Müharibədən ən çox ziyan tərəflərin dinc sakinlərinə dəyir. Silahlı münaqişə zaman onların hüquqlarının qorunması başlıca prinsipdir. Bu prinsipləri pozan dövlət başçıları və ya müharibə aparan tərəflər beynəlxalq miqyasda hərbi cinayətkar, soyqırım törədənlər cani sayılır, beynəlxalq məhkəmələrdə mühakimə olunurlar.
Faşist Almaniyasının liderləri üzərində qurulan Nürinberq məhkəməsi tez-tez xatırlanır. Bosniya və Herseqovinada Serbiya siyasi rəhbərliyi və hərbçilərinin törətdikləri cinayətlər də yada salınır. Serbiya hakimiyyəti Bosniya və Herseqovinada dinc sakinlərin yaşadığı əraziləri bombalayıblar. Qeyd edək ki, Serbiya ordusu 1995-ci ilin iyulunda ən azı 8 300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib. Bosniya və Herseqovinada törətdikləri cinayətə görə, Serbiya Prezidenti Slobodan Miloşeviç başda olmaqla ölkə silahlı qüvvələrinin yüksək rütbəli zabitləri və başqa hərbçiləri cinayət məsuliyyətinə cəlb olunublar. Beynəlxalq Məhkəmənin qərarı ilə onları müxtəlif müddətə azadlıqdan məhrum edilib. Serbiya parlamenti isə 2010-cu ildə qətnamə qəbul edərək bosniyalı serblərin ordusunun 15 il əvvəl Srebrenitsada törətdiyi qətliama görə bölgənin müsəlman xalqından üzr istəyib. 2013-cü il aprelin 25-də Serbiyanın o vaxtkı prezidenti Tomislav Nikolits də soyqırıma görə üzr istəyib: “Mən diz çökür və Srebrenitsada baş verən qırğın üçün Serbiyanın bağışlanmasını xahiş edirəm. Mən bəzi şəxslər tərəfindən bizim dövlətimiz və xalqımızın adından edilən bu cinayətlər üçün üzr istəyirəm”.
Müharibə əbədi davam etmir, gec-tez başa çatır. Müharibə və silahlı toqquşmalar başa çatdıqdan sonra günahkarların cəzalandırılması mərhələsi başlayır. Müharibə və silahlı toqquşmalar zamanı dinc və mülki sakinlərin hüquqları bir sıra beynəlxalq qanunlar və qaydalarla qorunur. Onlardan biri də beynəlxalq humanitar hüquqdur. Beynəlxalq humanitar hüququn məqsədi hər hansı bir şəkildə silahlı münaqişədə iştirak edən insanların dözmək məcburiyyətində qaldıqları əzab və məhrumiyyətləri minimuma endirməkdir. Bundan başqa, silahlı münaqişələrin beynəlxalq hüququ Haaqa Konvensiyalarında, Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyasında və onların 1977-ci il Əlavə Protokollarında, BMT Baş Assambleyasının qətnamələrində, başqa sənədlərdə kodlaşdırılıb.
Beynəlxalq humanitar hüququn bəzi məqsəd və vəzifələrini də yada salaq:
- döyüş aparılmasının metod və vasitələrinin seçilməsində vuruşan tərəflərin üzərinə məhdudiyyətlər qoyulması;
- müharibə qurbanlarının beynəlxalq-hüquqi müdafiəsi;
- mülki obyektlərin və mədəni mülkiyyətin mühafizəsi;
- hərbi zərurətin və ictimai qaydanın qorunmasının insana hörmətlə uzlaşdırılması;
- neytral dövlətlərin mənafelərinin qorunması və s.
