qazanmağa da çalışıb. Eyni zamanda erməni müxalifətinin satqınlıqla bağlı ittihamlarında dəstək qazanmaq da var. Bundan əvvəl Fransa Ermənistanın qərbyönlü lideri Nikol Paşinyana özünün “demokratik dəyərlərini” qorumaq və Rusiyanın “təhdidlərindən və aşkar düşmənçiliyindən” qorunmaq üçün hər cür köməklik edəcəyini vəd etdiyi barədə xəbərlər yayılmışdı. Vəd edilib ki, ona Cənubi Qafqazda mövqeyini möhkəmləndirməkdə dəstək olunacaq.
İndidən deyə bilərik ki, Fransa və Ermənistan liderlərinin növbəti görüşü anti-Azərbaycan qüvvələrin növbəti təxribatı fiasko ilə nəticələnəcək. Azərbaycan bütün beynəlxalq tədbirlər kimi bu tədbiri də yüksək səviyyədə keçirəcək. İtirən isə şübhəsiz Ermənistan olacaq. Bu ölkə hələ də anlamır ki, çıxış yolu qonşularla mehriban münasibətlərin qurulmasından gedir. Bu yol həm də Ermənistanın nicatı ola bilər. Əks halda xalqını və dövlətinin bədbəxtliklərini daha da artırmış olacaq.