HƏMAS-ın İsrailə hücumu “Hizbullah”la bağlı məsələni gündəliyə gətirib. Müharibə başlayandan iki gün sonra bu siyasi-hərbi qruplaşmanın lideri Həsən Nəsrullah “hərəkat”ı dəstəklədiklərini bildirib.
Odur ki, bu təşkilat yəhudi dövləti üçün HƏMAS-dan az təhlükəli sayılmır. İsrail üçün “Hizbullah”la “hərəkat”ın hüquqi baxımdan fərqi var. Yəhudi dövləti rəsmi olaraq Fələstini müstəqil dövlət olaraq tanımır. Onu muxtar bölgəsi sayır. Ona görə də HƏMAS-a qarşı əməliyyatı daxili təhlükəsizlik məsələsi hesab edir.
“Hizbullah” isə başqa bir dövlətin, qonşu Livanın ərazisində fəaliyyət göstərir. Ona görə ona qarşı istənilən əməliyyat müharibə sayılır.
Son 42 ildə onlar arasında iki dəfə müharibə olub. Birinci Livan (Hizbullah)–İsrail 1982-ci il iyunun 6-dan 1985-ci il iyunun 5-dək davam edib. Müharibəyə səbəb Livan ərazisindən İsrailin şimalına Fələstin Azadlıq Hərəkatı üzvlərinin partizan hücumları olub. İkinci savaş da yayda, 2006-cı il iyulun 12-dən-avqustun 14-dək davam edib. Buna səbəb kimi “Hizbullah”ın İsrailin şimalında sərhədyanı bölgələri raket-minaatanlarla atəşə tutması, yəhudi dövlətinin sərhəd patrul heyətinin üç hərbçisinin öldürülməsi, ikisinin isə girov götürülməsi göstərilir.
Məlumatlara görə, ötən gecə “Hizbullah” İsrailin şimal bölgələrinə 85 raket atıb. Bundan əvvəl də, yəhudi dövlətinin ərazisi qruplaşma tərəfindən atəşə tutulub. Qarşı tərəf müxtəlif tədbirlər həyata keçirib, onun yüzdən çox hərbi komandirini öldürüb.
HƏMAS Qəzza zolağından “Hizbullah” isə şimal hissədən İsrailin təhlükəsizliyini daim təhdid edir. Hər iki silahlı qruplaşmanı İranın maliyyələşdirdiyi sirr deyil.
Bəzi faktları xatırladaq. 2005-ci ildə Ekvador polisi “Hizbullah”la əlaqəli təxminən bir milyon dollar dəyərində kokain daşınmasını ələ keçirmişdi.
2009-cu ilin aprelində Hollandiyanın Karib hövzəsindəki Kurakao adasında “Hizbullah”la əlaqəli narkotik alverində” iştirak edən 17 nəfər həbs olunub. 2007-2009-cu illərdə Kolumbiyanın kəşfiyyat orqanları ölkə ərazisində “Hizbullah” üzvünün rəhbərlik etdiyi kokain qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə bağlı araşdırma aparıb. Kolumbiya və Amerika 130-dan çox şübhəlini həbs etmiş və 23 milyon dolları müsadirə etmişlər. 2011-ci ildə ABŞ-da “Hizbullah” tərəfdarı Livan, Qərbi Afrika, Panama və Kolumbiyada yerləşən əməliyyatlar vasitəsilə Avropa və Yaxın Şərqdə kokain satışından ayda 200 milyon dollara qədər pul yumaqda ittiham olunub.
2020-ci ildə bu qrup İtaliyada 14 ton amfetamin qaçaqmalçılığı ilə bağlı şübhəli bilinib. 2021-ci ildə Səudiyyə limanının səlahiyyətliləri Livandan gətirilən yüklərin arasında gizlədilən 5 milyondan çox “Captagon” tabletini ələ keçirib. Ümumilikdə, 2015-2021-ci illər arasında Livandan 600 milyondan çox planşet keçirməyə cəhd edilib. “Hizbullah” öz növbəsində Səudiyyə Ərəbistanının daşımalarla bağlı ittihamlarını rədd edib.
“Hizbullah” bir sıra ölkələrdə terror aktları törətməkdə də ittiham olunub. 2011-ci ilin mayında Türkiyənin İstanbul şəhərində bazar yaxınlığında törədilən terror aktında onun da adı hallanıb. 2012-ci il iyulun 18-də Bolqarıstanın Burqas şəhərində israilli turistlərin olduğu avtobusda törədilən terror nəticəsində 6 nəfər ölmüş, 62 nəfər xəsarət almışdı və s.
Bundan başqa bu silahlı onun düşərgəsində PKK, "İrlandiya Respublika Ordusu" kimi terror qruplaşmalarının döyüşçülərinə təlim keçiblər.
