İlham Əliyevin Ermənistan və havadarlarına verdiyi mühüm mesajlar - Bakı qalib tərəfdir - ŞƏRH

İlham Əliyevin Ermənistan və havadarlarına verdiyi mühüm mesajlar - Bakı qalib tərəfdir - ŞƏRH Fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi nitqində Prezident İlham Əliyev ölkənin daxili və xarici siyasəti ilə bağlı mühüm mesajlar verdi. Dövlət başçısı, həmçinin Ermənistanla münasibətlər haqqında da danışdı. Ölkə lideri Ermənistanın bir n
Analitika
15 Fevral , 2024 16:56
İlham Əliyevin Ermənistan və havadarlarına verdiyi mühüm mesajlar - Bakı qalib tərəfdir - ŞƏRH

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışında ölkənin daxili və xarici siyasəti ilə bağlı mühüm mesajlar verdi. Ermənistanın İkinci Qarabağ müharibəsinin nəticələrini unutması barədə fikirlər isə xüsusilə diqqət çəkir.

Məlumdur ki, 2020-ci ildə 44 günlük müharibədən sonra məğlub tərəf kimi İrəvan üzərinə konkret öhdəliklər götürmüşdü. Ermənistanın üzərinə götürdüyü öhdəliklərə, yəni Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanatların şərtlərinə görə, terrorçular Qarabağdan tamamilə çıxarılmalı, kommunikasiya xətləri açılmalı idi. Amma Ermənistan bu şərtləri yerinə yetirmədi. Məhz həmin inadkarlığın nəticəsi idi ki, Azərbaycan Ordusu 2023-cü ildə keçirdiyi birgünlük antiterror əməliyyatı ilə qondarma rejimi özü ləğv etdi. Kommunikasiya xətlərinin açılması isə hələ də həllini gözləyən məsələlərdəndir. Rəsmi İrəvan bu məsələdə, o cümlədən Zəngəzur dəhlizinin açılmasında konkret mövqe ortaya qoya bilmir. Bu azmış kimi, minalı ərazilərin xəritəsi də hələ tam şəkildə rəsmi Bakıya təhvil verilməyib. İrəvanın təqdim etdiyi topoqrafik məlumatların dəqiqlik faizi aşağıdır. Sadaladıqlarımız Ermənistanın destruktiv siyasətinin təzahürü olmaqla yanaşı, həm də sülh prosesini sual altına qoyur.

Bütün bunlar, habelə Ermənistanın son vaxtlar yenidən hərbi təxribatlara əl atması, sürətlə silahlanması, baş nazir Nikol Paşinyan və onun komandasının səsləndirdiyi iddialar, şərtlər onu deməyə əsas verir ki, qarşı tərəf doğrudan da 44 günlük müharibənin ağır nəticələrini unudub. Deməli, Azərbaycan Ordusunun İrəvanın ehtimal olunan növbəti təxribatlarına verəcəyi cavabla həmin nəticələrin qarşı tərəfə xatırladılması mümkündür.

Andiçmə mərasimində “Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçıların tabutuna vurulan son mismar idi” deyən İlham Əliyev bununla revanşistlərə daha bir mühüm ismarış verdi. Səslənən fikirlər o demək idi ki, bundan sonra baş qaldıracaq hansısa revanşist cəhdlərin heç bir mənası yoxdur. Məsələ birdəfəlik, kökündən həll olunub.

Əlbəttə, Ermənistanın indiyə qədər sülh sazişinin imzalanmasını uzatmasında, revanşist cəhdlərində üçüncü güclərin də təhrikləri mühüm rol oynayır. Fransa, ABŞ kimi Qərb ölkələri İrəvanı şirnikləndirməklə onu növbəti hərbi avantüraya sürükləyirlər.

Dövlət başçısı dünənki çıxışında vurğuladı ki, Ermənistanın nə qədər havadarları olsa da, heç kim daha Azərbaycanı dayandıra bilməz. Bu, məhz Ermənistandan alət kimi istifadə edərək Cənubi Qafqazda gərginliyin qorunmasına və beləliklə, təsir gücünü artırmağa çalışan üçüncü oyunçulara verilmiş mesaj idi. Əslində, Fransanın da, Avropa İttifaqının da, ABŞ-nin də atdığı addımlar bumeranq effekti verir. Çünki onlar özlərinin riyakar siyasətləri ilə bölgənin aparıcı aktoru olan Bakı ilə əməkdaşlıq perspektivinə zərbə vurmuş olurlar. Bu isə son nəticədə həmin güclərin məqsədlərinin reallaşmasına – regional maraqlarının təmin olunmasına zərbə vurur. Adıçəkilən tərəflərin son vaxtlar daha aqressiv ritorika ortaya qoymaları da məhz onların bölgə ilə bağlı planlarının iflasa uğraması ilə bağlıdır.

Ölkə liderinin dediyi kimi, vasitəçilik iddiasında olan tərəflər gərək gedib öz işləri ilə məşğul olsunlar. Yelisey Sarayı, Ağ Ev öz ölkəsindəki problemləri nəzərə almalıdır. Qərb dövlətlərinin bir çoxunda, o cümlədən ABŞ-də və Fransada daim insan hüquqları pozulur, demokratik dəyərlər tapdanır. Belə olan halda onlar necə demokratiyadan, insan haqlarından danışa bilərlər?!

Digər tərəfdən, tarixi təcrübə göstərir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün ikitərəfli təmaslar daha effektiv formuldur, nəinki vasitəçilərin səyləri...

Beləliklə, Prezident İlham Əliyevin bir daha xatırlatdığı kimi, Azərbaycan öz işini artıq həll edib. Vasitəçilərin bundan sonrakı bütün səyləri əbəsdir. Rəsmi Bakı 30 il ərzində həll olunmayan problemi özü həll edib. Bundan sonra Ermənistanla sülh sazişinin imzalanıb-imzalanmayacağı isə məhz Ermənistanı maraqlandıran məsələ olmalıdır. Azərbaycan regionda sabitlik naminə bu günə qədər üzərinə düşən hər şeyi edib. Ermənistan sabitlikdə, inkişafda və regional əməkdaşlıqda maraqlı deyilsə, sülh prosesini istədiyi qədər uzatsın!

Son xəbərlər

Orphus sistemi