2020-ci il noyabrın 10-dək Azərbaycan da Ermənistanla müharibə vəziyyətində olub. 30 il ərzində Ermənistan Azərbaycanın mülki və dinc sakinlərinə qarşı soyqırım aparıb, məktəb, xəstəxana, uşaq bağçası, mədəniyyət evləri və başqa mülki obyektləri, inzibati binalar, yaşayış evlərini məhv edib. Qarabağ işğal altında olduğu vaxt Ermənistan hərbçiləri başqa dövlətin mülki vətəndaşlarına qarşı da cinayət törədib. 1994-cü il martın 17-də İrana məxsus təyyarə Ermənistan ordusu tərəfindən Xankəndinə yaxın ərazidə vurulub. Təyyarənin göyərtəsində İranın Moskvadakı səfirliyinin əməkdaşları və ailə üzvləri olub. Ermənistan hərbçilərinin törətdiyi cinayət nəticəsində 9-u uşaq olmaqla 19 sərnişin və 13 ekipaj üzvü həlak olub. Ermənistan hərbçiləri 44 günlük müharibə zamanı da zəifliyinin hikkəsini Azərbaycanın dinc sakinlərinə çıxmağa çalışıblar. Gəncə, Tərtər, Goranboy, Bərdə, Mingəçevir, Ağcabədi raket atəşinə tutulub. Ermənistan bu şəhərlərə “İsgəndər”, “Skad”, “Toçka-U”, “Smerç” raketləri, çoxlu sayda “Qrad” və top mərmiləri atıb. Ermənistanın 44 günlük Vətən müharibəsi zamanı mülki obyektləri, yaşayış məntəqələrini və dinc sakinləri atəşə tutması nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib. Təəssüf ki, Ermənistanın nə indiki, nə də əvvəlki rəhbərləri beynəlxalq humanitar qanunları pozduqları üçün hələ də mühakimə olunmayıblar. Azərbaycan tərəfi isə nə əvvəlllər, nə də İkinci Qarabağ müharibəsi zamanı ermənilərin, Ermənistanın mülki əhalisini və obyektlərini hədəf almayıb.
Martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev idmançılarla görüşdə Azərbaycanın ləyaqətli müharibə apardığını bildirib: “Biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik. Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq. Halbuki, xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi. Ancaq mən demişdim ki, düşməndən intiqamı döyüş meydanında alacağıq. Bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə qeyd edirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə, ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail olub, həm də bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə aparıb”.
Azərbaycan Ordusunun mülki və dinc sakinlərə ziyan vurmaması onların humanistliyindən, döyüş tapşırıqlarını bacarıq və ustalıqla yerinə yetirməsindən irəli gəlib. 44 günlük mahribədə Azərbaycan Silahlı Qüvvələri Ermənistandan qat-qat güclü idi. O, bu üstünlüyündən istifadə edərək hərbçilərin irəliləməsinə mane olan istənilən mülki obyekti məhv edə, dinc sakinləri isə zərərsizləşdirə bilərdi. Nəzərə almaq lazımdır ki, Ermənistan hərbçiləri mülki obyektlərdə gizlənirdi. Onlar mülki paltar geyərək Azərbaycana qarşı döyüşürdü. Bununla sonradan Azərbaycanı dinc sakinləri öldürməkdə ittiham etməyi planlaşdırırdı. Ancaq Ermənistanın və ermənilərin bu hədəfi boşa çıxdı. Azərbaycan tərəfi onların planına uyğun davranmadı. Elə bu sayaq davranışlarına görə dünyanın hərbi ekspertləri dəfələrlə Azərbaycan bu müharibəni həm böyük məharət, həm də ustalıqla apardığını, qısa müddətdə istədiyinə nail olduğunu, bütün müharibə qanunlarına əməl etməklə ləyaqətlə döyüşdüklərini vurğulayıblar.
Azərbaycan torpaqlarını işğaldan azad edib, ərazisini təcavüzdən qoruyub, dövlətin təhlükəsiziyini də təmin edib. O, dinc sakinləri, silahsız və müdafiəsiz insanları qətlə yetirməyib. Azərbaycan insanı “basdığını kəsmə”, “aman istəyəni öldürmə” prinsipi ilə də tərbiyə olunur. Bu kimi səbəblərdən bütün qaydalar, qanunlar onun hərbçisinin, əsgərinin haqlı olduğunu təsdiqləyir. Haqqı müdafiə edənlər ləyaqətli olurlar. Azərbaycan hərbçisi qələbə qazanmaq və ləyaqətli davranmaqla müharibədən, bu çətin imtahandan ölkə və beynəlxalq ictimaiyyət qarşısına alnıaçıq, üzüağ çıxıb.