Böyük güclər dünya siyasətinə, təəssüf ki, hələ də yüz il öncəki zehniyyətlə yanaşırlar. Ötən müddət ərzində beynəlxalq aləmdə bir çox inqilabi dəyişikliklər baş verib. Məsələn, Çin yenidən qurulub və dünya gücünə çevrilib. Hindistan müstəmləkədən xilas olub, aparıcı regional dövlətdir, nüvə silahlı Pakistan yaranıb, Rusiya iki dəfə dağılıb. Afrika qitəsi artıq müstəmləkə ərazisi deyil, daha qul bazarı kimi istifadə edilmir. Osmanlını dağıdan güclər indi Türkiyəni özlərinin regiondakı ən yaxın tərəfdaşı sayırlar. Bu illər ərzində İsrail də yaranıb və s.
Çar Rusiyası dağılandan sonra yeni müstəqil, demokratik respublikalar qurulub. Böyük güclərin prosesə hazır olmaması səbəbindən Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaranıb. 70 il sonra bu dövlət də dağılıb.
Beynəlxalq güclərin bu dəyişikliklərə köhnə prinsiplə yanaşması vəziyyəti gərginləşdirir. Belə yanaşmanı sərgiləyən planlardan biri də “Vudro planı”dır. 14 maddədən ibarət olan bu sənəd ABŞ-nin 28-ci Prezidenti Vudro Vilsonun adı ilə bağlıdır. Onun təklifi ilə plan 1918-ci il yanvarın 8-də Konqres tərəfindən qəbul olunub. Onun prinsiplərində türklərə, xüsusən Türkiyə və Azərbaycana qarşı iddialar var.
Vudro Vilson həm də ermənipərəstliyi ilə tarixdə qalıb. O, “Böyük Ermənistan” ideyasının reallaşmasına təkan verən əsas fiqur sayılır. Birinci Dünya Müharibəsindən sonra ermənilərin Türkiyəyə ərazi iddiaları onun himayədarlığı ilə dəstəklənirdi. Bu məqsədlə Vudro Vilson Ermənistan üzərində ABŞ-nin mandatını rəsmiləşdirmək üçün Senata müraciət etmişdi. Ancaq 1920-ci il iyunun 1-də ABŞ Senatı 23 səs lehinə, 52 səslə əleyhinə olmaqla prezidentin təklifini rədd etmişdi. Bolşeviklər həmin tarixədək - 1918-ci il mayın 28-də Azərbaycan torpaqlarında yaradılan Ermənistan Respublikasını zəbt etmişdi. Başqa sözlə, Rusiya bir vaxtlar Qacarlarla müharibədə ələ keçirdiyi bu ərazilərdə öz hakimiyyətini bərpa etmişdi.
ABŞ-nin ozamankı lideri hesab edirdi ki, insan hüquqları "Böyük Ermənistan və ermənilərin xilası”ndan ibarətdir. Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə, Ərzurum, Trapezund (Trabzon), Van, Bitlis Ermənistana verilməli idi. Ancaq türk ordusu V.Vilsonun Türkiyə ərazisində quracağı “dövlət” ideyasını darmadağın edərək anti-Türk planı puça çıxarmışdı. Bununla da onun qərarı ilə yaradılacaq qondarma “Müstəqil Ermənistan” iki həftəyə çökmüşdü.
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti 1919-cu il mayın 28-də Paris sülh konfransında Vudro Vilsonla görüşmüşdü. O, 28-ci prezidentdən Demokratik Respublikanı ABŞ-nin tanımasını və mandatını qəbul etməsini istəyib. Vilson onda Azərbaycanı müdafiə etmədiklərini acıq bildirməyərək “Azərbaycanın tanınması Rusiya məsələsindən əvvəl həll oluna bilməz” demişdi.
Yeri gəlmişkən, Vudro Vilson 1917-ci il aprelin 6-da ABŞ-nin Birinci Dünya Müharibəsinə qatılması barədə qərar verib. O, məsələ ilə bağlı Konqresə müraciətində bildirmişdi: “Bütün müharibələrə son qoymaq məqsədilə müharibəyə başlamalıyıq”.
Bu, həm də ermənipərəst prezidentin müharibə təşəbbüskarı olduğunu isbatlayır. ABŞ bu strategiya ilə İkinci Dünya Müharibəsində də iştirak edib. Belə vəziyyətdə ştatlar döyüşən tərəflər biri-birini zəiflədəndən sonra ədalətli hakim və güc olaraq meydana çıxır. Danışıqlarda isə əsas diktə edən tərəf rolunu oynayır.
