Rəsmi Kreml Ermənistanla yaşanan gərginliyə baxmayaraq, bu ölkədə konsulluq açmaqda israrlı görünür. Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq departamentinin rəhbəri Aleksey Klimov iddia edib ki, münasibətlərdəki gərginliyə baxmayaraq, Ermənistan hələ də Rusiyanın Qafanda baş konsulluğunun yaradılması planlarını dəstəkləyir. Lakin o, nə mənbə, nə də hansısa bir qurumun adını çəkib. “Rusiyanın Qafanda baş konsulluğunun yaradılması ilə bağlı planlarda heç bir dəyişiklik baş verməyib. Erməni tərəfinin onun açılmasına razılığı qüvvədə qalır”, - deyə Klimov vurğulayıb. O əlavə edib ki, konsulluq gələn ilin yanvarında açıla bilər.
Lakin məsələ ondadır ki, Rusiyanın Qafanda konsulluq açacağı inandırıcı görünmür. Rusiya XİN konsulluğun açılmasını Ermənistanın cənubunda yaşayan Rusiya vətəndaşlarının konsulluq xidmətlərindən istifadə imkanlarını əhəmiyyətli dərəcədə asanlaşdıracağı ilə əlaqələndirib. Bildirilib ki, yeni baş konsulluq Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə və regionda vəziyyətin sabitləşməsinə, eləcə də mədəni, humanitar, ticarət-iqtisadi və regionlararası əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək. Məsələ burasındadır ki, konsulluğun açılması söhbəti hazırda iki ölkə arasında yaşanan gərginlikdən əvvəl ortaya atılıb. Bu səbəbdən də yeni diplomatik nümayəndəliyin açılması inandırıcı görünmür. Ən əsası Moskva konsulluğun açılmasında israrlı olsa da, qarşı tərəfdə bu istək hiss olunmur. Bunun isə bir neçə səbəbləri var.
Birincisi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), hətta MDB-dən çıxmaq təşəbbüsü ilə çıxış edir, belə bir ərəfədə isə Moskva Qafanda konsulluq açılmasını gündəmə gətirir. İrəvan KTMT təlimlərində iştirakdan belə nümayişkaranə şəkildə imtina edir. Belə olan halda konsulluq söhbəti yersiz səslənir.
İkincisi, rəsmi İrəvan bir dəfə də olsun Zəngəzurda Rusiya konsulluğunun açılmasını şərh etmək istəməyib. Bu səbəbdən də diplomatik nümayəndəliyin açılması məsələsi hələ çox uzanacaq. Qarabağda Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra Ermənistanda artan anti-Rusiya ritorika fonunda belə bir mərkəzin açılmasına ermənilər az maraq göstərir.
Ermənistanın sürətlə Rusiyadan uzaqlaşmasını bir neçə faktla göstərmək olar. Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin effektivliyini şübhə altına alan bəyanatları artıq bu təşkilatın artıq qeyri-stabil bloka çevrilməsi təəssüratını yaradır. Ermənistan dəfələrlə Qarabağda Rusiya sülhməramlılarını öz öhdəliklərini yerinə yetirməməkdə də ittiham edib.
İrəvan Rusiyaya sonuncu zərbəni Beynəlxalq Roma Statutunu ratifikasiya etməsi ilə vurub. Parlamentin sənədi ratifikasiya etməsindən sonra prezident də onu təsdiq edib. Bu sənədin təsdiqi o deməkdir ki, Rusiya Prezidenti Vladimir Putin İrəvana gələrsə, həbs oluna bilər. Moskvanın cavabı da sərt olub, sənəd təsdiq olunduqdan sonra Rusiya gömrüyü Gürcüstanla sərhəddə “Yuxarı Lars” buraxılış məntəqəsində erməni konyakı ilə dolu yük maşınlarını buraxmaqdan imtina edib. Belə olan halda konsulluğun açılması məsələsi gündəmə gətirilir. Rusiya mediası və siyasiləri açıq yazır ki, konyak qadağası Rusiyanın cavab addımlarından yalnız biridir. Açıq xəbərdarlıq da edilir: əgər Paşinyan hökuməti qəbul etdiyi qərara yenidən baxmazsa, o zaman digər nəticələr də olacaq: Rusiyanın Ermənistana mehriban münasibəti sona çatıb, yəni artıq sərt dialoq başlayıb.
Son günlər iki ölkə arasında gərginliyin güclənməsinə daha bir təkan verilib. Belə ki, Ermənistanın baş nazirinin Avropa Parlamentində Rusiyanı hədəfə alması Moskvanı qıcıqlandırıb. Bunun ardınca parlamentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryan konsulluq açılması söhbəti ilə eyni vaxtda Rusiyanın ünvanına sərt fikirlər səsləndirib. Onun sözlərinə görə, Kreml Paşinyanın Avropa parlamentində çıxışını qısqanır. “Rusiya Paşinyanın Avropa Parlamentində belə uğurlu çıxış etməsini qısqanır. Belə təəssürat yaranır ki, bu çıxış Rusiyaya qarşı yönəlib. Lakin Ermənistan hakimiyyəti dövlət maraqlarına xidmət edir", - deyə deputat bildirib. O qeyd edib ki, “Ermənistan çox çətin vəziyyətdədir və bütün tərəfdaşlarla münasibətləri düzgün idarə etmək lazımdır”.
Rusiyanın Qafanda konsulluq açmaq istəyi bölgənin əhəmiyyətinin günü-gündən önəmli olması və bir sıra dövlətlərin həmin əraziyə xüsusi diqqəti artırması ilə əlaqədardır. Məsələn, artıq Qafanda İran konsulluğu fəaliyyət göstərir. Bu konsulluq ötən il oktyabrın 21-də açılıb. Məhz bundan sonra Rusiyanın Ermənistandakı səfirliyi də analoji istəyini ifadə edib. Ardınca, Fransa da Zəngəzur bölgəsində konsulluq açmaq qərarına gəlib. Bu ölkənin xarici işlər naziri Ketrin Kolonna sərhəddə yerləşən Zəngəzur bölgəsində konsulluq mərkəzi açacaqlarını bildirib. O zaman Fransanın Zəngəzurda konsulluq açması yalnız Azərbaycan üçün deyil, eyni zamanda müharibənin nəticələrinə görə əldə olunmuş 10 noyabr razılaşması əsasında açılacaq kommunikasiyalara təhlükə yaradacaq addım kimi qarşılanmışdı.
Fransanın hədəfi bəllidir; vətəndaşlarının təhlükəsizliyini təmin etmək adı ilə ya özünün, ya da Qərbin hər hansı ordu birləşmələrini bölgəyə gətirmək niyyətindədir. Şübhəsiz ki, burada Azərbaycanın adından istifadə edirlər, əsas hədəf Rusiyadır. Rusiyanın vaxtilə Cənubi Qafqazda forpostu elan edilən Ermənistan isə kor-koranə bu planın ardınca gedir.