Kataloniya dərsi - Avropa İttifaqında milli məsələ həll edilməyib - ŞƏRH

Kataloniya dərsi - Avropa İttifaqında milli məsələ həll edilməyib - ŞƏRH Muxtar bölgələrə verilən hüquq sahəsində islahatlara ehtiyac var
Analitika
27 Oktyabr , 2017 15:26
Kataloniya dərsi - Avropa İttifaqında milli məsələ həll edilməyib - ŞƏRH
AP

Bakı. 27 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının yaranması avropalılara ucuz başa gəlməyib. Onlar 100 illik müharibələrdən, bir-birinin ərazisini işğal etməkdən keçiblər. Ötən əsrdə bu qitədə iki dünya müharibəsi baş verib. Sonuncu müharibədən sonra Avropa bir az toxtadı və Avropa İttifaqı adlı böyük ailənin qurulması ilə məşğul olmağa başladı.

1993-cü il noyabrın 1-də Maastrixt sazişi ilə formal olaraq təsis edilmiş bu ittifaqın təməli 1951-ci il aprelin 18-də Paris müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin yaradılması ilə qoyulub.

Hazırda 28 ölkənin üzv olduğu bu ittifaq insan haqlarının qorunması, demokratik dəyərlərə hörmət edilməsi və onların reallaşması, iqtisadi inkişafı, sosial ədalət sistemi, yüksək elm və texnologiyaya malik olması və başqa sahələrdə uğuru ilə dünyaya nümunədir, meyardır.

İkinci Dünya müharibəsi bitəndən, münaqişənin ağır nəticələri aradan qaldırılandan və Avropa İttifaqı özünü möhkəmləndirəndən sonra elə zənn edildi ki, bu qitədə yeni dövlətlərin yaranması istiqamətində cəhdlər olmayacaq. Düzdür, İrlandiya Respublika Ordusu, baskların ETA təşkilatı Avropada dövlətləşmə prosesinin başa çatmadığını, milli məsələnin öz həllini tapmadığını xatırladırdı. Bununla belə, Azərbaycan, Rusiya, Türkiyə, İraq və Suriyada separatçıları bu və ya başqa şəkildə dəstəklədiklərindən elə başa düşülürdü ki, irlandların, baskların və başqalarının cəhdləri uğur qazanmayacaq və problem tezliklə öz həllini tapacaq.

Təəssüflər olsun ki, Avropa bu məsələdə ondan nümunə götürmək istəyənləri məyus edir. Məlum olur ki, Avropa İttifaqının ən aparıcı dövlətlərində - İspaniya, İtaliya, Almaniya, Fransa, Britaniyada da belə milli məsələ öz həllini tapmayıb. Muxtar bölgələrə verilən hüquq sahəsində islahatlara ehtiyac var.

Deməli, Avropada gec-tez yeni dövlətlərin yaranacağı ehtimalı gündəlikdə qalır. O da məlum olub ki, müstəqil olmaq istəyən və ya genişləndirilmiş muxtariyyət tələb edənlər mərkəzi hakimiyyətə daha çox vergi verirlər, qarşılığında isə dövlət büdcəsindən daha az vəsait alırlar.

İkinci Dünya müharibəsindən sonra Avropada parçalanma Yuqoslaviya Federativ Sosialist Respublikasının süqutu ilə başladı. Bu parçalanma zamanı dünyanın nümunə götürmək istədiyi və özü üçün örnək bildiyi qitədə insanlığın ən faciəvi dramları yaşandı. Elə Bosniya-Hersoqovinanın Srebrenitsa bölgəsində tökülən qanı, soyqırımını yada salmaq faciəni, onun miqyasını təsəvvür etməyə imkan verir.

Qeyd edək ki, Hollandiyadan olan hərbçilər Bosniya-Hersoqovinanın Srebrenitsa bölgəsində BMT-nin sülhməramlılarında xidmət ediblər. Onlar 300 bosniyalı müsəlmanın qətlində ittiham olunublar. Qətliamdan əvvəl 5 min bosniyalı dinc sakin - qadın, uşaq, kişi holland sülhməramlılarının qərargahına sığınıb. Ancaq 1995-ci ildə serb hərbçilər qərargahı mühasirəyə alaraq 300 bosniyalı müsəlmanı maşınlara mindirərək naməlum istiqamətə aparıb, qətlə yetiriblər. Həmin hollandiyalı əsgərlər serbiyalı hərbçilərlə əməkdaşlıq etməkdə ittiham olunublar. Hollandiya məhkəməsi rəsmi Amsterdamın qətlə yetirilən 300 bosniyalının ailəsinə təzminat verməsi haqqında qərar çıxarıb.

Karlos Puçdemon

BMT 1993-cü ildə Srebrenitsanı bosniyalılar üçün təhlükəsiz bölgə elan edib.

Xatırladaq ki, 1995-ci il iyulun 11-də BMT qüvvələrinin nəzarəti altında olan bu şəhərə Ratko Mladiçin komandanlığı altında Serbiya ordusu ağır texnika və çoxsaylı canlı qüvvə ilə girərək soyqırımı törədib. İki gündə 8 372 bosniyalı müsəlman öldürülüb. Onların hamısı kişilərdir. Həmin hadisədən 20 il ötsə də, indiyədək 6 241 nəfər dəfn edilib. Bu günə kimi 7 000 meyit tapılıb. 1 372 nəfər barəsində heç bir məlumat yoxdur.

