İfşa olunan casus şəbəkəsi - Fransanın növbəti çirkin planı – ŞƏRH

İfşa olunan casus şəbəkəsi - Fransanın növbəti çirkin planı – ŞƏRH Faş olan casus şəbəkəsi - beynəlxalq ictimaiyyət Fransanı qınamağa özündə cəsarət tapmalıdır – ŞƏRH
Analitika
22 Dekabr , 2023 17:22
İfşa olunan casus şəbəkəsi - Fransanın növbəti çirkin planı – ŞƏRH

Qərb mərkəzlərinin anti-Azərbaycan fəaliyyəti səngimir, hər vəchlə müstəqil xarici siyasət yürüdən dövlətlərə qarşı mübarizə, daxildə gərginlik və sabitliyi pozmağa cəhd əsas xətt kimi keçir.

"İdentificator.in.ua" saytı dekabrın 21-də məlumat yayaraq bildirib ki, Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində ölkə ərazisində Fransa səfirliyinin kəşfiyyat şəbəkəsinin aşkarlanması həmin mərkəzləri yenidən aktivləşdirib. Əslində, əvvəllər də Fransa anti-Azərbaycan fəaliyyəti ilə xüsusi diqqət çəkib. Keçmiş Minsk qrupunun həmsədr ölkəsi kimi Ermənistanla Azərbaycan arasında sülh prosesinə dəstək vermək əvəzinə, onun bütün fəaliyyəti qərəz və ikili siyasətə əsaslanıb. Rəsmi Paris birmənalı şəkildə Ermənistanın yanında durmaqla yanaşı, separatizmə dəstək verməkdə davam edib. İndi də Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsini alqışlamaq yerinə, prosesə mane olmağa çalışır.

Məlum olduğu kimi, Azərbaycan gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Hətta Ermənistan dövləti belə bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək verdiyi halda, Fransa rəhbərliyi, onun anti-Azərbaycan dairələri buna qarşı çıxıb, müvafiq müraciətlə çıxış ediblər.

Fransanın anti-Azərbaycan mövqeyinin, hətta Azərbaycanda casus şəbəkəsi yaratmağa qədər getməsinin arxasında rəsmi Bakının tutduğu mövqe, Fransanın kolonial siyasətinə qarşı çıxması, bununla bağlı beynəlxalq tədbirlər keçirməsidir.

Bununla belə, Fransanın yenicə müstəqillik qazanmış Azərbaycanın ərazisində casus şəbəkəsi qurması yolverilməzdir. Beynəlxalq birlik də bu məsələyə dərhal reaksiya verməlidir. Axı söhbət adi bir ölkədən getmir, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Fransanın bu fəaliyyəti beynəlxalq hüquq normalarına, ölkələr arasında qurulan səmimi münasibətlərə zərbədir.

Əslində, Fransanın Azərbaycana bu cür münasibətinin kökü 30 il əvvələ gedir. Azərbaycan torpaqlarının işğalında, terror, soyqırımların həyata keçirilməsində Fransanın əvəzsiz rolu olub. Ehtimal etmək olar ki, onun casus şəbəkəsi topladıqları məlumatları Ermənistana ötürmək niyyəti güdüb.

Yeri gəlmişkən, Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı xüsusi qeyd edilməlidir. Məhz onların sayəsində suverenliyimiz qorunub, ölkəmiz daxilində casusluq şəbəkəsi və ölkənin müstəqilliyinə təhdid törədə biləcək hərəkətlərin qarşısı alınıb.

Qeyd edək ki, Fransa casus şəbəkəsi ilə bağlı yerləşdirilən xəbərə görə, rezidentura Fransanın “tərəfdaşları” kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat əməliyyatları aparıb. Üstəlik, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə fəaliyyət göstərib, yeni məqsədlər formalaşdırıb və təsir dairəsini genişləndirib.

Məlumatlı mənbələrin xəbərinə görə, bu istiqamətdə araşdırma bir-biri ilə əlaqəli olan şəxslərin şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı məqamları üzə çıxarıb. Belə ki, uzun illər Fransa kəşfiyyatının ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq təşəbbüsü ilə çıxış edib.

Onun əməkdaşlığı nəticəsində Azərbaycanda xidmət etmiş, fəaliyyətlərini davam etdirən, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransız məxfi agent ifşa edilib. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı sübut və sənədlər təqdim olunub. Bundan başqa, məlum olub ki, Azərbaycanın xüsusi xidmət orqanlarının araşdırdığı cinayət işi ilə bağlı Ukrayna, Gürcüstan və Azərbaycanla bağlı kəşfiyyat fəaliyyəti həyata keçirmiş bir sıra şəxslər həbs edilib. Mənbənin fikrincə, bu uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə ciddi zərbə vuracaq.

Ötən gün yayılan xəbərlərdə Fransa Prezidenti Emmanuel Makronun Fransa Müdafiə Nazirliyinin (DGSE) Xarici Təhlükəsizlik Baş İdarəsinin direktoru Bernard Emyeri vəzifəsindən azad etdiyi bildirilib. Xatırladaq ki, B.Emyer bu ilin aprelində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşmək üçün Minskə səfər etmişdi.

Afrika və Cənubi Qafqaz regionunda kəşfiyyatın uğursuzluğundan sonra onun mümkün istefası müzakirə edilməyə başlanılmışdı. Hələ 2023-cü ilin avqustunda E.Makron Fransa xarici kəşfiyyatının rəhbərinə qarşı narazılığını ifadə etmişdi. Buna səbəb B.Emyerin fəaliyyətinin Parisin Afrika və Şərqi Avropadakı mövqelərinə zərbə vurması olub. Maraqlıdır ki, Daxili Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik edən Nikolya Lerner Fransa Baş Qərargahının rəhbəri təyin edilib.

Beləliklə, Fransanın ölkəmizə qarşı növbəti çirkin və qərəzli bir qəsdinin üstü açılıb. Şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə səslənən sülh təşəbbüsləri, müvafiq qərarlar, addımlar Fransa kimi dövlətləri narahat edir. Onun iki ölkə sərhədində gərginlik yaratmaq planı baş tutmadıqda, daxildə qarşıdurma yaratmaq cəhdi işə düşüb.

Son xəbərlər

Orphus sistemi