İbrahim Rəisinin Ankara səfəri - razılaşmalar daha çox İranın əlini gücləndirir - ŞƏRH

İbrahim Rəisinin Ankara səfəri - razılaşmalar daha çox İranın əlini gücləndirir - ŞƏRH İran Prezidenti İbrahim Rəisinin yanvarın 4-də Türkiyəyə təxirə salınan səfəri reallaşdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yanvarın 24-də Ankarada keçirilən təkbətək görüşü iki saatdan artıq sürüb.
Analitika
25 Yanvar , 2024 16:10
İbrahim Rəisinin Ankara səfəri - razılaşmalar daha çox İranın əlini gücləndirir - ŞƏRH

İran Prezidenti İbrahim Rəisinin Ankaraya bir neçə dəfə təxirə salınan səfəri nəhayət ki, yanvarın 24-də reallaşdı. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.

Prezidentlər iki saatdan çox təkbətək danışıqlar aparıblar. Eyni zamanda Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci toplantısında iştirak ediblər. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı məqsədi ilə 10 müqavilə imzalanıb.

İ.Rəisi Ankaraya yola düşməmişdən əvvəl verdiyi açıqlamada bildirmişdi ki, İran hökumətinin hədəfi Türkiyə ilə ticarət əlaqələrini 30 milyard dollara çatdırmaqdır.

Ötən ilin 9 ayında (2023-cü il martın 21-dən dekabrın 21-dək) iki dövlət arasında qeyri-neft məhsullarının dövriyyəsi 9,5 milyon ton və ya 8 milyard 520 milyon dollar olub.

İ.Rəisinin səfərinin yekununa dair birgə bəyanat qəbul edilib. Sənəddə ikitərəfli münasibətlərin inkişafına xüsusi yer ayrılıb. Qeyd olunub ki, iki ölkə qarşılıqlı hörmətə, ortaq maraqlara, dostluğa və dərin mədəni-tarixi bağlara əsaslanan ənənəvi münasibətlər fonunda əlaqələrin inkişafında maraqlıdırlar. Türkiyə 40 ilə yaxındır terrorçuluğa qarşı mübarizə aparır. Ankara Tehrana bu istiqamətdə ortaq fəaliyyət göstərməyi təklif edib. Ancaq İran hakimiyyəti müxtəlif illərdə bu məsələdə üzərinə götürdüyü öhdəliyə uyğun davranmayıb. Bir sıra hallarda Türkiyəyə qarşı olan PKK terror qruplaşmasına himayədarlıq edib. Ancaq son illər, o cümlədən yanvardan üzləşdiyi silahlı basqınlar Tehranın terrorçuluğa qarşı mübarizədə fəallığını artırıb.

Yeri gəlmişkən, yanvarın 4-də İranın Kirman şəhərində baş verən silahlı hücumla (Tehran onu terror adlandırır ) əlaqədar İ.Rəisinin Ankaraya səfəri təxirə salınmışdı. Bu baxımdan birgə bəyanatda tərəflərin terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizə aparmaq əzmində olunduğu vurğulanıb.

İranın terrora qarşı Türkiyə ilə birgə mübarizə aparacağında müəyyən şübhələr var. Ola bilsin PKK terror qruplaşmasının İran hakimiyyətinə qarşı fəaliyyət göstərən qollarına qarşı mübarizə nəzərdə tutulur.

R.T.Ərdoğanın İ.Rəisi ilə görüşündə Azərbaycanla birbaşa əlaqəsi olan məsələlərin də gündəmə gəldiyi istisna deyil. Məsələn, tərəflər bir-birinin avtomobil, dəmir yolu və kombinə edilmiş tranzit sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını da vurğulayıblar. Bu məsələ həm də Bakını maraqlandırır. Çünki İran regionda Hindistan və Ermənistanla birgə “Şimal-Cənub dəhlizi” üzərində də işləyir. Bu layihənin 2024-cü ilin mayında istifadəyə veriləcəyi ehtimal edilir. Dehli və İslam Respublikası regionda Ermənistanın önəmini artırmaq, Cənubi Qafqazda mövqelərini gücləndirmək kimi hədəfləri Azərbaycanın iştirakçısı olduğu layihələrə alternativ məqsədi də daşıyır. Tehran hakimiyyətinin bu məsələdə də öhdəliyinə axıradək sadiq qalacağına inam azdır.

