İrəvandan növbəti sayıqlama - Nikol Paşinyan Moskva ilə oyun oynayır

İrəvandan növbəti sayıqlama - Nikol Paşinyan Moskva ilə oyun oynayır Noyabrın 26-da Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək.
Analitika
24 Noyabr , 2021 15:29
İrəvandan növbəti sayıqlama - Nikol Paşinyan Moskva ilə oyun oynayır

Noyabrın 26-da Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək. Görüş ərəfəsində Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bir sıra iddialarla çıxış edərək noyabrın 26-da keçiriləcək görüşün üzərinə indidən kölgə salmağa cəhd göstərib. Hətta səsləndirdiyi fikirlərlə 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanatın tələblərinə və yanvarın 12-də keçirilmiş görüşdə əldə edilən razılaşmalara qarşı çıxıb. Nikol Paşinyan bu çıxışı ilə rəsmi İrəvanın danışıqların ruhuna zidd addım atdığını bir daha təsdiqləyir. 44 günlük döyüşlər zamanı Rusiya Prezidenti Vladimir Putindən müharibənin dayandırılmasını və şərtlərə razı olduqlarını deyən Ermənistan hökumətinin başçısı məğlub və kapitulyasiya edilmiş tərəf olmağına baxmayaraq, indi az qala həm Moskvaya, həm də Bakıya qarşı şərtlər irəli sürür. O, reallıqları və əldə edilən razılaşmaları təhrif etməklə öz cəmiyyətini və beynəlxalq ictimai rəyi çaşbaş salmağa cəhd göstərir.

Əslində, Nikol Paşinyanın səbatsızlığı heç kimə sirr deyil. Onun bu yaddaşsızlığını nəzərə alaraq ötən müddətdə baş verənləri xatırlamaq istərdik. Heç kimə sirr deyil ki, Nikol Paşinyan və onu hakimiyyətə gətirənlər Rusiya əleyhinə olan qüvvələrdir. Müxalifətdə olarkən Rusiyanın sponsorluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqına qarşı çıxış edirdi. O, deputat olanda Ermənistanın bu iki təşkilatdan çıxması məsələsini bir neçə dəfə parlamentin gündəliyinə salmağa nail olmuşdu. Nikol Paşinyan bildirirdi ki, KTMT və İttifaqın Ermənistana heç bir faydası yoxdur. Habelə komandan olduğu ordu Azərbaycanla dövlət sərhədində təxribat törədəndə ölkə rəsmiləri Avropa İttifaqı və NATO-nu köməyə çağırırdı. Bununla da Nikol Paşinyan və onun komandasının üzvləri Rusiyanı təhqir edir, Qərbi isə öz təxribatlarının iştirakçısına çevirməklə guya siyasi oyun quran kimi göstərməyə çalışırdı. İş o yerə çatmışdı ki, Nikol Paşinyan Ermənistan sərhədlərinin qorunması üçün NATO-nu dəvət etmişdi. Bu isə Rusiyaya meydan oxumaq demək idi. Çünki Ermənistanın dövlət sərhədinin böyük bir hissəsi, xüsusilə İran və Türkiyə sərhədləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Komandanlığı tərəfindən qorunur. Belə çıxır ki, Nikol Paşinyan Rusiyanı sərhəddə NATO ilə əvəzləmək istəyir. Halbuki 2018-ci ilin iyulunda bəyan etmişdi ki, Ermənistan NATO-ya üzv olmağa can atmır.

Nikol Paşinyan
Nikol Paşinyan

Nikol Paşinyan hakimiyyətə Ermənistandakı anti-Rusiya qüvvələrinin dəstəyi ilə gəlib. Odur ki, onların rəsmi İrəvan tərəfindən dəstəklənməsi davam edir. Noyabrın 8-də Ermənistanda birbaşa rusları aşağılayan şüarla aksiya keçirildi. Onu dəstəkləyən Vaqe Qasparyan adlı erməni siyasətçi “Rusiya ilə Ermənistan arasında heç vaxt dostluq olmayıb” deməklə rəsmi İrəvanın və Paşinyan komandasının ikiüzlülüyünü ifşa etmişdi. Bu yaxınlarda isə Ermənistanın Baş naziri Arşak Karapetyanı müdafiə naziri vəzifəsindən azad edib. Məlum olub ki, keçmiş nazirin işdən qovulmasına səbəb onun həm də Rusiya vətəndaşı olmasıdır. Nikol Paşinyan bu məsələ ilə bağlı əlavə hay-küy yaranmaması üçün Arşak Karapetyanı əlüstü işdən azad edib.

Ermənistan hökumətinin başçısı Rusiyaya yaltaqlanıb əsl simasını gizlətmək üçün çox cəhdlər göstərir. O, anti-Rusiya meyilli sayılan Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri, hakim “Vətəndaş razılaşması” fraksiyasının üzvü Andranik Koçaryanı təcrid etməyə çalışır. Çünki bu deputat Rusiyanı erməniləri satmaqda ittiham edib. Qərbyönlü sayılan, onların maliyyələşdirdikləri, əslində, məqam düşəndə onun dəyərlərini də tapdayan parlamentin fraksiyası hesab edir ki, Ermənistanın xarici siyasi kursu dəyişməli, ölkə KTMT və Aİİ-dən çıxmalıdır. Belə bir vəziyyətdə Nikol Paşinyan özünü Rusiya tərəfdarı kimi göstərməyə və özünü Moksvanın gözündə böyük göstərməyə cəhdlər edir.

