ABŞ Dövlət Departamenti federal hökumətin tərkibində beynəlxalq və daxili siyasətin bəzi aspektlərinin aparılması, həyata keçirilməsinə cavabdeh olan federal icra orqanıdır. 1789-cu ildən fəaliyyət göstərən bu qurum ABŞ Prezidenti və Konqresin hazırladığı xarici siyasi kursunu həyata keçirir. Deməli, bu Departament və köməkçi vasitələri Prezident Cozef Baydenin siyasi kursunun, tapşırıqlarının icraçısıdır. Konqres barəsində geniş münasibət bildirməyi lüzumsuz sayırıq. Çünki bu orqan vaxtilə Cozef Baydenin də iştirakı ilə Azərbaycana qarşı ədalətsiz mövqe tutub. Torpaqlarını işğaldan azad etmək istəyən, yeni yaranmış və demokratik inkişaf yolunu tutan Azərbaycana qarşı bu qanunverici qurum “907 saylı düzəliş”i qəbul edib. Bu da həmin dövrün Azərbaycanını çox böyük, az qala əvəzedilməz maddi, mənəvi, hüquqi, beynəlxalq dəstəkdən məhrum etmək demək idi. Onda bu sanksiyanın qəbulunda fəal rol oynamış, prezident olandan sonra dayandırılması müddətini uzatmış Cozef Bayden indi ABŞ-ın vahid seçilmiş lideridir. Odur ki, Departamentin atdığı addımlara görə o da məsuliyyət daşıyır.
Əslində “Washington Post” qəzeti yarandığı gündən müstəqil sayılsa da, həmişə dövlətin, xüsusilə Dövlət Departamentinin siyasətinə xidmət edib. Bu mətbu orqanda son 6 gündə Azərbaycana qarşı üç məqalə dərc olunub. Ukrayna, Afrika, o cümlədən Nigerdə baş verənlər fonunda Departamentin qəzetdə Cənubi Qafqazda təhlükəsizliyin təhdidi istiqamətində yazılar sifariş verməsi təəssüf doğurur. Bu həm də Prezident Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubların siyasi, iqtisadi, əməkdaşlıq və təhlükəsizlik baxımından istiqamətlərinə ziddir: “...Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir... Bu tədbirlərin, habelə qanunun aliliyinin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ yanınızda olacaqdır. Bununla yanaşı, biz gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyik”. Ancaq Departamentin qəzeti Azərbaycana təzyiq, Cənubi Qafqazda sülh və rifahı təhdid məqsədilə məqalələr yayıb regional inkişaf, əməkdaşlıq, normallaşma, sülh prosesini əngəlləyir.
Departament ABŞ-ın Cənubi Qafqaza yönəlik siyasətini türklərə və Azərbaycana qarşı qərəzli, kinli, düşmən mövqeyi ilə seçilən iki ermənidən yararlanaraq reallaşdırır: Devid İqnatius və Ruben Vardanyan. Devid İqnatius müsahibələrindən birində qohumlarının bəzilərinin “saxta soyqırımı qurbanı” olduğunu iddia edərək “ABŞ ermənisiyəm” deyib. Bu baxımdan onun türklərə münasibəti birmənalı olaraq qərəzli və kinlidir. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin mərhum dövlət başçısı Şimon Peres arasında dialoqun mübahisəyə çevrilməsinə nail olmuşdu. Onda Rəcəb Tayyib Ərdoğan “One minute” deyərək onu yerində oturtmuşdu. Bu erməninin peşə etikasına hörmətsizliyi nəticəsində pozuculuq əməli o vaxt Türkiyə ilə İsrail arasında müəyyən incikliyin yaranmasına şərait yaratmışdı. İndi bu araqarışdıran, türk düşməni “jurnalist” yeni roldadır. İndi də ondan Azərbaycanla ABŞ münasibətlərini korlamaq, Cənubi Qafqazda sabitliyi pozmaq üçün istifadə edirlər.
İqnatius Ermənistanın Azərbaycan torpaqlarını işğalını təbliğ və təşviq edib. 44 günlük müharibədən sonra separatçıların tör-töküntülərini müdafiə edən yazılar yazıb. 2016-cı ildə qanunsuz olaraq Qarabağa səfər edib. Bu “xidmətlərinə” görə onu Rusiyanın erməni etnik qrupundan olan milyarder Ruben Vardanyan mükafatlandırıb. Belə çıxır, Dövlət Departamenti də “regional siyasəti"ni həyat keçirmək üçün Vardanyan-İqnatius cütlüyünü daha uyğun görüb.
Rusiyanın tapşırıqlarını yerinə yetirən Ruben Vardanyan Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. O, “Troyka” adlı bankla çoxsaylı maliyyə fırıldaqları etməklə də məşhurdur. Vardanyan həmin çirkli pulları xaricdə Azərbaycan və türklərə, Cənubi Qafqazda sülh və əməkdaşlığın yaranmasına mane olmaq üçün sərf edir. Bununla da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qarşı çıxanların tapşırığını yerinə yetirir. Belə mülahizə etmək olar ki, Dövlət Departamenti də İqnatiusun fəaliyyətindən istifadə etməklə bu pozuculuğu dəstəkləyir. Yada Avropa İttifaqı Şurasının sədr müavini Eva Kaylin törətdiyi cinayət əməli düşür. Onun da üzv olduğu “Ermənistanla dostluq qrupu” uzun müddət “çirkli pulların yuyulmasında” adı keçən erməniəsilli milyarderlər tərəfindən maliyyələşdirilib. Araşdırmalar nəticəsində məlum olub ki, Avropa Parlamentində Azərbaycan və Türkiyəyə qarşı korrupsiya ilə məşğul olan qrup da fəaliyyət göstərib.
“Troyka”nın ofşor hesabları ilə bağlı fəaliyyətinə nəzərə salsaq, belə qənaətə gəlmək olar ki, İqnatius da Ruben Vardanyanın çirkli pulları ilə maliyyələşənlərdəndir. Başqa sözlə, Dövlət Departamenti çirkli pullarla maliyyələşən jurnalistin xidmətlərindən Cənubi Qafqazda yararlanır. O, ermənilərin, Ermənistan hakimiyyətinin və havadarlarının “humanitar fəlakət” kimi saxta iddiasını təbliğ edir. Reallığın Departament tərəfindən belə fırıldaqçılar vasitəsilə təhrifi ABŞ-ın xarici siyasi kursuna, xüsusilə Cənubi Qafqaz siyasətinə, beynəlxalq enerjidaşıyıcılarının təhlükəsizliyinə şübhəni artırır.
Yeri gəlmişkən, bu hadisələr ABŞ-ın İranın Cənubi Koreyadakı 6 milyard dollarlıq maliyyə vəsaitinə tətbiq edilən sanksiyanı götürdükdən sonra baş verir. Əlaqəsi varmı? İstisna edilmir.
İqnatiuslar və vardanyanlar isə həmişə çirkli pullarla qərəzli işlər görürlər. Bu dəfə onların sifarişçisi Dövlət Departamenti olub.