Mahmud Abbasın gözlənilən Türkiyə səfəri nə vəd edir? - ŞƏRH

Mahmud Abbasın gözlənilən Türkiyə səfəri nə vəd edir? - ŞƏRH Fələstin Prezidenti Mahmud Abbas avqustun 14-15-də Türkiyəyə rəsmi səfər edəcək. O, avqustun 14-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Analitika
1 Avqust , 2024 11:43
Mahmud Abbasın gözlənilən Türkiyə səfəri nə vəd edir? - ŞƏRH

Fələstin Prezidenti Mahmud Abbas avqustun 14-15-də Türkiyəyə rəsmi səfər edəcək. O, avqustun 14-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. M.Abbas növbəti gün Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edəcək.

M.Abbasın Türkiyəyə səfəri barədə çoxdan müzakirələr gedirdi. Əvvəl belə məlumat yayılmışdı ki, Fələstin Prezidenti səhhətindəki problemləri əsas gətirərək səfəri təxirə salıb. Bu, Türkiyə daxili siyasətində ciddi təlatümlərə səbəb oldu. Müxalifət hakimiyyəti ittiham edərək M.Abbasın növbəti dəfə ölkəyə dəvətini tələb etdilər. Mümkündür ki, bundan sonra Türkiyə tərəfi M.Abbasa ikinci dəvət göndərib.

Öncə onu deyək ki, bu səfər və Fələstin Prezidentinin TBMM-də çıxışı Türkiyənin Fələstinə siyasi dəstəyinin təzahürüdür.

Ankara Yaxın Şərqdəki müharibənin ilk günündən etibarən Fələstini dəstəkləyir. Ümumiyyətlə, Türkiyənin sözügedən hərbi toqquşma ilə bağlı mövqeyi kifayət qədər konkretdir. Hətta R.T.Ərdoğan bu yaxınlarda Türkiyənin müharibəyə qoşulmasının mümkünlüyü barədə siqnal da vermişdi.

M.Abbasla R.T.Ərdoğanın gözlənilən görüşündə, sözsüz ki, İsrailə qarşı konkret mövqe ortaya qoyulacaq. Ola bilsin, liderlər həm də gələcək “yol xəritəsini” cızacaqlar.

Dövlət başçıları, yəqin ki, həm də digər ərəb və müsəlman dövlətlərinin İsrailə qarşı mövqelərini gücləndirmələri barədə fikir mübadiləsi aparacaqlar. Amma nəzərə almaq lazımdır ki, İslam dövlətlərinin əksəriyyəti müstəqil xarici siyasət kursuna malikdir. Bu isə o deməkdir ki, bəzi obyektiv və subyektiv səbəblərdən ayrı-ayrı İslam dövlətlərinin bu və ya digər məsələ ilə bağlı mövqeyi tam üst-üstə düşməyə bilər. Bunu normal, təbii qarşılamaq lazımdır.

Əlbəttə, Türkiyə müharibəyə qoşulmaqda maraqlı deyil. Yəqin ki, Ankara mümkün qədər bundan çəkinəcək. Elə buna görə Türkiyə bütün mümkün diplomatik vasitələrdən istifadə etməyə çalışır. Hazırkı situasiyada Türkiyənin əsas məqsədi İsrailə təzyiqi artırmağa nail olmaqdır.

Düşünmək olar ki, Ankara bunun üçün müəyyən mərhələdən sonra həm də Vaşinqtonla təmasları intensivləşdirməli olacaq.

Dediyimiz kimi, M.Abbas Türkiyəyə səfəri çərçivəsində həm də TBMM-də çıxış edəcək. Bu, Ankaranın Fələstin Prezidentinə ehtiramının təzahürüdür. Ümumiyyətlə, dünya praktikasında belə hallar olur: adətən liderlərə ehtiramın təzahürü olaraq o, bu və ya digər ölkənin parlamentinə dəvət edilir. Bu, bir növ diplomatik etiketdir.

Fələstin və Türkiyə liderlərinin gözlənilən görüşündən sonra İsrailə qarşı mübarizədə yeni mərhələnin başlanması mümkündür.

M.Abbasın Türkiyəyə səfəri rəsmi Ankaranın təkcə xarici yox, həm də daxili siyasəti üçün vacib məqamdır. Beləliklə, hakim AK Parti (Ədalət və İnkişaf Partiyası) müxalifətin, xüsusilə Cümhuriyyət Xalq Partiyasının (CHP) əlindəki əsas “kozır”ı yerə salacaq.

Son xəbərlər

Orphus sistemi