3-cü hissə
Bu ayın əvvəlində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsinin mövzularından biri də ölkələr arasında ticari-iqtisadi əlaqələrin inkişafı, geniş investisiya potensialından istifadə idi.
Azərbaycanın Türkiyə iqtisadiyyatında lider mövqeyi barədə öncəki yazıda qeyd etmişdik. Qonşu ölkənin iqtisadiyyatımıza kapital qoyuluşunun rolu da kifayət qədər adekvatdır: Azərbaycana 12 milyard ABŞ dolları sərmayə qoyulub və qeyri-neft sektorumuza yatırılan investisiyaların həcminə görə liderdir.
Bu arada tarixi bəyannaməyə əsasən, artıq 2023-cü ilə qədər qarşılıqlı ticarət həcminin 15 milyard ABŞ dolları səviyyəsinə yaxınlaşacağı təxmin edilir. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2020-ci ildə 4,6 milyard ABŞ dolları təşkil edib. Türkiyəli investorların Qarabağın işğalından azad edilmiş torpaqların bərpasına investisiya qoyma çağırışına böyük həvəslə cavab verdiklərini nəzərə alsaq, məqsəd tam əlçatandır.
Hərtərəfli dəstək
Türkiyəli iş adamları Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə layihələr həyata keçirməyə hazır olduqlarını bildirdilər, bu il qardaş ölkənin sahibkarlar təşkilatlarının nümayəndələrinin səfərləri zamanı isə təkliflər daha konkret konturlar aldı.
“Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında böyük rol oynayacaqlarına ümid edir”, - Türkiyənin ticarət naziri Mehmet Muş fevral ayında Bakıda keçirilən investisiya forumunda deyib.
Bununla belə, Türkyə sərmayələri artıq Azərbaycan iqtisadiyyatının, demək olar, bütün sahələrində iştirak edir, bazarımızda işləmək, dövlət qurumları ilə qarşılıqlı əlaqə, yaranan problemlərin həlli yolları sahəsində uğurlu təcrübə toplanılıb. İkitərəfli ticari-iqtisadi əlaqələrin xarakterini ticarət dövriyyəsinin artım statistikasında da izləmək olar - məsələn, pandemiya və hər iki ölkənin iqtisadiyyatında ümumi tənəzzül olmasına baxmayaraq, hətta keçən il belə 5%-lik artım qeydə alınıb. Artım tendensiyası davam edir, hazırda ölkədə Türkiyə kapitallı 4,2 min şirkət fəaliyyət göstərir, onlar 16,3 milyard ABŞ dolları dəyərində 300-dən çox layihə həyata keçiriblər.
Eyni zamanda etiraf etmək lazımdır ki, məhz Qarabağda baş verən genişmiqyaslı bərpa kampaniyası fonunda türkiyəli sahibkarların Azərbaycanda işləmək üçün mümkün qədər rahat olması məqsədilə əlavə addımlar atılıb.
Belə ki, bu ilin mart ayında imzalanan və 15 mal qrupu üçün tariflərin endirilməsini və ya ləğv edilməsini, həmçinin ikitərəfli ticarətdə tarif və digər maneələrin aradan qaldırılmasını nəzərdə tutan Güzəştli Ticarət Sazişinə çox böyük ümidlər bağlanılır. Türkiyə tərəfi artıq bunun ticarətin həcminə müsbət təsirinin hiss olunduğunu bildirib.
Digər tərəfdən, məhz bu il iki ölkə arasında birgə investisiya fondu yaradılması ideyası gündəmdə gəldi. İqtisadiyyat naziri Mikayıl Cabbarovun qeyd etdiyi kimi, bu iş “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Türkiyə Rifah Fondu” tərəfindən həyata keçiriləcək. Hələ ki fonda nə qədər vəsait yığılacağı barədə heç nə deyilmir, amma burada məqsəd vacib layihələrin fasiləsiz maliyyələşdirilməsini təmin etməkdir.
Bütün bunlar ölkə hökumətinin “Böyük qayıdış” strategiyası çərçivəsində Türkiyə biznesi ilə əməkdaşlığa nə qədər sadiq olduğunu göstərir. “Müxtəlif bərpa işləri çərçivəsində Türkiyə şirkətlərinə üstünlük veririk”, - M.Cabbarov açıq şəkildə bildirib.
Hədiyyə yox, biznesdir!
Eyni zamanda, belə münasibət yalnız Qarabağdakı müharibə zamanı qardaş ölkənin siyasi və mənəvi dəstəyindən qaynaqlanmır: dostluq dostluqdur, amma necə deyərlər, biznesdə şəxsi heç nə olmamalıdır. Qarabağ layihələri Azərbaycan üçün son dərəcə vacibdir, onların keyfiyyətli və vaxtında icrası vacibdir ki, əhali dədə-baba yurdlarına ən qısa zamanda qayıda bilsin, orada təhlükəsiz və rahat yaşasın və işləsin. Bəzi əcnəbi “mütəxəssislər” və xarici KİV-in təqdim etməyə çalışdıqları kimi bu layihələr “hədiyyə” deyil – onları əldə etmək üçün şirkətlər kommersiya baxımından məqbul və gəlirli təkliflər verməlidirlər.
