Ermənistanın arxasında gizlənən İran - ŞƏRH

Ermənistanın arxasında gizlənən İran - ŞƏRH Azərbaycanla İran təkcə qonşu dövlətlər deyil.
Analitika
15 Oktyabr , 2021 17:29
Ermənistanın arxasında gizlənən İran - ŞƏRH

Azərbaycanla İran təkcə qonşu dövlətlər deyil. Eyni zamanda, tarixi Azərbaycan ərazisinin bir hissəsi İrandadır. Bu ərazidə dünya azərbaycanlılarının otuz milyonu yaşayır. Həmçinin İran əhalisi müsəlmandır və Azərbaycanla yaxın qohumdur.

Beləliklə, biz bir-birimiz üçün vacib dövlətlərik. Bu mənada, Azərbaycan müstəqillik əldə etdiyi gündən İranla sıx münasibətlər saxlamağa çalışıb. Təəssüf ki, qarşı tərəf buna adekvat cavab vermədi. Azərbaycan torpaqları işğal altında olanda və ondan sonrakı dövrdə Tehran daim İrəvana mənəvi-hərbi-siyasi dəstək verib. Bu məsələlər Azərbaycan rəhbərliyinin nəzərindən heç vaxt qaçmayıb. Biz müxtəlif səviyyəli reaksiyalar bildirmişik.

Qarabağın işğal altında saxlanıldığı dövrdə İranın Ermənistana yardımlarına üstüörtülü münasibət bildirsək də, Tehran bunu düzgün qiymətləndirmədi. İran Azərbaycanı aldatdığını hesab etdi. Sonra Prezident İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində İranın fəaliyyətinə münasibət bildirdi. Dövlət başçısı vurğuladı ki, baş verənlərdən xəbəri var. Buna baxmayaraq, İran yenə fəaliyyətini davam etdirdi. Nəhayət, Gorus-Qafan yolunda baş verənlər cənub qonşumuzun iç üzünü açdı. İran qanunsuz əməlini ört-basdır etməyə çalışdı. Dedilər ki, guya Azərbaycan ərazisində terrorçu qruplaşmalar var. Sübut istədikdə isə heç nə deyə bilmədilər. Bu dəfə bəhanə kimi İsraillə münasibətlərimizi əsas gətirməyə çalışdılar. Halbuki İranın İsrail və ABŞ-ı özünə düşmən seçdiyinə, Ermənistanla qardaşlıq etdiyinə görə biz onu qınamır, daxili işlərinə qarışmırıq.

Nəhayət, hər dövlət öz dostunu özü seçir. Biz İranın suveren hüquqlarına hörmətlə yanaşırıq. Tənqidimiz isə İranın işğalçını dəstəkləməsi, müsəlmanlığa zidd hərəkətləri ilə bağlıdır. İran Azərbaycanın dostu ilə dost, düşməni ilə düşmən ola bilməz. Eləcə də, Tehran Bakının daxili işlərinə qarışa bilməz. Sadəcə, bu münasibətlər regional təhlükəsizliyə, dövlətlərin öz üzərlərinə götürdüyü öhdəliklərə zərbə vurmamalıdır. Deyildiyi kimi, sənin azadlığın mənim hüquqlarım olan yerə qədərdir. Yəni İranın dostluğu, düşmənçiliyi Azərbaycanın dostluğunun, düşmənçiliyinin sərhədinə kimidir.

İndiyədək İran rəsmilərinin Azərbaycan torpaqlarındakı qanunsuz əməllərindən, cinayətlərindən üstüörtülü danışılıb. Hazırda isə rəsmi qurumlar və şəxslər bununla bağlı açıq bəyanatlar verirlər. İrandan Azərbaycana davamlı surətdə qaçaqmalçılıq yolu ilə narkotik maddələr keçirilir. Bir neçə ay əvvəl Azərbaycan sərhədçiləri narkotik qaçaqmalçılarının cinayətlərinin qurbanı oldular. İran hakimiyyəti narkotik maddə qaçaqmalçılığı ilə məşğul olanların Azərbaycan ərazisinə keçməsinin qarşısını almır. Əksinə, İrandan Azərbaycana narkotik qaçaqmalçılarının axını var. Torpaqlarımız işğal altında olanda da separatçılarla İran vətəndaşlarının Qarabağda narkotik maddələrin əkini ilə məşğul olmaları barədə informasiyalar yayılırdı. Hətta Ermənistana da İrandan çox sayda narkotik maddə ötürülür. Bir sözlə, İran Azərbaycan başda olmaqla, bütünlüklə Cənubi Qafqazı narkotik vasitələrlə zəhərləyir və bu qanunsuz əməllərin qarşısı alınmır. Qanunsuz əməl törədənlər isə İran sərhədindən rahatlıqla keçirlər. Deməli, İranın dövlət sərhhədi qaçaqmalçılar üçün açıqdır.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edən zaman deyib: "Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib".

Azərbaycan torpaqları işğal altında olanda İran vətəndaşları təkcə torpaqlarımızın sərvətlərini oğurlamayıb, mədəni-tarixi abidələri dağıtmayıb, həm də ərazilərimizdən narkotrafik üçün istifadə ediblər. Torpaqlarımız azad edildikdən sonra belə cinayət əməlləri üzə çıxdı.

Son xəbərlər

Orphus sistemi