Belə faktlar “Hizbullah”ın beynəlxalq şəbəkəyə aid olduğunu təsdiqləyir. Bəzi məlumatlara əsasən, Belarus ərazisindən keçməklə Ukraynaya Rusiya tərəfdən döyüşmək üçün 800 döyüşçüsü göndərilib.
“Hizbullah” Livanda dövlət içində dövlətdir. İran bu qruplaşma vasitəsi ilə həm bu ölkədə fəaliyyətini və bazasını genişləndirir, həm də İsrail ərazisini birbaşa hədəfə ala bilir.
Ona görə də İran rəsmiləri iddia edir ki, İsrail Livana hücum edərsə bu, region üçün faciə olar. Bu günlərdə İslam Respublikası xarici işlər naziri səlahiyyətlərini icra edən Əli Baqeri Kəni bildirib ki, əgər bu baş versə Livan israilli əsgərlər üçün cəhənnəmə çevriləcək. Onun iddiasına əsasən, İsrail hökuməti Livana hücum etməklə Qəzza zolağındakı uğursuzluğunu gizlətməyə, kompensasiya etməyə çalışır.
İran rəsmisinin mümkün hadisə ilə bağlı belə açıqlaması təbii sayıla bilər. Çünki “Hizbullah”ı Tehran hakimiyyəti 1980-ci illərdə formalaşdırıb. Bu, onun maliyyə və himayə etdiyi, təlimatlandırdığı siyasi-hərbi qruplaşmadır.
Təşkilat ABŞ, Böyük Britaniya, İsrail, və bir sıra ərəb dövlətləri tərəfindən terror təşkilatlar siyahısına daxil edilib. Bu yaxınlarda Ərəb Dövləti Liqası isə onu bundan sonra terror təşkilatı olaraq tanımayacaqlarını bildirib.
Bəs HƏMAS-İsrail müharibəsi bitmədən yəhudi dövləti Livana və ya “Hizbullah” qarşı savaşa başlaya bilər? Bu, Yaxın Şərqdə geniş hərbi əməliyyatların başlamasına səbəb olacaq? Birinci halda müharibə yalnız “hərəkat”la bir dövlət arasında savaş olmadığı kimi Livandakı qruplaşmaya qarşı əməliyyat da bir təşkilata bağlı deyil.
Bu, İsrail və onun dəstəkləyən qüvvələrin qarşı tərəfin arxasında açıq duran və özünü epizodik olaraq göstərənlər arasında münaqişədir. Məsələn, Qərb Rusiyanın başının Ukraynada qatmaq, Çinin diqqətini Tayvana, Tibetə və s. yönəltməyə çalışır. Bir çox hallarda buna nail də olur. Ona görə də qarşı tərəf ABŞ və müttəfiqlərini HƏMAS-İsrail, Hizbullah-İsrail qarşıdurmasına cəlb etməklə onları tələyə salmağa, oyuna cəlb etməyə səy göstərirlər. Ancaq hələ ki Qərb bu qarşıdurmada daha üstün vəziyyətdədir.
Çünki Çin Qərblə açıq müharibəyə girişməkdə maraqlı görünmür. Buna səbəb onun diqqətini daha çox iqtisadiyyata ayırmasıdır. Ancaq arada bəhs etdiyimiz münaqişələrə siyasi maraqları baxımından dəstək verir.
İsrailin Livana hücum ehtimalı azdır. Bu baxımdan onun “Hizbullah”ın Livan ərazisindəki bazalarına raket zərbələri endirəcəyi istisna edilmir. Çünki Livan ayrıca müstəqil bir dövlətdir. Livanla İsrail arasında sərhədlərin delmitasiya və demarkasiyası prosesi başa çatmasa da, yəhudi dövləti sərhədləri aşmaqla beynəlxalq normaları pozmaqla açıq müharibəyə çətin başlayar.
Ona görə də İsrailin Livanda bu qruplaşmaya qarşı hərbi əməliyyatı daha çox çaşdırıcı əməliyyat olar. HƏMAS-İsrail müharibəsi ərəblərin tam dəstəyini almadığı kimi “Hizbullah”a qarşı əməliyyatlara da onların cəlb olunması ehtimalı azdır. Çünki hər iki qruplaşmanın neytrallaşması ərəb dövlətləri ilə İsrail arasında münasibətlərin perspektivdə qurulması, genişlənməsi və əməkdaşlığına müsbət təsir göstərər. Bu regionda İranın təsirini də azalda bilər. Belə bir vəziyyət ərəb dünyasının maraqlarına uyğun gələr. Ona görə də İsrailin Livana qarşı müharibəsi İranın regionda fəallığını bir az artmasına səbəb olar. Bu isə yəhudi dövlətinin maraqlarına əlavə yükdür. Ona görə bu savaş çətin baş tutsun. Onun arzulayanların arzuları gözündə qalacaq. Bu baxımdan İsrailin “Hizbullah”a üqarşı əməliyyatı, Livanla müharibə xarakteri alma ehtimalı azdır.