Ərazi bütövlüyü dövlətlərin qırmızı xəttidir...
Dekabrın 20-də Mərakeşdə Rusiya-Ərəb Əməkdaşlıq Forumunun VI sessiyası iştirakçılarının yekun bəyanatında Əbu Musa, Kiçik Tomb və Böyük Tomb adalarının Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus olması qeyd edilib.
Rəsmi Tehran bu məsələyə sərt reaksiya verib. Hətta İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrova zəng edərək narazılığını bildirib. Moskvanın Tehrandakı müvəqqəti işlər vəkili Rafael Gevorkyan İran XİN-ə çağırılıb və ona etiraz notası təqdim olunub.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri yaranmazdan bir qədər əvvəl, 1971-ci ildə Böyük Britaniya mübahisəli olan bu adaları İrana verib. O vaxtdan indiyədək Əbu-Dabi ilə Tehran arasında mübahisə davam edir. 1992-ci ilin avqustunda İran adadakı sakinləri güc tətbiqi ilə qovub.
2012-ci ildə ovaxtkı Prezident Mahmud Əhmədinejatın Əbu Musaya səfərinə etiraz olaraq BƏƏ Tehrandakı səfiri Seyf əz-Zaabini geri çağırmışdı.
Ərəblər İran hakimiyyəti ilə qarşıdurmadan yayınmaq məqsədi ilə adaların birgə idarə edilməsinə dair saziş də imzalamışdı. Ancaq bir müddət sonra İran adaya öz bayrağını sancaraq 3 adanı ölkəsinin ayrılmaz hissəsi elan etdi. Bu isə silahlı toqquşmaya səbəb oldu, nəticədə hər iki tərəfdən hərbçilər öldü.
İran hakimiyyəti əlaqələrinin səviyyəsindən asılı olmayaraq, bu adaların BƏƏ-nin olduğunu iddia edənlərə, yaxud bu yerlərin İranın olmasını şübhəyə alanlara daim etirazını bildirir.
İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) keçmiş komandanı, Məşvərət Şurasının katibi Möhsün Rzai "X" sosial media səhifəsində Rusiyanın məsələyə münasibətinə cavab olaraq bildirib ki, körfəzdəki adalar ölkəsinin ayrılmaz hissəsidir: “Rusiyanın İranın ərazi bütövlüyü ilə əlaqədar dost olmayan müdaxiləsi bir daha təkrarlanmamalıdır. Bu üç ada Krım yarımadası deyil".
Qeyd edək ki, bu, adalarla bağlı ilk etiraz faktı deyil. Bu ilin iyulunda İranla Rusiya arasında Əbu Musa, Kiçik Tomb və Böyük Tomba dair narazılıq baş vermişdi. Ötən ilin dekabrında isə Səudiyyə Ərəbistanında keçirilən Çin - Körfəz Əməkdaşlığı Şurasının Zirvə toplantısının yekun sənədində adalarla bağlı mübahisədə BƏƏ-nin mövqeyi müdafiə olunub. Onda da Tehran rəsmi Pekinə etiraz notası təqdim etmişdi və s.
İranın iddia etdiyi adalarla bağlı əvvəllər də fikir ayrılıqları olub. BMT Baş Assambleyasının 76-cı sessiyasında da tərəflərin nümayəndələri adalar barədə dəyişməz mövqelərini açıqlayıblar. Bu, o deməkdir ki, İran və BƏƏ üç ada ilə bağlı heç bir kompromisə getmək niyyətində deyillər.
Rusiya və Çin İranın tərəfdaşı sayılır. Onlar ərəblərlə danışıqlarda Əbu Musa, Kiçik Tomb və Böyük Tombla bağlı ərəblərin mövqeyinə uyğun davranır, açıqlama verirlər. Tehran etiraz etdikdən sonra üzr istəməklə kifayətlənirlər. Bu isə onu göstərir ki, beynəlxalq ictimaiyyətin də məsələyə münasibəti birmənalı deyil. İranla Çin arasında iqtisadi-ticarət əlaqələri belə bu məsələdə rol oynamır. Çin İran neftinin ən böyük idxalçısıdr. Rəsmi Pekin 2023-cü ilin ilk 10 ayında gündəlik olaraq İrandan orta hesabla 1,05 milyon barel neft alıb.
Yaxud Ukrayna ilə müharibədə İranın Rusiyanı bütün istiqamətlərdə müdafiə etdiyi də sirr deyil. Ancaq Tehran Moskvanın Ukrayna torpaqlarını ilhaqını tanımayıb. Eləcə də Cənubi Osetiya və Abxaziyadakı separatçıların saxta respublikalarına birmənalı münasibət bildirməyib.
Çin və Rusiya İranla müttəfiq deyil. Onlar daha çox Qərbin təzyiqlərinə, sanksiyalara müqavimət göstərmək üçün bir blokdan çıxış edirlər. Rəsmi Pekin İranı xam neft bazası kimi, Rusiya isə çatışmayan hərbi texnikasını əldə etmək üçün yardımçı kimi qəbul edir. Onların ərəb dünyası ilə ticarət əlaqələrinə ehtiyacı var. Rusiya və Çin birmənalı şəkildə bu məsələ barədə qərar vermək gücündə də deyillər. Onlar BƏƏ-nin qətnamələrini təsdiqləyib İranın etirazları ilə bağlı üzr istəməklə vaxtı uzadırlar.
Bu ölkələrin İranın ərazi bütövlüyünə yarımçıq yanaşması sübut edir ki, üç adanın məsələsi beynəlxalq səviyyədə öz həllini tapmayıb. İranın isə ərəb birliyinə qarşı mübarizə aparmaq, adaları dünya birliyi tərəfində öz ərazisi olaraq tanıtdırmaq imkanı yox dərəcəsindədir. Həm də Rusiya və Çin onu dəstəkləmədiyindən Tehran məsələni güc yolu ilə həll etmək iqtidarında deyil.
Bu iki ölkə BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvlərindəndir. Adaların İranın ərazisi olmasına dari TŞ-nin yekun qətnaməsi, yaxud sənədi mövcud deyil. Odur ki, adalar bu təşkilat səviyyəsində də birmənalı olaraq İran ərazisi kimi tanınmayıb. Ona görə də gələcəkdə Moskva və Pekin təmsilçilərinin, yaxud başqa dövlətlərin yenidən adalarla bağlı İranı qane etməyən açıqlama verəcəyi istisna edilmir. Belə ehtimal etmək olar ki, İranın ərazi bütövlüyü hələ şübhəlidir.