BMT Təhlükəsizlik Şurasında Srebrenitsada soyqırımın olması ilə bağlı hüquqi sənədin qəbul edilməsi müzakirə olunub. Şuranın 15 üzvündən 10-u bu məsələnin lehinə səs verib. Rusiya veto qoyduğundan sənəd qəbul edilməyib.

Yuqoslaviyadakı 1991-1995-ci il savaşından əvvəl Srebrenitsada 36 666 nəfər yaşayıb. Məlumata görə, hazırda orada yaşayanların sayı on minə yaxındır. Soyqırımadək Srebrenitsada əhalinin 78%-ni bosniyalılar, 9%-ni isə serblər təşkil edib. İndi müsəlmanların sayı 5 minə yaxındır. Şəhər əhalisinin qalanı serbdir.

Bütün bunlar mədəni və nümunə olacaq Avropada 22 il əvvəl yaşanıb.

Bu il oktyabrın 1-də İspaniyanın Kataloniya əyalətində 11 ildən sonra yenə referendum keçirildi. Bu dəfə onlar krallığın tərkibindən ayrılmaq məsələsini səsverməyə çıxarmışdı. Kataloniya Muxtar Əyaləti hökumətinin təşəbbüsü ilə keçirilən “referendum"u və nəticələrini dünyanın heç bir dövləti dəstəkləmədi, səsverməni qanunsuz adlandıraraq bu məsələnin İspaniyanın daxili işi olduğunu bildirdilər.

İspaniya hökuməti oktyabrın 21-də Kataloniya Muxtar Vilayətinə qarşı ölkə konstitusiyasının 155-ci maddəsinin tətbiq olunması haqqında qərar qəbul edib. Həmin maddəyə əsasən, Kataloniyanın bütün rəhbərliyi hakimiyyətdən kənarlaşdırıla, bütün səlahiyyətlər Madrid tərəfindən təyin olunmuş nümayəndəyə keçə və bundan sonra Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər.

İspaniya hökuməti Kataloniyanın yerli rəhbərliyindən bölgənin müstəqilliyini elan edib-etməyəcəyi ilə bağlı qəti qərar qəbul etməsini istəyir.

İspaniya hökumətinin qərarı Senatın oktyabrın 27-nə təyin edilən sessiyasında təsdiq olunmalıdır.

Hələlik əyalət rəhbərliyi rəsmi Madridin sualını cavablandırmayıb. Ötən gün Kataloniya Muxtar Vilayətinin başçısı Karlos Puçdemon bildirib ki, bölgədə növbədənkənar parlament seçkiləri keçirilməyəcək

Onun sözlərinə görə, buna səbəb İspaniya hökumətinin Kataloniyanın muxtariyyətinin ləğvi ilə bağlı qəbul etdiyi qərarı geri götürəcəyi ilə bağlı zəmanət verməməsidir.

K.Puçdemon Kataloniyanın İspaniyadan ayrılması ilə bağlı qərarın parlament tərəfindən veriləcəyini də vurğulayıb.

İspaniya xarici işlər naziri Alfonso Dastis Kesdo bildirib ki, təmsil etdiyi hökumət münaqişəni tənzimləmək üçün Kataloniyaya qoşun yeritmək məsələsini nəzərdən keçirmir.

Beləliklə, Kataloniya “referendum”dan sonra növbəti addımı atmayıb. İspaniya mərkəzi hökumətinin də elə ciddi fəaliyyəti görünmür. Başqa sözlə, tərəflərin bu davranışı daha çox gözləmə mövqeyini xatırladır.

Kim nəyi gözləyir? Bir sıra dövlətlər artıq məsələyə münasibətini bildirib. Problemin həllini İspaniya hökumətinə həvalə edib. Hələlik beynəlxalq vasitəçilərlə bağlı yalnız söz-söhbətlər gəzir. Əyalət rəhbərliyi də verdikləri bəyanatlarla “müstəqillik” tərəfdarlarını sakitləşdirməyə çalışır, onların tutduqları mövqedən geri çəkilməsinin qarşısını almağa səy göstərirlər.

Odur ki, Kataloniya hökuməti yolayrıcındadır. Ya geri çəkilməli, ya da mövcud muxtariyyətin genişləndirilməsi tələbi ilə danışıqlara başlamalıdır. Kataloniya hökumətinin mövqeyindən belə qənaətə gəlmək olar ki, onlara “müstəqillikləri"nin dəstəklənəcəyi vədini verənlər də var. Ancaq onlar hələ də özlərini göstərmirlər. Karlos Puçdemon müstəqillik məsələsi ilə bağlı dünyanın bir sıra dövlətlərində səfərdə də olub. Həmin dövlətlərin katalonlara verdikləri vədlə bağlı məlumatlar yayılmasa da, bunun olmadığı istisna edilmir.

Beləliklə, arzuladığımız, nümunə götürdüyümüz Avropa İttifaqı başqalarına qazdığı quyu ilə indi özü üz-üzə qalıb. Britaniyanın “Brexit”i ilk idi. Davamının olacağı isə istisna edilmir.

Görəsən, Kataloniyada baş verənlərdən sonra Avropa İttifaqı separatçılığı yenə dəstəkləyəcəkmi?! Hər halda ittifaq üçün son iki ildə Britaniyadan sonra Kataloniya ikinci sürpriz, yaxud problem hesab olunmalıdır. 

Son xəbərlər

Orphus sistemi