Fransanın Azərbaycanı, onun neokolonializmə qarşı mübarizəsinə qarşı qərəzli yanaşması səngimir. Növbəti dəfə Azərbaycanı hədəfə alan qərəzli hesabatla çıxış edib. Rəsmi Parisin dövlət strukturlarının, habelə Fransa Milli Təhlükəsizlik və Müdafiə Baş Departamenti - "VIGINUM"un Azərbaycana, xüsusən də Bakı Təşəbbüs Qrupuna (BTQ) qarşı çıxıb. Azərbaycanın müstəmləkəçilikdən əziyyət çəkən xalqlara dəstək məqsədilə yaratdığı BTQ barəsində qərəzli, qeyri-obyektiv və böhtan xarakterli hesabat hazırlayıb. Həmin cızma-qaranı isə NATO ölkələrinə təqdim edib. Alyansın seçilməsi də elə belə deyil. Bəllidir ki, Azərbaycan adıçəkilən təşkilatla sıx əməkdaşlıq edir, onun proqramlarına qatılır, sülhyaratma missiyalarında aktiv iştirak edib. Makron Fransası bu hesabatla Azərbaycanın NATO ilə tərəfdaşlığına süni əngəllər yaratmaqdır.
Azərbaycan işğaldan, beynəlxalq hüququn işləməməsindən əziyyət çəkən ölkə olaraq həm Qoşulmama Hərəkatına sədrlik dövründə, həm də sonrakı illərdə dekolonizasiya prosesində lokomotiv rolunu öz üzərinə götürüb. Təzyiq və hədələrə baxmayaraq, QH-nin 2023-cü ilin iyul ayında nazirlər iclasında dünyada müstəmləkəçiliyə qarşı beynəlxalq hüquqa uyğun olaraq mübarizə aparmaq üçün Bakı Təşəbbüs Qrupunun yaradılmasına nail olub. BTQ-nin apardığı fəaliyyət istiqamətindən biri də Fransanın əsarəti altında olan dənizaşırı ərazilərdə beynəlxalq hüquqa uyğun olaraq, dekolonizasiya prosesinə dəstək verməkdir. Ən acınacaqlısı odur ki, Fransa bütün problemlərini və üzləşdiyi çətinlikləri bir kənara qoyaraq bu prosesə dövlət qurumlarını qatıb. Xarici rəqəmsal müdaxilələrdən qorunma və nəzarət xidməti olan – “VİGİNUM” külli miqdarda vəsait, işçi qüvvəsi və vaxt sərf edərək BTQ-nin fəaliyyətinə dair 30 səhifəlik hesabat tərtib etməsi Azərbaycanın XXI əsrdə unudulmuş dekolonizasiya prosesinə verdiyi töhfəsinin bariz nümunəsi və Fransanın öz cinayətlərinin üstünün açılmasından qorxuya düşməsi ilə əlaqədardır.
Keçmiş müstəmləkələrində və dənizaşırı torpaqlarında artan müstəqillik hərəkatından qorxuya düşən Makron hökuməti məsələni NATO iclasının səviyyəsinə qaldırması onun necə rəzil durumundan xəbər verir. Özünü fövqəldövlət, demokratiya carçısı kimi sırımağa çalışan rəsmi Paris hesabatını NATO müttəfiqləri arasında yaymaqdan əlavə, müttəfiqlərinə Azərbaycan haqqında şikayət edib.
Neokolonializmə qarşı mübarizənin effektindən qorxuya düşən Fransa alyans üzvlərini hədələyib də. Elan edib ki, Azərbaycanın tək Fransa ilə kifayətlənməyəcək, növbədə digər dövlətlər olacaq. Sonra isə acizanə şəkildə onlardan dəstək istəyib. Bu, bir daha Azərbaycanın apardığı işin uğurundan, onun qüdrətinin Cənubi Qafqaz hüdudlarından kənara çıxmasının göstəricisidir.
Bəs Yelisey sarayının irihəcmli anti-Azərbaycan hesab ortaya qoymaqda, BTQ-ni hədəfə almasının səbəbi nədir? Şübhəsiz ki, BTQ-yə qarşı böhtan və qərəzli tezislər səsləndirməklə əslində əsarət altında saxladığı ərazilərdə törətdiyi cinayətlərdən, daxili idarəçilikdəki səriştəsizliyindən beynəlxalq və daxili ictimaiyyətinin fikrini yayındırmaq istəyir. Məhz bu səbəbdən də Azərbaycanın beynəlxalq aləmdə xarici düşmən obrazını yaratmağa çalışır.
BTQ-yə qarşı hücum onu deməyə əsas verir ki, qurum artıq hədəfinə çatıb. Fransanın işğalı altında olan ərazilərin nümayəndələrinin iştirakı ilə yaradılan BTQ-nin fəaliyyəti Fransa hökumətini ciddi narahat etdiyindən onlar qarayaxma kampaniyasını dayandırmır, təşkilatla əməkdaşlıq edən şəxsləri daima təqib edir, süni maneələr yaratmaqdan əl çəkmir.
BTQ bu yaxınlarda keçirdiyi hesabat tədbirində bəyan edib ki, Fransa koloniyalarında insan hüquqları kobud şəkildə pozulub. Onların ictimailəşdirilməsi Fransa hökuməti tərəfindən Azərbaycana qarşı “dezinformasiya müharibəsi” kimi təqdim olunur.
Hesab edirik ki, Fransanın BTQ-ni, bütövlükdə Azərbaycanı hədəfə almasının qərəzli bir hesabat hazırlamasının köklü səbəbləri var. Əvvəla, BTQ-nin fəaliyyətə başlamasından keçən 1 il 4 ay ərzində əməkdaşlıq etdiyi ərazilərin sayı 18-ə çatıb. 2024-cü ildə Qəmər Adaları da əhatə dairəsinə qoşulub. Elan edilib ki, 2025-ci ildə Bakı Təşəbbüs Qrupunun hesabatında kolonizasiya bölgələrinin sayı daha çox olacaq. Məsələn, təkcə, bu il 7-dən çox hesabat hazırlayıb təqdim edilib. Bu il isə 17 beynəlxalq konfrans keçirilib və onların bəziləri BMT qərargahlarında, Nyu-Yorkda, Cenevrədə baş tutub. Həmçinin BMT-nin İnsan Hüquqları Komitəsindən Fransa hökumətinin Martinik və Yeni Kaledoniyada həyata keçirdiyi müstəmləkəçilik haqqında hesabat istənilmişdi. Bu, son 5 ildə Fransa hökuməti qarşısında ilk tələb idi. BTQ tərəfindən 5 memorandum imzalanıb və bu üzrə 5 region üzrə QHT-lər, təşkilatlarla sıx əməkdaşlıq edilir. Bütün bunlar da Yelisey sarayını hərəkətə keçirib və yuxarıda qeyd olunan hesabat da bundan irəli gəlir.
Yekun olaraq sadəcə onu deyə bilərik ki, Fransanın bütün təzyiqləri kimi, qeyd etdiyimiz "hesabatı" da nəticə verməyəcək. Anlamalıdır ki, Azərbaycanın başlatdığı hərəkat qarşısıalınmaz prosesə çevrilib, xalqların tələbini yerinə yetirməkdən başqa yolu yoxdur.