Honkonq Çinin cənubunda yerləşən Xüsusi Statuslu Bölgədir. 1850-ci illərdən Böyük Britaniyanın nəzarətində olan bölgə 1997-ci ildə Çinə təhvil verildi. Çin bölgəyə 50 il müddətinə, yəni 2047-ci ilə qədər hazırkı sistemini saxlamağa icazə verdi. Beləliklə, “Bir ölkə, iki sistem” yanaşması ilə Honq Konq müstəqil beynəlxalq münasibətlər və müstəqil ordudan başqa bütün atributlarını saxlaya bildi.
Bir neçə ay əvvəl, Honq Konq hökümətinin cinayət törətmiş bir vətəndaşı Tayvana və daha sonra da fərdi əsasda digər ölkələrə, o cümlədən Çinə extradisiya etməsilə bağlı qanun layihəsinin qanunverici orqan tərəfindən müzakirələrinə başlaması honkonqluları ayağa qaldırdı. Qanun qəbul edilsəydi Çinin bölgə üzərindəki təsiri dəfələrlə artacaqdı və Honkonq demokratiyası Çin kommunizminə tabe ediləcəkdi. Kütləvi etirazlar aylardır davam edir və ölkə iqtisadiyyatını iflic vəziyyətə salmışdır. Ölkənin aparıcı səhm bazarı indeksi Hang Seng 12% azalaraq 622 milyard dollar itkiyə məruz qalıb.
Mənbə : Google finance
2019-cu ildə ÜDM-in artışının 0% olacağı gözlənilir. Müxtəlif mallar üzrə idxalat 27%, xarici qonaqların sayı isə 30-50% arasında azalıb. Əmlak bazarında da qiymətlər 10% azalıb, nəqliyyat və logistika demək olar ki, dayanma həddinə gəlib. Biznes Aktivliyi Indeksi (PMI) 2009-cu ildən bəri ən aşağı həddinə çatıb.
Mənbə: Bloomberg
Çin höküməti isə hələ ki, baş verənləri izləyir və müdaxilə etməkdən çəkinir. İqtisadi cəhətdən Honkonqun Çin iqtisadiyyatındakı rolu bir mənalı deyil. 362,9 milyard dollarlıq bölgə iqtisadiyyatının Çin iqtisadiyyatındakı payı 3% ətrafındadır.
Mənbə : Forbes
Buna baxmayaraq, bölgənin səhm bazarı Çinin səhm bazarından dəfələrlə aktiv və şəffafdır. Honkonq birjasında Çin şirkətlərinin kapitalizasiyası ümumi kapitalizasiyanın 50% dən çoxdur və 1993-cü ildən bəri Çin şirkətləri Honkonq vasitəsilə səhm emissiya edərək 1 trilyon dollara yaxın vəsait cəlb edib. Honkonq mərkəzli Çin şirkətlərinin dünya bazarlarına çıxışı da daha asandır və bu da əsasən bölgənin dünya standartların cavab verən inftrastrukturu və qanunvericiliyi sayəsində baş verir. Digər tərəfdən, Çin iqtisadiyyatına edilən investisiyaların bir hissəsi bu bölgədən keçir və xarici investorlar üçün Honq Konq vasitəsilə investisiya etmək daha rahatdır.
Qeyd etmək lazımdır ki, Honkonq "Economic Freedom" hesabatında ölkə sıralamasında 90,2 balla birinci yerdədir. Xüsusilə də mülkiyyət hüququ, biznes və kapital azadlığı, korrupsiyanın çox aşağı həddə olması və qanunların işləməsi baxımından bölgə dünyanın ən şəffaf ölkəsi sayılır. Bu isə inkişaf etməkdə olan ölkə statusunda olan Çin Xalq Respublikası üçün əvəzedilməz nemətdir və Honkonq onun dünyaya olan pəncərəsidir. Daxilində olan etirazlara kəskin reaksiya verən Çinin, Honkonq iğtişaşlarına müdaxilə etməkdən çəkinməsinin ən böyük səbəbi də budur. İstənilən səhv addım bölgənin hazırkı statusunu və eyni zamanda da Çinin reputasiyasını təhlükə altına ata bilər. Honkonqlular da başa düşürlər ki, öz şərti müstəqilliklərini müdafiə etməlidirlər və belə bir imkan daha sonra ələ düşməyə bilər.
Honkonq dünya maliyyə zəncirinin əsas halqalarından biri və Asiya qapısı olduğundan investorlar burda gedən prosesləri diqqətlə izləyirlər. Çin- ABŞ ticarət münaqişəsi fonunda bölgədəki vəziyyətin daha da gərginləşməsi dünya iqtisadiyyatına və maliyyə bazarlarına olduqca mənfi təsir göstərə bilər.
Hər-halda, "Bir ölkə, iki sistem" yanaşması üçün sınaq müddəti vaxtından əvvəl başa çata bilər. 2047-ci il əvvəl axır gələcək, lakin bunun 28 il daha tez baş verməsi heç kim üçün arzu olunan deyil.
Nəriman Yaqubov