“İdxal” həyatı və ya Ermənistansayağı ticarət dövriyyəsi

“İdxal” həyatı və ya Ermənistansayağı ticarət dövriyyəsi ​​​​​​​Ermənistan döyüş zonasında vəziyyəti gərginləşdirməklə və hərbi münaqişəni davam etdirməklə iqtisadi intihar vaxtını yaxınlaşdırır
Analitika
15640
12 Oktyabr , 2020 16:10
“İdxal” həyatı və ya Ermənistansayağı ticarət dövriyyəsi

Ermənistan döyüş zonasında vəziyyəti gərginləşdirməklə və hərbi münaqişəni davam etdirməklə iqtisadi intihar vaxtını yaxınlaşdırır. Ölkə uzun illərdir Azərbaycan torpaqlarının 20%-nin işğalı səbəbindən iqtisadi təcrid rejimində yaşayır, bu gün isə onun tədiyyə balansı postsovet məkanında ən pislərindən biridir. Bu, ölkədəki dərin iqtisadi böhranı güzgü kimi əks etdirir.

Ümumiyyətlə, Ermənistanda iqtisadi çatışmazlıq sindromu var. Belə ki, Ermənistan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, müstəqillik əldə olunandan bu günə qədər heç vaxt ölkənin xarici ticarət balansında müsbət saldo qeydə alınmayıb, son 5 ildə isə mənfi saldo təxminən 3 milyard ABŞ dollarına çatıb. Bu da digər iqtisadi göstəricilər nəzərə alınmaqla ölkənin açıq şəkildə idxaldan asılılığını və ciddi ixrac mövqelərinin olmadığını göstərir.

DSK-nın məlumatına görə, 2020-ci ilin birinci rübündə əsas ixrac malları faydalı qazıntılar (35,4% qiymətli daşlar + 13,1% yarı qiymətli daşlar) olub və yalnız 30% qida məhsulları təşkil edib. COVID-19 pandemiyası səbəbindən birincilər, onsuz da, dəyərini itirib, Ermənistanın təxribatı nəticəsində başlayan döyüş əməliyyatları isə faydalı qazıntı “bazarını” tamamilə bağlayıb. Axı yataqların böyük hissəsi işğal altında olan Azərbaycan torpaqlarında və ya onlarla sərhəddə yerləşirdi.

Beləliklə, Ermənistanın sata biləcəyi malların əksəriyyəti xammal və kənd təsərrüfatı məhsullarıdır. Eyni zamanda ticarət coğrafiyası cəmi bir neçə ölkə ilə məhdudlaşır. Burada əsas pay Rusiyanındır. Bunun nə demək olduğunu isə Azərbaycandan olan iş adamlarının rəhbərlik etdiyi Moskva bazarlarında erməni məhsullarının qısamüddətli boykot edilməsinin Ermənistanda yaratdığı panikanı xatırlamaqla asanlıqla təsəvvür etmək olar...

Bu arada koronavirus pandemiyası Ermənistanın ticarət potensialını elə ümidsiz, çıxılmaz vəziyyətə salıb ki, heç boykota da ehtiyac yoxdur - bu ilin 8 ayı ərzində xarici ticarət dövriyyəsinin həcmi artıq 10,2% azalıb. Bu, hələ Qarabağda hərbi əməliyyatların başlamasından əvvəl olan rəqəmdir. Üstəlik, COVID-19 ilə mübarizə aparmaq üçün ermənilər xaricdən dərman, tibbi avadanlıq və s. almağa da çox pul xərcləməli olublar. Özü də bu, ölkəyə idxalın səviyyəsinin, yuxarıda qeyd olunduğu kimi, hər il artması fonunda baş verib. Bu ölkədə praktiki olaraq 100% özünü təmin edən bir istehsal sahəsi də yoxdur, ümumi istehlakda yerli məhsulların payı da son dərəcə aşağıdır.

Vəziyyəti xaricdən gətirilən mallarla güclü rəqabət də gərginləşdirir: əhalini qida ilə birtəhər təmin etmək üçün Ermənistan hökuməti ölkələr arasında gömrük imtiyazlarına dair müxtəlif proqramlara qoşulub. Müvafiq olaraq, idxal olunan malların qiymətləri aşağıdır, keyfiyyəti isə yerli mallardan xeyli yüksəkdir.

Aydındır ki, bu gün Ermənistanda yerli istehsalın vəziyyəti qat-qat pisləşib: hərbi təcavüz, daxili siyasi çəkişmələr bu ölkənin investisiya cəlbediciliyini sıfıra endirib. Yerli valyutanın dəyişkənliyi çox güclü olduğundan və inflyasiya gözləntiləri yüksək olduğundan hətta yerli sahibkarların da gələcəkdə yeni işə investisiya qoymaq istəməmələri ehtimalı var. Bunlar isə hər bir ölkədə biznes mühitinə təsir edən iki vacib amildir.

Heç bir böyük regional layihədə iştirak etməyən ölkənin bu sarıdan da daimi gəliri yoxdur.

Beləliklə, Ermənistan bu gün regionun iqtisadi cəhətdən ən zəif ölkəsidir, Cənubi Qafqaz ölkələrinin ümumi ixracatında onların payı 15%-ə, ümumi ticarət dövriyyəsində isə 17%-ə çatar, ya çatmaz. Bütün bunlar döyüş əməliyyatları başlamazdan əvvəl olan məlumatlardır. Hərbi münaqişə bölgəsindəki mövcud vəziyyətin onlar üçün fəlakətli nəticələrini nəzərə alsaq, çox güman ki, yaxın gələcəkdə Ermənistan əhalisi humanitar yardım hesabına yaşamaq metodlarını xatırlamalı olacaq.

Ekspert Qulu Nuriyev

Son xəbərlər

Orphus sistemi