Ermənistanın Metsamor Atom Eelektrik Stansiyasının fəaliyyətinin ətraf mühiti, o cümlədən Araz çayını çirkləndirməsinə Azərbaycan və Türkiyə rəsmiləri, mütəxəssisləri dəfələrlə etiraz ediblər. Tehran isə Metsamor AES-in ətraf mühitə ziyan vurmadığını iddia etməklə, Ermənistanın yalanlarına qoşulub. Bu baxımdan yanvarın 25-də Ankarada qəbul olunan Türkiyə-İran birgə bəyanatında bu məsələyə dair nəzərdə tutulan maddənin icrası kağız üzərində qalacaq. İran üçün bu bölmədə əsas hədəf Türkiyə ilə ortaq su ehtiyatlarından istifadə edilməsini tənzimləməkdir.

Birgə bəyanatda Tehran üçün daha vacib məsələ Qəzza zolağında HƏMAS-ın İsrailə qarşı mübarizəsinin beynəlxalq səviyyədə dəstəklənməsinə nail olmaqdır. Bunun üçün İran tərəfi müsəlman dövlətlərini birgə fəaliyyətə çağırır və s.

Bir sıra dövlətlərdə insanların müsəlman olduqları üçün üzləşdikləri çoxsaylı problemlərə, o cümlədən Hindistanda müsəlmanların diskriminasiyaya məruz qalmasına baxmayaraq İran hakimiyyəti susur. O, yalnız öz maraqları və mənafeyinə uyğun olanda hay salır. Bu baxımdan Qəzza zolağında onun hədəfi HƏMAS-ı, yaxud fələstinlilərin azadlığını müdafiə etmək deyil. Tehran onlardan regionda üstünlüyünü, nüfuzunu artırmaq üçün istifadə edir. Odur ki, birgə bəyanatda İsraillə bağlı maddələr də İran üçün daha çox bu məsələyə xidmət edir.

Bəyanatda Azərbaycanla bağlı iki mühüm nüans da əksini tapıb. Bunlar Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünün, "3+3" (Azərbaycan, İran, Rusiya, Türkiyə, Ermənistan, Gürcüstan) formatında regional əməkdaşlıq məsələsinin vurğulanmasıdır. Hər iki məsələ ilə bağlı Tehran heç də rəsmi Bakını qane edən mövqedə durmur. Çünki Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyənləşmədən ərazi bütövlüyündən danışmaq məntiqsizlikdir. Tehran "3+3" formatında əməkdaşlıqda da maraqlı görünmür. Çünki bu ideya gündəmə gələndə İslam Respublikası bir müddət buna müqavimət göstərib. Ona görə də hesab etmək olar ki, bu, Tehranın son illər mübahisəli yanaşma nümayiş etdirdiyi məsələlərdən biridir.

İ.Rəisinin səfəri region dövlətləri arasında əməkdaşlığa, iqtisadi-ticarət əlaqələrinin, başqa münasibətlərin inkişafına, genişlənməsinə hesablanıb. Bu ziyarətdə Tehran üçün iki məsələ xüsusi ilə vacib sayıla bilər:

Birincisi, Türkiyə ilə iqtisadi-ticarət əlaqəsini inkişaf etdirmək.

İkincisi, HƏMAS-ın, “Hizbullah”ın, husilərin Türkiyə tərəfdən dəstəyinə də nail olmaq.

İran konstitusiyasına əsasən prezident, indiki halda İbrahim Rəisi dövlətin ikinci adamı sayılır. Bütün məsələlər ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamənei imzaladıqdan sonra qüvvəyə minir və icra olunur. Bu baxımdan səfər zamanı əldə edilən razılaşmaların belə tezliklə həyata keçəcəyi də gözlənilmir. Səfər İran üçün Yaxın Şərqdə əlini möhkəmləndirmək, beynəlxalq ictimaiyyətin təzyiqi qarşısında müqavimət göstərmək baxımından önəmli sayıla bilər. Çünki birgə bəyanat yayılsa da, Cənubi Qafqaza, İsrail-Fələstin münaqişəsinə, habelə Yaxın Şərq hadisələrinə, regionlardakı dövlətlərə, hadisələrə Türkiyə və İranın ortaq baxışı demək olar ki mövcud deyil. Ancaq münaqişədənsə, görüşlər, səfərlər daha səmərəli, faydalı sayılır.

Son xəbərlər

Orphus sistemi