Diktaturanın simvoluna çevrilən Fransa - Makron üçün "söz azadlığı"nın anlamı - ŞƏRH

Diktaturanın simvoluna çevrilən Fransa - Makron üçün "söz azadlığı"nın anlamı - ŞƏRH “Telegram” messencer kanalının rəhbəri Pavel Durovun Fransada saxlanılması aktuallığını saxlayır. Həbslə bağlı ən müxtəlif versiya və fikirlər səslənsə də, daha çox bunun arxasında siyasi çalarlar olduğunu daha çox vurğulanır. Qərb mediası və siyasi dairə
Analitika
27 Avqust , 2024 16:28
Diktaturanın simvoluna çevrilən Fransa - Makron üçün söz azadlığının anlamı - ŞƏRH

“Telegram” messencer kanalının rəhbəri Pavel Durovun Fransada saxlanılması hələ də dünya mediasının gündəmindədir. Onun həbsi ilə bağlı müxtəlif versiya və fikirlər səslənsə də, bunun arxasında siyasi çalarlar olduğu daha çox vurğulanır.

Qərb mediası və siyasi dairələri insidenti söz azadlığı, insan hüquq və azadlıqlarına hücum cəhdi kimi qiymətləndirməkdən çəkinmir, bunun arxasında müəyyən hədəflərin olduğunu vurğulayırlar. Məsələn, nüfuzlu “Politico” nəşri yazır ki, Durov Fransa hakimiyyət orqanları ilə əməkdaşlıq etməməsi səbəbindən saxlanılıb. Qeyd edilib ki, “Telegram” hakimiyyət orqanları ilə əməkdaşlıq etmədiyinə görə cəzalandırılıb.

Həbsə ilk gündən reaksiya verməyən Fransa hökuməti, nəhayət ki, müvafiq açıqlama verməyə məcbur olub. Fransa prezidenti Emmanuel Makronun qalmaqallı həbslə bağlı söylədikləri isə təəccüb və heyrət doğurmaqla yanaşı, hər kəsi şoka salıb. Bildirib ki, Durovun həbsində siyasi çalar axtarmaq düzgün deyil, ardınca da iddia edib ki, Fransa söz azadlığı və insan haqlarına, ifadə azadlığı və sahibkarlığa əməl edən ölkə kimi ad çıxarıb.

“Pavel Durovun həbsi davam edən məhkəmə prosesi nəticəsində baş tutub və heç bir halda siyasi qərar deyil. Son söz hakimlərindir”, - deyə Makron bəyan edib.

Makronun söylədikləri onu deməyə əsas verir ki, Durovun taleyi birbaşa ondan asılı olacaq. Eyni zamanda, prosesdə Makronun da adının keçəcəyi gözlənilir. Axı Durov məhz onun prezidentliyi dövründə, daha dəqiq desək, 2021-ci ildə Fransa vətəndaşlığı alıb. Özü də “Telegram”ın qurucusu və sahibi Fransada yaşamadığına və fransız kökənli olmamasına rəğmən vətəndaşlıq əldə edib. Onun üçün fövqəladə hüquqi prosedur tətbiq edilib. Ona konkret kimin vətəndaşlıq verdiyi açıqlanmasa da, təşəbbüsün prezidentdən gəldiyi vurğulanır. Dünya praktikasında da belədir ki, vətəndaşlıq verilməsi ilə bağlı adətən son söz prezidentə məxsusdur.

Maraqlıdır ki, Makronun söylədiklərini elə onun nəzarətində olan hüquq-mühafizə orqanları alt-üst edib. Belə ki, Fransa hüquq-mühafizə orqanları Durovun saxlanıldığı və dindirildiyi “adı açıqlanmayan şəxs”ə qarşı ittihamların tam siyahısını dərc edib. Bura qeyri-qanuni əməliyyatı asanlaşdırmaq üçün onlayn platformanın idarə edilməsi, səlahiyyətli orqanların tələbi ilə rabitəyə qanunla icazə verilən müdaxilənin həyata keçirilməsi və istifadəsi üçün zəruri olan məlumat və ya sənədləri açıqlamaqdan imtina etmək, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinə sahib olmaq, sui-qəsd uşaq pornoqrafiyasının mütəşəkkil şəkildə yayılması, təklif edilməsi və ya təqdim edilməsidir.

