Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) maliyyə bazarı iştirakçılarının və ekspertlərin 2018-ci il üçün gözləntilərini doğrultdu.
“Report”un Analitik qrupu xatırladır ki, qurumun Açıq Bazar Əməliyyatları Komitəsinin ötən gün başa çatmış 2 günlük iclasında uçot dərəcəsi 2-2,25%-dən 2,25-2,5%-ə çatdırıldı.
Bununla da, FED gözləntilərə uyğun olaraq, bu il ərzində 4 dəfə faiz artımına getmiş oldu. İndi investorları daha çox 2019-cu ildə atılacaq addımlar maraqlandırır. FED-in rəhbəri Cerom Pauel gələn il uçot dərəcəsinin 2 dəfə artırılacağı barədə mesajlar verib, rəhbərlik etdiyi qurumun qlobal siyasi və iqtisadi hadisələri daim izlədiyini, onların ABŞ iqtisadiyyatına təsirini qiymətləndirdiyini desə də, bazarda hələ ki sabitlik yaratmayıb. Bunu ABŞ-ın aparıcı fond birjası indeksləri – “Dow Jones”, “S&P 500” və “Nasdaq”ın azalma nümayiş etdirməsi də sübut edir.
FED rəhbərindən fərqli olaraq bir sıra analitiklər və investorlar, hətta ABŞ Prezidenti Donald Tramp belə faizlərin davamlı artırılmasının əleyhinədir. Onların fikrincə, hazırda ölkədə uçot dərəcəsi lazımi həddədir və bu məsələdə həddindən çox aqressiv olmaq, tez-tez faiz artımına getmək lazım deyil və bunu dəfələrlə açıq şəkildə deyiblər. Bununla da, ABŞ-ın siyasi hakimiyyətindən asılılığı olmayan FED ilk dəfə ölkə rəhbərliyinin açıq təzyiqinə məruz qalıb və iqtisadi böhranla bağlı siqnalları nəzərə almağı qurumun diqqətinə çatdırılıb.
“Report”un Analitik qrupu hesab edir ki, ötəngünki faiz artımı Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək və ilk növbədə, ölkəmizə məxsus maliyyə alətlərinin ucuzlaşmasına (paralel olaraq onların illik gəlirliliyinin artmasına) səbəb olacaq. Məsələ ondadır ki, ABŞ-da uçot dərəcəsinin artırılması bu ölkənin milli valyutasında buraxılmış qiymətli kağızlara marağı artırır və investorlar inkişaf etməkdə olan ölkələrin istiqrazlarından imtina edirlər. Bu baxımdan, Azərbaycana məxsus avrobondlar da istisna deyil.