İrəvan Moskvanı Parisə dəyişir - Kreml qəzəblidir - ŞƏRH

İrəvan Moskvanı Parisə dəyişir - Kreml qəzəblidir - ŞƏRH Keçmiş müstəmləkələrindən biabırcasına qovulan Fransa yeni bölgələr uğrunda mübarizəyə qoşulub. İndi də Ermənistanı Cənubi Qafqazda növbəti koloniyasına çevirməkdə israrlı görünür. Ermənistan da bu çirkin və bədnam planın qarşısında kor-koranə boyun əymək
Analitika
24 Oktyabr , 2023 16:29
İrəvan Moskvanı Parisə dəyişir - Kreml qəzəblidir - ŞƏRH

Keçmiş müstəmləkələrindən biabırcasına qovulan Fransa yeni bölgələr uğrunda mübarizəyə qoşulub. İndi də Ermənistanı Cənubi Qafqazda növbəti koloniyasına çevirməkdə israrlı görünür. Ermənistan da bu çirkin və bədnam planın qarşısında kor-koranə boyun əyməkdədir. Görünən odur ki, İrəvan Qafqazda Rusiya forpostluğunu Fransa ilə əvəzləməyi qətiləşdirib. Hərbi sahədə Paris-İrəvan əməkdaşlığı sürətli silahlandırma mərhələsinə daxil olub. Paris İrəvanı inandırmağa çalışır ki, yeni silahlar əldə etməklə bölgədə vəziyyəti dəyişə bilər. Sözsüz ki, Parisin bu mövqeyi ermənilərə sevgidən irəli gəlmir – onlar vasitəsilə Cənubi Qafqaza soxulmağa çalışır. Lakin bu hədəfə çatmaq yolunda başlıca maneə Rusiyadır.

Beləliklə, yenə də ermənilərdən çirkin məqsədlər üçün istifadə edildiyi cəhdi hiss olunur. Sonluq da indidən bəllidir. Yenə də istifadə olunub bir kənara atılacaqlar. Bu yolda ilkin addımlar artıq atılıb. Məsələn, dünən Ermənistan müdafiə naziri Suren Papikyan Parisə səfəri çərçivəsində fransız həmkarı Sebastyan Lekornü ilə görüşüb. Bu gün isə fransalı nazir “X” sosial şəbəkəsində görüşün yekunu ilə bağlı yazıb ki, Fransa Ermənistana hərbi müşavir göndərəcək. Eyni zamanda, Ermənistan ordusu üçün xüsusi təyinatlılar hazırlanacaq.

Bu səfər daha çox Rusiya siyasi dairələrində, mediasında tənqidlərə tuş gəlib. Erməni-fransız əməkdaşlığı “Ermənistan Rusiyanı təhlükəsizliklə bağlı kimlə əvəzləyəcəyini müəyyən edib” formasında yayılıb. Əsas vurğu da ona yönəlib ki, Ermənistanın Fransa istehsallı yeni silahlar alması onun güclənməsinə gətirib çıxarmayacaq.

Rusiyapərəst mövqeyi ilə seçilən Qafqaz İnstitutunun rəhbəri Aleksandr İsgəndəryan Rusiya mediasına müsahibəsində maraqlı bir məqama toxunub. Onun qənaətincə, Rusiyanın Ermənistana silah satışını dayandırması İrəvanı başqa mənbələr axtarmağa vadar edib: “Rusiyanın Ermənistana silah tədarükü 2020-ci il müharibəsindən sonra azalıb, Ukraynada baş verən müharibədən sonra isə tamamilə dayanıb. İndi də İrəvan ümid edir ki, Fransa və Hindistanın köməyi ilə bu boşluğu dolduracaq. Qarabağ müharibəsi başa çatdıqdan sonra təhlükəsizlik məsələsi aktuallaşıb”. Politoloq etiraf edib ki, Moskva-İrəvan münasibətləri böhran səviyyəsindədir.

Qeyd edək ki, 2022-ci ildə Ermənistan tək Hindistandan ümumilikdə 244,7 milyon dollar dəyərində silah və sursat alıb.

Yeri gəlmişkən, Rusiya mediası və siyasiləri açıq şəkildə Qarabağ probleminin həlli və Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Parisin Ermənistana təsirini gücləndirmək qərarından narahatlıqlarını ifadə edirlər. Rusiya Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov fransız silahlarının çox bahalı və kaprizli silahlar sırasında olduğunu vurğulayıb. Yəni Fransada təlim keçmiş kadrlar mütləq onları müşayiət etməlidir. Lakin Puxov hesab edir ki, “İrəvan üçün dünyanın müxtəlif yerlərində alınan silahları vahid təhlükəsizlik sistemində birləşdirmək kifayət qədər çətin olacaq. Məsələn, Ukrayna bu vəzifənin öhdəsindən yalnız tükənməz maliyyə və hərbi dəstək sayəsində nail olur. Məsələn, Kiyev sadəcə olaraq qırıq nümunələri təmir etməyə çalışmadan zibil qutusuna atır”.

Maraqlıdır ki, Qərb mediası dəfələrlə Avropada Ukraynaya verilə biləcək silahların tükəndiyi barədə xəbərlər yayır. Lakin nədənsə Fransa üçün Ermənistana veriləcək silahlar tapılır. Hərbi ekspert, Hava Hücumundan Müdafiə Qoşunları Tarixi Muzeyinin direktoru Yuri Knutov da ikili standartlara toxunub: “Məlumdur ki, Kiyev fransız və italyanlardan müasir “Mamba” hava hücumundan müdafiə sistemlərini istədi, lakin onlar dedilər ki, bu sistemlər onlarda yoxdur”. Paris indi İrəvanı onlarla silahlandırırsa, diplomatik qalmaqal yaranacaq. Amma ümumilikdə ermənilərin Fransa ilə çoxdan dostluq münasibətləri var”.

Hərbi ekspert Vasili Dandik isə hesab edir ki, Parisin Ermənistanla münasibətləri dərinləşdirməsinin səbəbi həm də beynəlxalq məsələlərdə uğursuzluqlarıdır: “Paris Nigerdən qoşunların çıxarılması, Avstraliyaya sualtı qayıqların satışı ilə bağlı sövdələşmənin uğursuzluğundan sonra beynəlxalq imicini yaxşılaşdırmağa çalışır. Fransızları Cənubi Qafqazda təhlükəsizlik çox da narahat etmir”.

Beləliklə, Fransa aktiv şəkildə Cənubi Qafqaza soxulmağa çalışır. Ermənistan isə hələ bu müdaxilənin əsl hədəf və səbəblərini anlaya bilmir. Revanşizm və qisas hissindən qurtula bilməyən haylar üçün çıxış yolu regional əməkdaşlıq və sülh təşəbbüsləri ola bilər. Məhz bu yol ermənilərin səfalət və boyunduruqdan xilası deməkdir.

Son xəbərlər

Orphus sistemi