Axı nəyə görə infrastruktur obyektlərinin, yolların, eləcə də Füzuli hava limanının inşası layihələrində ortaq seçilərkən Avropada, Rusiyada və Asiyada genişmiqyaslı layihələr həyata keçirən Türkiyənin inşaat şirkətlərinə üstünlük verilməsi təəccüblü olmalıdır ki? Bu gün bu ölkənin 44 şirkəti inşaat şirkətlərinin dünya reytinqində “TOP-250”yə daxildir. Üstəlik, Türkiyə nəhəng inşaat şirkətlərinin sayına görə dünyada ikinci yerdədir. Ümumiyyətlə, qlobal inşaat bazarında Türkiyədən olan podratçı şirkətlər təxminən 5%-lik paya malikdir və bu, yüksək göstəricidir. Türkiyənin inşaat şirkətləri dünyada aktiv və uğurla şəkildə müxtəlif obyektlər - yaşayış komplekslərindən hava limanlarına, körpülərə və digər mürəkkəb obyektlərə qədər çox şey inşa edirlər.
Türkiyə şirkətləri həmçinin Qarabağdakı mədən yataqlarının işlənməsi layihələri həyata keçirəcəklər. Belə ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları isə “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib. Hər iki şirkət mədənlərdə hasilat prosesinin maksimum avtomatlaşdırılması üçün yeni texnologiyaların tətbiqinə sərmayə qoymağa sadiqliyi ilə seçilən və Türkiyənin ən böyük holdinqlərindən biri olan “Cengiz Holding”ə daxildir.
Türkiyə şirkətlərinin dəvət olunduğu başqa bir sahə isə Laçın və Kəlbəcər rayonlarında həyata keçiriləcək bərpa olunan enerji (BOE) layihələridir. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun dediyinə görə, Türkiyə tərəfi artıq layihələrə, o cümlədən külək elektrik stansiyalarının inşası layihələrinə maraq göstərdiyini təsdiqləyib. Məlumdur ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası elan edilib, ilkin hesablamalara əsasən, onların günəş enerjisi üzrə potensialları 4 min MVt-dan, külək enerjisi üzrə isə 500 MVt-dan çoxdur. Türkiyə şirkətləri də buraya təsadüfən dəvət edilməyib - keçən il Türkiyənin özündə BOE aferasına yatırımlar təxminən 7 milyard ABŞ dolları təşkil edib və bu, ölkə üçün rekord göstəricidir. Oradakı BOE əsaslı elektrik stansiyalarının sayındakı bu artım Türkiyə hökuməti tərəfindən həyata keçirilən “Bərpa Olunan Enerji Mənbələrini Dəstəkləmə Mexanizmi”nin (Yenilenebilir Enerji Kaynakları Destekleme Mekanizması, YEKDEM) istifadəsi üçün müraciət tarixinin sonunun yaxınlaşması ilə əlaqədardır. Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin 2019-2023-cü illər üçün strateji planına əsasən, bu il ümumi quraşdırılmış gücü 2,1 min meqavat olan elektrik stansiyaları istifadəyə veriləcək. Bu elektrik stansiyalarının tikintisi üçün layihələrin ümumi dəyəri 2,5 milyard ABŞ dollarından çox olacaq. Təbii ki, layihələrin böyük əksəriyyəti yerli şirkətlər tərəfindən həyata keçirilir, odur ki, onlar kifayət qədər təcrübə və bacarığa malikdirlər.
Yüksək potensial
Əlbəttə ki, bu, azad edilmiş ərazilərdə türkiyəli sərmayəçilərlə əməkdaşlıq üçün potensial sahələrin tam siyahısı deyil. Termal suları, qeyri-adi təbiəti, zəngin tarixi ilə Qarabağ, şübhəsiz ki, yüksək turizm potensialına sahib regiondur. Bundan əlavə, burada kənd təsərrüfatının, o cümlədən heyvandarlığın, dağ-mədən sənayesinin, tikinti materialları istehsalının və s. inkişafı üçün böyük potensial var. Mühüm nəqliyyat qovşaqlarının keçməsi, Zəngəzur dəhlizinin imkanları regionun sənaye və ixrac potensialını investorlar üçün daha da cəlbedici edir. Türkiyə Sahibkarlar İttifaqının (Tüm Kalkınma İş Adamları və Girişimçilər Teşkilatı, TÜMKİAD) idarə heyətinin sədri İlhami Öztürkün bildirdiyi kimi, türkiyəli iş adamları ilkin mərhələdə Azərbaycanın azad edilmiş ərazilərində sənaye müəssisələrinin yaradılmasına 50 milyon ABŞ dolları yatırmağa hazırdırlar.
Xatırladaq ki, yaxın 10 ildə regiona bütövlükdə 50 milyard ABŞ dollarına qədər investisiya cəlb etmək planlaşdırılır. Bunu nəzərə alaraq, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının sədri Selçuk Akatın düzgün vurğuladığı kimi, ölkənin bu hissəsi Azərbaycanın iqtisadi artımının mühərriklərindən birinə çevriləcək. Türkiyəli iş adamlarının azad edilmiş torpaqlarımızın reinteqrasiyası və bərpası prosesinə cəlb edilməsi isə Türkiyə ilə yeni iqtisadi əlaqələr sahəsi meydana gətirir və bu, tarixi Şuşa Bəyannaməsində göstərilən ticarət dövriyyəsinin hədəf göstəricisinə çatmağa yox, hətta onu üstələməyə imkan verir.
Qulu Nuriyev - ekspert