İrəvan-Xankəndi “aksiyası” və bəyanat - Moskva Brüssel formatına dözmür - ŞƏRH

İrəvan-Xankəndi “aksiyası” və bəyanat - Moskva Brüssel formatına dözmür - ŞƏRH Azərbaycanla Ermənistan arasında normallaşma prosesi və sülhün imzalanması üçün daha bir görüş tarix oldu.
Analitika
17 İyul , 2023 15:47
İrəvan-Xankəndi “aksiyası” və bəyanat - Moskva Brüssel formatına dözmür - ŞƏRH

Azərbaycanla Ermənistan arasında normallaşma prosesi və sülhün imzalanması üçün daha bir görüş tarix oldu.

Görüşdən əvvəl olduğu kimi, sonra da Ermənistanla sərhədyanı bölgələrdə və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni hərbçilər və qanunsuz silahlı dəstələr atəş açıblar. Bununla belə, beynəlxalq vasitəçi rolunda çıxış edən Avropa İttifaqı Brüssel görüşünün nəticələri haqqında pozitiv açıqlamalar verir.

Qeyd edək ki, iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Ş.Mişel sammitin yekununa dair açıqlamasında bildirib: “Prezident Əliyev və baş nazir Paşinyanla altıncı görüşü yekunlaşdırdıq. Bizim müzakirələrimiz yenə də səmimi, dürüst və məzmunlu oldu”.

Müzakirə olunan məsələlərdən də göründüyü kimi, görüşlər bir-birinin davamı kimidir. Brüssel, Kişineu, Vaşinqton və Moskva görüşlərində əsasən suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, kommunikasiyalar, humanitar yardımlar, hüquqlar və təhlükəsizlik, eləcə də əsir və girov saxlanılanlar barədə mövzular müzakirə olunur. Nəticə və şərait də dəyişməz olaraq qalır. Başqa sözlə, davam edən danışıqlar və görüşlərin yekunu kimi heç bir sənəd imzalanmayıb. Bu isə görüşün nəticələrinin elə də uğurlu olmadığını ehtimal etməyə əsas verir.

Azərbaycan tərəfi lap əvvəldən normallaşma və sülh müqaviləsinin imzalanması üçün təkliflərini rəsmi İrəvana və beynəlxalq vasitəçi rolunda çıxış etmək istəyən tərəflərə təqdim edib. Danışıqlar və münasibətlərin normallaşması üçün bu, baza ola bilər. Bundan başqa, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat da bu istiqamətdə faydalı sənəddir. Ancaq kapitulyasiya aktını imzalayan Ermənistan və sənədin həyata keçməsinə zəmanətçi tərəf kimi Rusiya, təəssüf ki, vəziyyətin gərgin qalmasına çalışır və yekun sənədlərin imzalanmasına müxtəlif bəhanələrlə mane olur.

Görüşdən əvvəl Xankəndidə separatçıların tör-töküntülərinin, habelə iyulun 17-də İrəvanda müxtəlif qrupların keçirdikləri “aksiyalar” bunu təsdiqləyir.

Bu hadisələr bir daha isbatlayır ki, münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması məsələsi ilə bağlı qərarı İrəvan təkbaşına qəbul eləmir. İrəvan və Moskva Azərbaycan torpaqlarının 30 il işğal altında saxlanılmasında, əhalinin məcburi köçkün şəraitdə yaşamasında, Xocalı, Ağdaban soyqırımının törədilməsində, qərbi azərbaycanlıların dədə-baba yurdlarından qovulmasında oynanılan oyunu təkrarlamağa səy göstərir.

Brüsseldə keçirilən sonuncu görüşlə bağlı Rusiyanın Xarici İşlər Nazirliyinin qeyri-müəyyən və hikkəli açıqlaması da Xankəndi və İrəvandakı “aksiyaların” “atan kazakların” dəstəyi ilə keçirildiyini təsdiqləyir.

Moskva bir qayda olaraq 10 Noyabr Bəyannaməsinin maddələrinə rəsmi İrəvanın əməl etməməsinə göz yumur. Habelə, Qarabağ iqtisadi rayonundakı ermənilərin Azərbaycana inteqrasiyasına problem yaradır. Onları Azərbaycandan uzaqlaşdırmaq və yenidən silahlı münaqişəyə cəlb etmək məqsədi ilə qanunsuz silahlı dəstələr yaradılır, Ermənistan hərbçilərinin bölgəni tərk etməsi ilə bağlı məlum sənədin uyğun maddəsinə əməl edilmir.

Zəmanətçi Rusiya üçtərəfli bəyanatın bir hissəsini yerinə yetirmək istəmir, yaxud bunun qeyri-mümkünlüyünə görə məsuliyyəti üçüncü tərəfin, yəni ABŞ və ya Avropa İttifaqının üzərinə qoymağa çalışır. Halbuki, Rusiya bütün səviyyələrdə Qarabağın Azərbaycanın ərazisi olduğunu dəfələrlə açıqlayıb. Rusiya XİN “fundamental şərtlərdə dəyişikliklər” olduğunu iddia etməklə mücərrəd açıqlama verib. Ancaq “fundamental şərtlər” dedikdə nəyi nəzərdə tutduqlarını açıqlamayıb və s.

Xankəndi və İrəvanda “aksiyaları” rusiyayönümlü ermənilər keçirir. Həmin “tədbirlər”də daha çox Rusiyaya çağırışlar vurğulanır. Bu isə onun regionda fəallığının daha da artması üçün əlavə əsas verir. Belə bir şəraitdə, həmin çağırışlar fonunda Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinin xeyir-duasını belə verə bilər.

Vəziyyətin gərginləşməsində maraqlı olan Rusiyanın sülhməramlı kontingentinin müşahidəsi altında qanunsuz erməni silahlı qüvvələrinə dəstək də həyata keçirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya üçtərəfli bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib. Brüssel görüşü zamanı Kremlin bu və ya başqa şəkildə dəstəklədiyi aksiyalar fonunda Rusiya XİN “Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməyə hazırdır” açıqlaması normallaşma və sülh müqaviləsi üçün səmimi və yetərli görünmür. Bu, proseslərdən təcrid olunmadan narahatlıq hissinin artmasına oxşayır.

Beləliklə, Brüssel görüşündə də mövzu, nəticə, maraqlar, iddialar və rollar dəyişməyib. Hələ belə davam edəcəyi də istisna olunmur. Həmin vasitəçilərin fəaliyyətsizliyi sayəsində Azərbaycan torpaqları 30 il işğal altında qaldı. Bir milyondan çox yerli sakin məcburi köçkün həyatı yaşayır. Torpaqlar minalanıb. Bütün tikililər, o cümlədən, mədəni, tarixi və dini binalar dağıdılıb və s. Bu davranışla vəziyyətin daha 30 il belə qalacağı ehtimalı yox dərəcəsindədir. İndi 5 illik müddət müəyyənləşib. Qeyri-müəyyən çıxışlar edib, bəyanatlar verənlər müxtəlif bəhanələrlə həmin dövrün uzadılmasına zəmin hazırlayırlar. Ancaq vaxt gedir. Onun 2 il 7 ayı arxada qalıb. İndi zaman vəziyyəti gərginləşdirənlərin və onları dəstəkləyənlərin xeyrinə işləmir. Müzakirələr və danışıqlar davam edir.

Son xəbərlər

Orphus sistemi