Bir tərəfdən əlini Rusiyanın ətəyindən üzməyən Nikol Paşinyan digər tərəfdən isə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün təşkil edilməsinə can atıb. O, bununla Kremlin indiyədək Ermənistana etdiyi güzəştlərə və dəstəyə nankorluq edib. Nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi indiyədək beynəlxalq vasitəçilərdən torpaqların işğaldan azad edilməsində heç bir yardım görməyib. 44 günlük döyüşlər gedən zaman isə onlar Azərbaycanın haqlı savaşının üstünə çamur atmağa cəhd etdilər. Digər tərəfdən rəsmi Bakı münaqişənin bitdiyini, statusun olmayacağını bəyan etdiyi halda Brüssel hansı “ağıllı” təklifləri irəli sürə bilər. Odur ki, qərblilər Emənistandan minalanmış ərazinin xəritəsini, dövlətlər arasında sərhədlərin müəyyənləşməsini, habelə regionda sabitliyin və əməkdaşlığın yaranması üçün təkliflər irəli sürsələr, daha məntiqli davranarlar.

Nikol Paşinyan noyabrın 23-də keçirdiyi mətbuat konfransında irəli sürdüyü saxta tezislərlə Soçi və Brüsselə gedəcək. Ermənistan Baş nazirinin saxta iddialarından bəzilərini diqqətinizə çatdıraq. O iddia edib ki, “Zəngəzur dəhlizi” və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycan tərəfi uydurur, Ermənistana qarşı bununla ərazi iddiaları irəli sürür. “Yalançının yaddaşı olmaz”. Görünür, Nikol Paşinyana hər gün eyni mətləbləri xatırlatmağa ehtiyac var. Çünki Nikolun böyüyüb tərbiyə aldığı Ermənistanda tarix və hadisələr o qədər saxtalaşdırılıb ki, indi hökumət başçısı vəzifəsində işləyən də təhriflərdən xilas ola bilmir. Heç kimə sirr deyil ki, həmin ərazinin tarixi adı Zəngəzurdur. Hətta Ermənistanda eyni adda Zəngəzur Mis-Molibden Zavodu da fəaliyyət göstərir. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladıqları dövrdə yer adlarını erməniləşdirmişdi, onu dünyaya saxta adla tanıtdırmağa səy etmişdi. Bu baxımdan Nikol Paşinyanın toponimlərlə bağlı erməni xəstəliyi burada özünü göstərir.

Ermənistanın Baş naziri Azərbaycanı “təcavüzkar və cəngəllik siyasəti yürütməkdə” ittiham edir. Çox gülünc və əsassız olduğu gün kimi aydındır. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, həmin əraziləri xarabazara çevirən Ermənistan hakimiyyətinin başçısının belə bir iddia ilə çıxışı çox gülünc və hiyləgərlikdir. Onun bu sayıqlamalarına rəsmi Moskva və Brüsselin inanacağına adamın inanmağı gəlmir. Ancaq ola bilsin, elə onlar Paşinyana rəsmi Bakıya təzyiq etmək üçün “əsaslar” toplamağı tapşırıblar. O da təhfiredici və saxta iddialarla görüşə gedir.

Nikol Paşinyan üçtərəfli bəyanatın müddəalarını həyata keçirmədiklərindən heç bəhs etməyib. Həmin sənəddə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi, işğal altında saxlanılan Naxçıvanın Kərki kəndinin və Qazax rayonunun 7 kəndinin geri verilməsi kimi məsələlər də öz əksinin tapıb. Ancaq Ermənistanın Baş naziri nə çıxışında, nə də başqa tədbirlərdə bu məsələlərə heç vaxt toxunmur.

Ermənistanın sərhəddə törətdiyi təxribatlar, Şuşanın Daşaltı kəndi yaxınlığında Rusiya sülhməramlılarının gözü qarşısında erməni terrorçunun azərbaycanlı hərbçilərə qumbara ilə hücum etməsi və s. hərəkətlər Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətə və əməllərə açıq-aşkar nümunələrdəndir.

Nikol Paşinyan xəritələrin çox olduğunu etiraf edərək hətta onları “şəkilli kağız” adlandırır. “Çoxbilmiş quş dimdiyindən tutular” deyiblər. Nikol Paşinyan da özünü çoxbilmiş göstərməklə xəritə ilə bağlı Azərbaycanın tezisini təsdiq edərək bildirib ki, Ermənistan-Azərbaycan sərhədləri, xüsusilə Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətləri ilə bağlı vahid xəritə yoxdur. Onda rəsmi İrəvan hansı əsasla Azərbaycan qoşunlarının Ermənistan ərazisində olduğunu iddia edir? Hazırda Azərbaycan Silahlı Qüvvələrinin Şərqi Zəngəzurda durduqları yer isə özünün suveren ərazisi hesab olunur.

Beləliklə, Nikol Paşinyan Soçi və Brüsselə ayaq açacağını düşündüyü yalan və saxta iddialarla gedir. Ancaq Nikol Paşinyanın yalanı, yaltaqlığı, saxtakarlığı siyasət deyil.

Son xəbərlər

Orphus sistemi