Eləcə də, narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması, təklif edilməsi və ya ötürülməsi, avtomatlaşdırılmış məlumatların emalı sistemlərinin fəaliyyətinə giriş üçün nəzərdə tutulmuş və ya uyğunlaşdırılmış avadanlıq, alətlər, proqramlar və ya məlumatların qanuni əsas olmadan təklif edilməsi, ötürülməsi və ya istifadəyə verilməsi daxildir. P.Durov mütəşəkkil dəstənin tərkibində dələduzluq, ağır və ya xüsusilə ağır cinayət törətmək üçün 5 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayətkar sui-qəsd və çirkli pullarının yuyulmasında da ittiham olunub.

P.Durovun saxlanılması birmənalı siyasi məsələdir. Əvvəla, ittihamlar həqiqətən də çox ciddidir və ciddi sübut bazası tələb edir. Əks təqdirdə, bu, birbaşa söz azadlığını məhdudlaşdırmaq, hətta belə desək, böyük şirkət rəhbərinə hədə-qorxu gəlmək cəhdi hesab olunacaq.

Çox böyük ehtimalla Rusiya vətəndaşlığı olan Pavel Durovdan məxfi məlumatların Qərbə ötürülməsi istəniləcək. Bu versiyanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin da səsləndirib.

"Mən çox ümid edirəm ki, o, buna imkan verməyəcək", - S.Narışkin Durovun Rusiya üçün həssas məlumatları ötürməsi ilə bağlı narahatlıqların olub-olmaması barədə suala belə cavab verib.

Qeyd edək ki, P.Durov avqustun 24-də Le Burje hava limanında saxlanılıb. O, Azərbaycandan Parisə mühafizəçisi ilə gəlib. Fransa qanunlarına görə, Durov avqustun 28-dək saxlanıla bilər. Bu tarixdən sonra ya azadlığa buraxılmalı, ya da ittiham irəli sürülməlidir. Sahibkarın ona qarşı cinayət işi olan bir ölkədə niyə dayanması hələ də məlum deyil. "Telegram-ın baş direktoru Pavel Durovun gizlədə biləcəyi heç nə yoxdur, o, tez-tez Avropanı gəzir" deyə messencer özü izah edib. Lakin əvvəllər milyarder ehtiyatlı olub və yalnız MDB ölkələri, BƏƏ və Latın Amerikasına səyahət edib.

Qərb mediasında artıq Durova qarşı iş WikiLeaks-in yaradıcısı Culian Assancın cinayət təqibi ilə müqayisə edilir. Hər iki halda söhbət cinayət ittihamlarından istifadə edərək müstəqil media resurslarının rəhbərlərinə təzyiqdən gedir. Məsələn, "Apple" Federal Təhqiqat Bürosunun təzyiqi və məhkəmələr vasitəsilə müntəzəm olaraq cinayətkarların şəxsi telefonlarının kilidini açmağa məcbur edilir. Lakin “PG Partners” hüquq firmasının baş idarəedici tərəfdaşı Polina Qusyatnikova Durova qarşı işi görünməmiş adlandırıb: “Sivil Avropanın belə üsullarla hərəkət edəcəyini heç kim təsəvvür edə bilməzdi. Görünür, saxlanma prosesi diqqətlə planlaşdırılıb və Fransa hakimiyyəti buna ciddi hazırlaşırmış. Hələlik bu işi müqayisə etmək üçün heç nə yoxdur”.

Bondyakov və Partners Moskva Vəkillər Kollegiyasının vəkili Vladislav Yegiyan hesab edir ki, böyük ehtimalla Durov hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə məcbur olacaq.

“O, şifrələmə giriş açarlarını təhvil verməli və ya konkret cinayət işində (ittiham) görünəcək müəyyən hesablara girişi təmin etməli olacaq. Burada iki pislik arasında seçim etməlisən. Yəni müqavimət göstərin və cəzanı alın, ya da əməkdaşlıq edib özünüzü müəyyən məsuliyyətdən azad edin”, - deyə vəkil izah edib.

Yuxarıda qeyd olunanlar, səslənən fikirlər bir daha onu deməyə əsas verir ki, Qərb ölkələri üçün insan haqları anlayışı mövcud deyil. Hər şey yalnız və yalnız maraqlar üzərində qurulub. Elə Durovun həbsindən xeyli keçsə də, ona hər hansı bir reaksiyanın verilməməsi də bunun bariz nümunəsidir.

Son xəbərlər

Orphus sistemi