Ermənistan növbəti dəfə riyakarcasına dünya ictimaiyyətini yanlış istiqamətə yönləndirməyə çalışır. Qarabağda “humanitar böhran” yaşandığını iddia edərək BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət edib. Qurumun ali orqanını “Qarabağdakı vəziyyətlə bağlı” təcili iclasının çağırılmasını istəyib. Beynəlxalq təşkilatdan qətnamə ummağa ümid edən rəsmi İrəvanın bu çağırışının bir adı var - riyakarlıq. Çağırışın erməni həyasızlığının pik həddi hesab edilməli olduğunu faktlar sübut edir. Əvvəla, necə olur ki, illər uzunu adıçəkilən təşkilatın Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması ilə bağlı Təhlükəsizlik Şurasının qəbul etdiyi beş qətnaməni kağız parçası adlandıran, hətta ona istinadı dözümsüz mövqe sərgiləyən Ermənistanın indi yadına BMT düşür? Təbii ki, iclas çağırmaqla hədəfi bəllidir - Laçın yolunda yaratdığı süni “humanitar böhran”a dünya birliyinin diqqətini yönəltmək. Özü də bu ermənilərin ilk cəhdi deyil - 2022-ci il dekabrında havadarı Fransanın təşəbbüsü ilə Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası ilə bağlı TŞ-nin fövqəladə iclası çağırılsa da, üzv dövlətlər arasında konsensus olmadığından Fransanın irəli sürdüyü bəyanat layihəsi razılaşdırılmadı. Böyük ehtimalla ermənilərin növbəti cəhdi də uğursuz olacaq. Nəyə görə? Səbəbləri sadədir.
Birincisi, bu mövzunun yenidən TŞ-də qaldırılması cəhdi olarsa, bu, təkcə siyasi və hüquqi deyil, mənəvi baxımdan da yersiz olacaq. Çünki Azərbaycan erməni əhalinin yaşadığı əraziyə gedən yolu bağlamayıb. Məsələnin TŞ-də qaldırılması onun formatından sui-istifadə edərək yalan dolu narrativlər əsasında beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinin kobud şəkildə pozulması olacaq.
İkincisi, Azərbaycanın öz suveren hüquqlarından istifadə edərək sərhəddə sərhəd-keçid məntəqəsi qurması Ermənistanın 2020-ci ilin 10 noyabr bəyanatına zidd olaraq bu yolla Azərbaycan ərazilərinə silah-sursat daşıması, bu əraziləri minalaması, Qarabağdakı 10 min erməni hərbi qulluqçusunun rotasiyasını həyata keçirməsi, hərbi istehkamlar qurması, qaçaqmalçılıq və sairənin qarşısını almağa yönəlib. Azərbaycanın haqlı tələblərinə baxmayaraq, son iki il ərzində Ermənistan SQ-yə məxsus hərbi yük maşınları Laçın-Xankəndi yolu ilə daşımalar həyata keçirib. İşğaldan azad olunmuş ərazilərdə aşkar olunmuş minaların 2021-ci ildə Ermənistanda istehsal edildiyi müəyyən olunub. Açıldığı gündən Laçın yolu ilə 2 mindən çox erməniəsilli şəxslər Qarabağdan Ermənistana və geriyə səfər edib, Beynəlxalq Qırmızı Xaş Komitəsinin nəqliyyat vasitələrinin keçidi təmin edilib. Ermənistan və Qarabağdakı separatçıların tör-töküntüləri iddia edir ki, Qarabağda yaşayan ermənilərin gediş-gəlişi üçün problemlər yaradılır. Halbuki, ermənilərin məlumatlarında yer alan xəbərlərdə bildirilir ki, tək avqustun 12-də BQXK-nin iştirakı ilə 10 xəstə Ermənistana aparılıb. Elə həmin gündə 9 xəstə Qarabağ iqtisadi rayonuna göndərilib. Bu da onu sübut edir ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus 9 nəqliyyat vasitəsinin hərəkəti təmin olunub.
Nəhayət, Ermənistan və onun havadarları nəzərə almalıdır ki, nə Ermənistanın destruktiv əməlləri, nə də TŞ-da siyasi spekulyasiyalar Azərbaycanın haqlı mövqeyinə təsir etməyək. Ermənistan bilməlidir ki, BMT-də Azərbaycana qarşı hər hansı təxribat Azərbaycanın iradəsinə də təsir göstərməyəcək. Amma bu indiyədək aparılan sülh təşəbbüslərinin sonu demək olacaq.
Məsələnin digər tərəfi ondadır ki, Qərb ölkələri belə addım atmağa cürət edərlərsə, o zaman sülh danışıqlarına dair ABŞ formatı və Aİ-nin vasitəçiliyi ilə gedən proses dayandırılacaq. Arxivə atılan Minsk qrupunun üzvü - Fransa regionda bütün nüfuzunu itirdiyi kimi, ABŞ da bölgədəki mövqelərini zəiflədəcək. Əgər Azərbaycana qarşı bu təxribatda Rusiya da iştirak etsə, bu ölkənin vasitəçiliyi ilə də danışıqlar əhəmiyyətini itirəcək. Bununla Azərbaycan ümumiyyətlə bu prosesi artıq hər hansı vasitəçilərlə müzakirə etməyəcək. Yeri gəlmişkən, artıq Rusiyaya təzyiqlər də başlayıb. Bu gün Ermənistanın Rusiyadakı səfirliyi qarşısında aksiya keçirən ermənilər Kremli ermənilərin müdafiəçisi rolunu könüllü şəkildə öz üzərində götürdüyünü iddia ediblər. Ardınca da, həyasızcasına Qarabağdakı mövcud durumu Leninqradın İkinci Dünya müharibəsində blokadası arasında paralellik aparıblar.
Sonda bir məsələni də qeyd edək. Azərbaycana qarşı mümkün qərar yaxud qətnamə dünyanın hər yerində separatçı əhvali-ruhiyyənin artmasına səbəb ola bilər. Bununla da dünya düzəni pozular. Ümid etmək olar ki, təşkilat Ermənistanın təxribatına uyub addıma getməyəcək. Əks halda, bu təşkilatın prinsiplərindən uzaqlaşması demək olacaq. Bu prinsip isə dövlətlərin ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaqdan keçir.