Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırımın dediyi kimi, dostlarının sayını çoxaldıb, düşmənlərinin sayını azaltmaq xəttini tutduğu, İsraillə normallaşma protokolu imzalandığı, Rusiya ilə əlaqələrin bərpası istiqamətində ciddi addımın atıldığı vaxtda İstanbulda terror törədilib.
Son məlumata əsasən, Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında törədilən qanlı hadisə nəticəsində 41 nəfər həyatını itirib, 239 nəfər isə yaralanıb. Ölən və yaralananların sayının artacağı istisna olunmur.
Hadisə Türkiyə və yerləşdiyi bölgə üçün əhəmiyyətli bir vaxtda törədilib. Nəzərlər ilk növbədə terrorçu İŞİD qruplaşmasının üzərinə yönəlib. Başqa sözlə, son illərdə törədilən terrorların çoxunda İŞİD-in adının hallanması adiləşib. Ancaq məsələni birbaşa onların üzərinə yönəltmək faciəni törədənin gizlənə bilməsinə də şərait yaradır.
Son zamanlar ölkənin paytaxtı Ankara və aparıcı şəhəri İstanbulda sonuncu ilə birlikdə 6 terror törədilib. 2015-ci il oktyabrın 10-da Ankara vağzalında terror aktı törədilib və 109 nəfər həyatını itirib. Bu il yanvarın 12-də İstanbulda Sultanahmet meydanındakı terror zamanı 11 nəfər ölüb, 15 nəfər yaralanıb. Bu il fevralın 17-də Ankarada Dövlət Məhəlləsində törədilən terror nəticəsində 29 nəfər həyatını itirib. Martın 13-də Ankarada partlayış nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb. Martın 19-da 5 nəfər İstanbulda törədilən terrorun qurbanı olub, 36 nəfər isə yaralanıb.
Ölkənin müxtəlif şəhərlərində də terror aktları törədilib. Ancaq terrorun Türkiyənin paytaxtı və aparıcı şəhərinə də ayaq açdığını vurğulamaq üçün bu statistikaya nəzər saldıq.
Türkiyədə törədilən terrorlarda kimin əli ola bilər? Bu məsələdə ilk hədəf kimi demokratik yol tutmuş, inkişaf etməkdə olan bu türk dövlətinin düşmənləri və sevməyənlərini, eləcə də parçalamaq istəyənləri nəzərdən keçirməli olacağıq.
Türkiyəni sevməyənlər İraq və Suriyadakı terrorçu qruplaşmalar - PKK və onun "PYD", "YPG" kimi qolları, İŞİD, "əl-Qaidə"dən istifadə edirlər. Onun zəifləməsini istəyənlər bu terrorçu qruplaşmaları dəstəkləyənlərdir. Bu terrorçuların sırasına ermənilərin ASALA terrorçu qruplaşmasını da əlavə etmək lazımdır.
Yeri gəlmişkən, bir müddət əvvəl Türkiyənin Təhlükəsizlik Şurası terrorçu təşkilatların Avropada açılan nümayəndəliklərini bağlamağa çağırmışdı. Sənəddə bildirilmişdi ki, belə addım dostluq və mütəffiqliklə bir araya sığmır: "Terrorçu "PYD" və "YPG"nin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları - "Report") Çexiya, İsveç, Almaniya və Fransada nümayəndəliklərinin açılması onların qanunlara qarşı fəaliyyətinə təkan verib. Bu, dostluq və müttəfiqlik münasibətlərinə ziddir. Türkiyə həmin nümayəndəliklərin açılması ilə bağlı qərara yenidən baxılmasını gözləyir".
Rusiya ilə Türkiyənin münasibətlərinin bərpası Cənubi Qafqazda da "at oynatmaq" istəyənlərin planlarını pozur. İsraillə Türkiyənin əlaqələrinin normallaşması yəhudi dövlətini düşmən sayan qrup və rejimlərin heç xoşuna gəlmir.
Ona görə də Türkiyəni sevməyənlər daha çox İŞİD-in adının hallanmasında maraqlı görünürlər.
Terrorçuların əsas hədəfi bunlar ola bilər:
- İlk növbədə Türkiyədə sabitliyi pozmaq;
- Rusiya ilə münasibətlər bərpa edildikdən sonra bu ölkədən Türkiyəyə turist axını gözlənilir. Təhlükəsiz, sabit ölkə olmaması imicini yaratmaqla Türkiyəyə gələnlərin sayının azalmasına nail olmaq və nəticədə ölkə iqtisadiyyatına ziyan vurmaq;
- Türkiyəni parçalayıb, Suriya və İraqın vəziyyətinə salmaq;
- Türkiyəyə etibarı azaltmaq və s.
Terrorçu PKK qruplaşması Türkiyənin cənub-şərqində xəndəklər qazaraq ərazini ələ keçirməklə, ölkəni get-gedə parçalamağa cəhd göstərirdi. Bu, alınmadığından qruplaşma terror hücumlarının sayını artırdı.
İŞİD də oxşar taktikadan istifadə edir. O da öz istəklərini yeritmək, Türkiyəni "xilafət"ə qatmaq üçün terror aktları törədir.
Ötən gün Türkiyə Silahlı Qüvvələri İraq və Suriya ərazisində terrorçu İŞİD və PKK qruplaşmalarının mövqelərini bombaladığı haqda məlumat yayıb. 37 PKK terrorçusunun məhv edildiyi bildirilib. Belə məlumatlar tez-tez yayılmaqdadır. Bu, Türkiyənin terrorçulara qarşı mübarizədə qətiyyətliliyinin göstəricisi də sayıla bilər. Ancaq bir məsələ də var, türk dövləti bununla yalnız terrora qarşı mübarizə aparmır, həm də ölkəni parçalamaq istəyən xarici qüvvələrə qarşı da savaşır.
Bir məsələyə də toxunmaq istərdik. Bu sayaq hadisələr həm də Türkiyədəki "sözə baxmaz" hakimiyyəti nüfuzdan salmağa yönəlib. Bu dövləti sevənlərin bəziləri elə zənn edir ki, guya hakimiyyətdə indiki siyasi təşkilat - Ədalət və İnkişaf Partiyası olmasaydı, bu qədər terrorlar törədilməzdi. Bəs, "sözə baxanlar" hakimiyyətdə olanda ölkədə terror yox idi, yaxud Türkiyəni parçalamaq istəmirdilər? Ona görə də əsl hədəf hakimiyyətdəki hansısa siyasi təşkilat deyil. Başlıca hədəf Türkiyəni yox etməkdir. Qalan məsələlər bəhanədir.