İrəvanda neofaşizm - Ermənistandakı yəhudilərin həyatı təhlükədədir - ŞƏRH  

İrəvanda neofaşizm - Ermənistandakı yəhudilərin həyatı təhlükədədir - ŞƏRH   Ermənistanda ksenofobiya və irqi ayrı-seçkilik geniş yayılıb və bunun qarşısını almaq üçün heç bir addım atılmır. Ölkə uzun illərdir monoetnikdir və digər xalqların nümayəndələrinə yuxarıdan aşağı baxılır, faşizm ənənələri təbliğ edilir. 2024-cü il yanvar
Analitika
20 Fevral , 2024 17:17
İrəvanda neofaşizm - Ermənistandakı yəhudilərin həyatı təhlükədədir - ŞƏRH  

Ermənistanda ksenofobiya, irqi ayrı-seçkilik geniş yayılıb və bunun qarşısını almaq üçün heç bir addım atılmır. Ölkə uzun illərdir monoetnikdir və digər xalqların nümayəndələrinə yuxarıdan aşağı baxılır, faşizm ənənələri təbliğ edilir. 2024-cü il yanvarın 1-də erməni gənclərinin faşizmi təbliğ edən yürüşü buna əyani nümunədir. Erməni cəmiyyətində hökm sürən, hətta ideologiyaya çevrilən Azərbaycanofobiya və türkofobiyaya antisemitizm də əlavə olunur. Ötən ilin noyabrında İrəvanda yeganə yəhudi sinaqoqunun yandırılması, İsrail əleyhinə çoxsaylı şüarların səsləndirilməsi yəhudi mediası tərəfindən mütəmadi olaraq gündəmə gətirilib.

İsrailin nüfuzlu “7 Israel national news” nəşri Ermənistandakı yəhudi icmasının antisemit hücumlara məruz qalmasının səbəblərini araşdırıb. Yazıda bu ölkədə artan antisemit əhvali-ruhiyyədən narahatlıq bildirilib, rəsmi Tel-Əviv İrəvana qarşı sərt tədbirlər görməyə çağırılıb. Qeyd olunub ki, İsrailin Azərbaycanla yaxın münasibətləri nəticəsində sərt, şiddətli antisemitizm hücumlarına məruz qalan Ermənistandakı azsaylı yəhudi icması sıxıntı içindədir: “Azərbaycan Qarabağı işğaldan azad etməklə bölgədə separatçı anklava son qoyub. Bu səbəbdən də yəhudilər Ermənistanın düşməninə çevrilib”. Yəhudi icmasının liderləri əksəriyyəti paytaxt İrəvanda yaşayan azsaylı xalqları qorumaq üçün hökumətlərin müdaxilə etməsinə çağırış da səsləndiriblər. Çağırışda İrəvandakı sinaqoqa edilən ardıcıl antisemit hücumlara biganə qalmamaqla bağlı fikirlər də əksini tapıb.

Qeyd edək ki, ötən il noyabrın 15-də Ermənistanda yeganə sinaqoq yandırılıb. Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu (ASALA) bu il yanvarın 1-də paytaxt İrəvanda neonasistlərin ənənəvi “ziq hayl” salamı və “Ermənistan ancaq ermənilər üçün” şüarı ilə aksiya keçirib.

İsrail nəşrində dərc olunan məqalədə bir çox maraqlı məsələlərə də toxunulub. Məsələn, Diasporla İş üzrə Nazirliyə istinadən bildirilib ki, ümumilikdə son bir ildə antisemitizmin ən yüksək artım tempi Rusiya, Belarus, Ermənistan və Mərkəzi Asiya respublikalarında qeydə alınıb.