Qeyd edək ki, bu çağırış indi də qüvvədədir. ABŞ-nin müdafiə naziri Lloyd Ostin Rusiya-Ukrayna müharibəsində Avropanın tutacağı mövqe ilə bağlı bildirib: “Avropa sülh istəyirsə, irimiqyaslı müharibəyə hazırlaşmalıdır. Biz Ukraynanın Rusiyaya uduzmasına icazə verməyəcəyik”. Başqa sözlə, Rusiya zəifləyəcəyi halda ABŞ və Avropadakı müttəfiqləri bu silahlı qarşıdurmaya qoşulacaq. Tarixdə İkinci Dünya Müharibəsi zamanı ikinci cəbhənin açılması bu yerdə yada düşür...
Anadoluda və Qafqazda vurnuxaraq ermənilərin “hüquqlarının müdafiəçisi” rolunda çıxış etmiş ABŞ-nin hədəfi dəyişməyib. O, Türkiyəyə qarşı ənənəvi erməni kartının adını indi PKK/YPG-PYD ilə əvəz edib. Azərbaycana isə ATƏT-in keçmiş Minsk qrupu həmsədri olduğu dövrdəki kimi müxtəlif məsələlərdə təzyiqləri davam etdirir.
1992-ci ildə demokratik yolla prezident seçkiləri keçirmiş Azərbaycana qarşı “907-ci düzəliş”in qəbul edilməsi də "Vudro planı"nın tərkib hissəsi sayıla bilər. Çünki o vaxt Azərbaycan torpaqlarını işğaldan azad etmək istəyirdi. 1993-cü ildə isə BMT Təhlükəsizlik Şurasının Ermənistanın həmin ərazilərdən çıxması ilə bağlı qəbul etdiyi 4 qətnamə də kağız üzərində qaldı. Həmin illərdə ştatlar da daxil olmaqla qurumun 5 daimi üzvü həmin sənədin icrasını ermənilərdən tələb etmədi.
O vaxt həmsədrlər – ABŞ, Fransa və Rusiya Azərbaycan torpaqlarının işğaldan azad olunmasından daha çox ermənilər vasitəsilə Cənubi Qafqazda nüfuz uğrunda mübarizə aparıblar.
İndi bu münaqişə yoxdur. Güclərin region uğrunda mübarizəsi isə davam edir. ABŞ və Avropa İttifaqı Ermənistanla birlikdə Cənubi Qafqazda “təhlükəsizliklə” bağlı yeni plan həyata keçirməyə hazırlaşır. Bu regional məsələdirsə, o zaman Azərbaycan və Gürcüstan prosesdə niyə yoxdur? Əks halda, rəsmi Bakının belə bir görüşlə bağlı etirazı məqbul sayılır.
Aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə ABŞ-nin dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edəcək. Ermənistan-Azərbaycan münasibətlərini, o biri iki tərəflərin isə rəsmi Bakı ilə İrəvan arasında vasitəçilik etmək iddiasında olduğunu nəzərə alsaq, iradların mənzərəsi ABŞ Dövlət Departamentin sözçüsü Metyu Millerə daha yaxşı aydın olar. O, Azərbaycanın bu görüşlə bağlı bəyanatı ilə razılaşmadığını bildirib. Sözçü keçiriləcək üçtərəfli görüşün Rusiyanın Ermənistandan çıxması ilə əlaqədar olub-olmadığı məsələsini şərh etməyib.
Deməli, Ermənistan Cənubi Qafqazda yeni qarşıdurma üçün siyasi oyuncaq rolunu oynayacaq. Bölgədə yeni münaqişə ocağının yaranması isə Azərbaycanın milli təhlükəsizliyi üçün təhdiddir.
Beləliklə, 105 il əvvəl hazırlanan "Vudro Vilson planı"nın yenidən həyata keçirilməsinə səy göstərilir. Bu, Ermənistanı təhlükə mənbəyinə çevirir. ABŞ-nin 28-ci prezidentinin dövründəki erməni lobbisi hələ də Qərbin maraqlarına işləyir. Yüz ildir dünyanın əsas güc mərkəzləri dəyişmədiyindən, yenisi yaranmadığından eyni plan və iddialar da qüvvədədir. Güclər köhnə, prinsiplər köhnə, icraçılar yenidir. Ona görə də Vudronun reallaşmayan Ermənistan ideyası hələ də dəbdədir.
Belə şəraitdə Azərbaycanın öz təhlükəsizliyini kənar təhdidlərdən qorumaq strategiyası təbiidir.