İran Ermənistan iqtisadiyyatını çökdürür - ŞƏRH

İran Ermənistan iqtisadiyyatını çökdürür - ŞƏRH Ermənistan iqtisadiyyatının çökmək üzrə olduğu artıq heç kəsə sirr deyil. Bu səbəbdən Ermənistan hökuməti müxtəlif çarələrə baş vurur, xüsusən də İran və Fransaya arxalanır. Amma sözügedən dövlətlər Ermənistan iqtisadiyyatını dirçəltmək əvəzinə, lap da bə
Analitika
24 Oktyabr , 2023 17:10
İran Ermənistan iqtisadiyyatını çökdürür - ŞƏRH

Ermənistan iqtisadiyyatı çətin dövrünü yaşayır. Hökumət də vəziyyətdən çıxmaq üçün müxtəlif variantlara əl atır, xüsusən də İran və Fransadan dəstək axtarır. Amma sözügedən dövlətlər də Ermənistan iqtisadiyyatını dirçəltmək əvəzinə, daha da bərbad vəziyyətə salır. Məsələn, Fransa ona iqtisadi yox, daha çox hərbi yardım göstərir. Ermənistanın bu ölkə ilə əməkdaşlığı isə Rusiyada qıcıq yaradır. Məsələn, Rusiya tərəfindən “Yuxarı Lars” keçid məntəqəsində erməni konyakının keçidinə süni əngəl yaradılıb. Bu da Ermənistan iqtisadiyyatına zərərsiz ötüşmür.

Eyni məsələdə İran daha aktiv görünür. Yaxın qonşuluq münasibətindən istifadə edən İran Ermənistan iqtisadiyyatını ələ keçirməyi hədəfləyib. Tez-tez İrəvanda və Tehranda müxtəlif ranqlı məmurların görüşü, imzalanan müqavilələr bunu deməyə əsas verir. Hələ bu yaxınlarda tərəflər ticarət dövriyyəsinin artırılacağını bəyan ediblər. Bu məsələyə İran və Ermənistanın baxış bucağı da fərqlidir. İran heç bir halda Ermənistandan mal almaq, məhsul idxal etmək niyyətində deyil. Əksinə, İran istehsal etdiyi mal və məhsullar ilə Ermənistan bazarını doldurmaq, ölkəsinə daha çox valyuta axınını təmin etməyi hədəf götürüb.

Oktyabrın 18-də İran Ermənistana texnologiya və innovasiyalar mərkəzinin yaradılmasını təklif edib. Ermənistanın iqtisadiyyat nazirinin müavini Rafael Gevorkyanla İran prezidentinin elmi-texnoloji məsələlər üzrə köməkçisi Raziya Kohansal görüş keçirib və tərəflər bu məsələdə razılığa gəlsələr də, bu mərkəzdə sırf İrana aid yüksək texnologiyalı məhsullar təqdim olunacaq.

Qeyd edək ki, Tehranda “3+3” formatında görüşün keçirildiyi bir ərəfədə İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş İrəvana səfər edib və bir sıra görüşlər keçirib. Səfərdə məqsəd Şimal-Cənub avtomobil yolunun cənub hissəsinin tikintisinə dair müqavilənin imzalanması mərasimində iştirak etməkdir. İqtisadiyyat naziri Vaan Keorbyan bildirib ki, bu yolun inşası Ermənistan iqtisadiyyatına müsbət təsir edəcək və ÜDM-in 0,4 faiz artımı ilə nəticələnəcək. Ermənistan bu yol vasitəsilə İran və digər dövlətlərdən xammal alışını sürətləndirmək niyyətindədir. Lakin İranın əsas məqsədi istehsal etdiyi müxtəlif məhsulları Ermənistana və oradan da Rusiyaya göndərilməsini asanlaşdırmaqdır.