Ermənistan sosial şəbəkələrindəki antisemit əhvali-ruhiyyə də diqqətə alınıb və bu, narahatlıq doğuran məsələlər sırasında göstərilib. Məsələn, yazılıb ki, sosial şəbəkələrdə HƏMAS-ın İsrailə hücumuna müsbət reaksiya verilir, hərbi qruplaşmanın hazırladığı kütləvi təbliğat materialları paylaşılır. Kəskin antisemitizm meylləri ilə tanınan görkəmli anti-İsrail siyasi şərhçi və əvvəllər təhlükəsizlik qüvvələrində müxtəlif vəzifələrdə çalışan Vladimir Poqosyanın fəaliyyəti də qabardılıb. Bu şəxs yəhudiləri və İsraili açıq şəkildə hədələməsi, dəfələrlə yəhudilərə qarşı hücumlara çağırışları ilə tanınır. “Bu zorakı ritorika nəticəsində Ermənistandakı kiçik yəhudi icması tez-tez antisemitizmin qurbanı olur və bu, ölkədə yeganə sinaqoqun yandırılmasına iki cəhdlə nəticələnir”, - məqalədə yazılıb.

Sonda da qeyd edilib ki, Ermənistanda antisemitizmin kökü illər əvvələ gedib çıxır. Bu kontekstdə təxminən on il əvvəl Antidiffamasiya Liqasının apardığı araşdırmanın nəticələri xatırlanır. Həmin araşdırmada bildirilmişdi ki, ermənilərin yetkin əhalisinin 58 %-i antisemitizmə dəstək verir, 72%-i isə yəhudilərin dünyada həddindən artıq gücə malik olduğuna inanır: “Araşdırmanın yekunu da göstərir ki, Ermənistan əhalisinin 32%-i yəhudiləri öz ölkəsinin vətəndaşı kimi qəbul etməyə hazır deyil”.

Yəhudi mediası dəfələrlə Ermənistan cəmiyyətində antisemitizmdən bəhs edib, bunun ciddi fəsadlarının olacağı vurğulanıb. Lakin çağırışlar nəticəsiz qalır. Məsələn, İkinci Dünya müharibəsi zamanı etnik erməniləri nasist kəşfiyyat xidmətlərinə cəlb edən və Hitler rejimi ilə əməkdaşlıq edən Qaregin Njdenin şərəfinə İrəvanda ucaldılmış abidəsi ilə bağlı beynəlxalq reaksiya yoxdur. Eləcə də, erməni politoloq Vladimir Poqosyanla bağlı rəsmi səviyyədə heç bir təpki yoxdur. Qeyd edək ki, bu şəxs bildirmişdi ki, “yəhudilərin yaşamaq hüququ yoxdur, bu çaqqallar tamamilə məhv edilməlidir. Mən bunu bütün həyatını kəşfiyyata sərf etmiş, sizin MOSSAD səviyyəsində və hətta daha yüksək səviyyədə əməliyyatlar aparmış biri kimi deyirəm. İsrailin bəxti gətirib ki, mən nə HƏMAS-a, nə də “Hizbullah”a kömək etmişəm. Əgər mənim zəkam HƏMAS və ya “Hizbullah” üçün işləsəydi, bu iş, sadəcə, 1000 adamın oldürülməsi ilə bitməzdi. Mən sizin bütün xalqınızı məhv etməyi ən yüksək ədalət aktı hesab edirəm”.

Maraqlıdır ki, üstündən xeyli müddət keçsə də, adətən antisemitizmə və faşizmə qarşı sərt mövqe nümayiş etdirən Qərb dövlətləri və onun strukturları hələ də susur, ikili standartlar və qərəzli mövqe nümayiş etdirir, tolerantlığı ilə seçilən, müstəqil xarici siyasət yürüdən Azərbaycanı hədəfə alırlar. 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarda müsəlman, alban-xristian dini obyektlərini məhv edən, sinaqoqları yandıran Ermənistana isə “gözün üstdə qaşın var” deyən yoxdur. Bu cəzasızlıq da sonda bu ölkədə nasizmin qol-qanad açmasına, müxtəlif aksiyaların keçirilməsinə gətirib çıxarır.

Beləliklə, bütün bu faktlar onu deməyə əsas verir ki, Qərb hökumətləri, mediası üçün ədalət prinsipi maraqların təmini ilə bağlıdır. Elə olmasaydı, multikultural dəyərlərin daşıyıcısı, tolerant Azərbaycanı hədəfə alıb, xalqlara nifrət aşılayan erməni cəmiyyəti vəsf edilməz, onu “demokratik, tolerant” ölkə adlandırmazdılar.

Son xəbərlər

Orphus sistemi