Qərbin Azərbaycana qarşı təzyiqləri intensivləşib. Bu, son günlər daha aydın hiss olunur. Rəsmi Bakıya qarşı təzyiqin əsas təzahürlərindən biri də oktyabrın 22-də Avropa Parlamentində Azərbaycandakı vəziyyət, eləcə də Ermənistanla münasibətlərə dair keçirilən dinləmələr olub. Dinləmələr gözlənildiyi kimi də nəticələnib. Belə ki, bəzi Avropa siyasətçiləri növbəti dəfə Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış ediblər.
Bu baxımdan, xüsusilə Avropa Komissiyasının əmək və sosial məsələlər üzrə vitse-prezidenti Nikolas Şmitin səsləndirdiyi fikirləri göstərmək olar. Belə ki, o, bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və ya insan haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiası ilə çıxış edib.
Məsələ ondadır ki, indiyə kimi, Avropa Parlamentində qəbul edilən bəzi dinləmələrdə də belə absurd iddialar səslənib. Hətta rəsmi Bakı əleyhinə qətnamələr də qəbul edilib. Amma proseslərin inkişafı göstərib ki, onlar kağız parçasından başqa bir şey olmayıb. Olan da Avropa siyasətçilərinin özlərinə olur. Onlar, belə demək mümkünsə, “yalançı çoban” obrazına düşürlər.
Rəsmi Bakı Avroparlamentin sözügedən qərarına konkret münasibət bildirib. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bir neçə gün əvvəl Avropa Parlamentinin iddialarına dair danışıb. O qeyd edib ki, rəsmi Bakı Nikolas Şmitin Azərbaycan əleyhinə səsləndirdiyi qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanatı qətiyyətlə rəd edir: “Komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan bu bəyanatı reallıqdan tamamilə uzaqdır və Azərbaycanın daxili işlərinə növbəti uğursuz müdaxilə cəhdidir. AXFX və Avropa Parlamentinin bu cür zərərli yanaşması çoxdan səmərəsiz olduğunu və heç bir nəticə vermədiyini sübut etməklə yanaşı, yalnız Azərbaycan-Avropa münasibətlərini mürəkkəbləşdirir”.
Azərbaycana qarşı təzyiqlər təsadüfi deyil. Belə ki, Bakı bir neçə gün sonra beynəlxalq əhəmiyyətli tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Xüsusilə Qərb dairələri Azərbaycanın uğurlarını həzm edə bilmir və bunu hiss etdirir.
Güclənən təzyiqlər də birbaşa olaraq Azərbaycanın uğurlarına kölgə salmağa hesablanıb.
Əslində belə cəhdlər əvvəllər də olub. Belə ki, Qərb dövlətləri Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları, I Avropa Oyunları kimi mühüm tədbirlər ərəfəsində “suları bulandırmağa” cəhd etmişdi. Bu mənada Qərbin təxribatçı addımları əslində gözlənilirdi.
Əslində, Avropa İttifaqının (Aİ) Azərbaycandakı durum barədə danışmağa, ümumiyyətlə, haqqı yoxdur. Əgər bu təşkilat və Avropa Parlamenti, həqiqətən, obyektivdirsə, nədən Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə heç bir reaksiya verməyib?! Həmçinin, bəzi Aİ ölkələrində insan haqlarının pozulması, polis zorakılığı kimi məsələlər nə üçün heç vaxt gündəmə gətirilməyib. Məsələn, Avropa Parlamenti kolonialist siyasətindən əl çəkməyən Fransaya niyə indiyə qədər “gözün üstündə qaşın var” deməyib?
Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə aksiyaların qanla boğulması kimi hallara tam etinasızlığı fonunda Avropa Parlamentinin Azərbaycandakı durum, eləcə də, Bakı ilə İrəvan arasındakı münasibətlər barədə danışmağa mənəvi haqqı çatmır.
Sadalanan məqamlar və görünən mənzərə onu deməyə əsas verir ki, Avropa Parlamenti və ümumilikdə Aİ bölgədə sülh və sabitliyə zərbə vurmaqla məşğuldur. Məqsəd Cənubi Qafqazda yeni gərginlik yaratmaq, regiona nüfuz etməkdir. Lakin Aİ ən mühüm məqamı unudur: belə cəhdlər Azərbaycanla münasibətlərin pozulmasına səbəb olur.
Beləliklə, Aİ və Avropa Parlamentinin siyasiləşmiş təşkilat olduğuna heç bir şübhə yoxdur. Bu isə həm də onu deməyə əsas verir ki, Smit kimi onlarla Avropa siyasətçisi siyasi rüşvətxorluqla məşğuldur.
Nəticə etibarı ilə deməliyik ki, belə addımlar və riyakarlıqlar Avropanın özünü gözdən salır, bumeranq effekti verir.