İranın yollar və şəhərsalma naziri erməni həmkarı Qnel Sanosyanla görüşdən sonra bildirib ki, yol ödənişlərinin sıfırlanması ilə bağlı prinsipial qərar artıq qəbul edilib və tezliklə rəsmi razılaşma əldə olunacaq. Burada da hər şey aydın olur. Belə ki, İranın iritonnajlı yük maşınları Ermənistan ərazisinə daxil olanda 250 dollar rüsum ödəyirlər. Artıq iranlı sürücülər bu rüsumdan azad olacaqlar. Bəs İrana daxil olan erməni sürücüləri ilə bağlı vəziyyət necədir? İran qanunlarına görə, ölkə ərazisinə daxil olan xarici ölkələrin sürücüləri yanacaqdoldurma məntəqəsində beynəlxalq qiymətlərlə yanacaq doldura bilərlər. İranlı sürücülər isə bu prosesi daxili qiymətlərlə həyata keçirirlər. Əgər söhbət Fars körfəzi, Bəndər-Abbas limanı kimi uzun məsafələrdən gedirsə, iranlı sürücülər erməni həmkarlarına nisbətən böyük məbləğdə pula qənaət etmiş olurlar. Maraqlıdır ki, iranlı nazir ölkəsi ərazisində erməni sürücülərə benzin və dizel yanacağının satışı ilə bağlı güzəştin ediləcəyindən söz belə açmayıb. Görünür, İran Şimal-Cənub dəhlizindəki logistik işləri də ələ almaq, Ermənistanı buradan da sıxışdırmaq məqsədi güdür.

Bununla yanaşı, İranın Ticarət Palatasının sədri Kambiz Mirkazemi, cari ilin sonuna qədər Ermənistan, Rusiya və Belarusla ticarət mübadiləsini milli valyuta ilə aparılacağını bildirib. Hazırda İranla Ermənistan arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır. Tərəflər bu rəqəmi 3 milyard dollara qədər artırmaq niyyətindədirlər. Ermənistan isə İranla ticarət mübadiləsində idxalçı yox, daha çox ixrac edən ölkə olduğu üçün bu qərarın iqtisadiyyatına mənfi təsirlərinin olacağı şübhəsizdir. Artıq erməni iqtisadçılar da bu barədə həyəcan təbili çalırlar.

Bundan əlavə, iranlı rəsminin sözlərinə görə, bu ölkələrdən malların idxalı üçün gömrük sərhədləri tamamilə açıq olacaq. Bu vəziyyətin isə Ermənistana birbaşa mənfi təsiri olacaq. Bu mənfi təsir ilk olaraq kənd təsərrüfatı sahəsində özünü büruzə verəcək. Onsuz da Ermənistan bazarında ayaq tutub yeriyən İran malları gömrük rüsumu ləğv edildikdən sonra Ermənistan istehsalı məhsulları sıxışdıracaq və erməni iş adamları bu rəqabətə dözə bilməyəcəklər. Sıraya kənd təsərrüfatı məhsullarından tutmuş, yüngül sənaye məhsulları və məişət texnikasına aid malları da əlavə etmək yerinə düşər.

Ermənistan iqtisadiyyatına bu qərarın yeganə müsbət təsiri xammal bazarı ilə bağlı olacaq. Erməni iş adamları İrandan idxal etdikləri xammalı daha ucuz qiymətə əldə edə biləcəklər. Amma bununla yanaşı, yuxarıda qeyd etdiyimiz yanacaq məhsullarının qiymətinə görə, bu fərq o qədər də çox olmayacaq. İran isə öz xammalı ilə ucuz qiymətə istehsal etdiyi malları Ermənistan bazarında daha ucuz qiymətə təklif edəcək.

Kənd təsərrüfatı malları ilə bağlı İranın əsas ixrac tərəfdaşlarından biri Rusiyadır. Hazırda İsrail-Fələstin münaqişəsinə görə, İsraildən kənd təsərrüfatı mallarının idxalında ciddi defisit yaranıb. İran isə bu məsələdə İsrailin yoxluğunu hiss etdirmir və Rusiyaya külli miqdarda meyvə-tərəvəz ixrac edir. Türkiyədə ötən il baş verən dağıdıcı zəlzələ də İran məhsullarının Rusiya bazarlarında boy göstərmə tempinə müsbət təsir edib. Qərarın qüvvəyə minməsindən sonra isə erməni fermerlərini də acı günlər gözləyir. Gömrük rüsumlarının sıfırlanması nəticəsində İran Ermənistan üzərindən Aİİ ölkələrinə çox ucuz qiymətə kənd təsərrüfatı malları ixrac edəcək. Bu isə onsuz da yayda ərik və gilasını Rusiya bazarlarında baha qiymətə satmağa ümid edən erməni fermerləri üçün arzuolunmaz nəticə sayılacaq.

Yuxarıda sadalananlardan da məlum olduğu kimi, İran öz iqtisadiyyatını dirçəltmək, mal və məhsullarını Rusiya ilə yanaşı Aİİ ölkələrinə ixrac etmək üçün Ermənistandan tramplin kimi istifadə etmək niyyətindədir...

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi