Himayə edilən erməni terroru - Los-Ancelesdə, Şuşada eyni hədəf

Himayə edilən erməni terroru - Los-Ancelesdə, Şuşada eyni hədəf Rusiya sülhməramlılarının Azərbaycan ərazisində müvəqqəti yerləşməsi daha çox erməniləri guya azərbaycanlılardan qorumaq məqsədi daşıyır.
Analitika
13 Noyabr , 2021 14:12
Himayə edilən erməni terroru - Los-Ancelesdə, Şuşada eyni hədəf

Rusiya sülhməramlılarının Azərbaycan ərazisində müvəqqəti yerləşməsi daha çox erməniləri guya azərbaycanlılardan qorumaq məqsədi daşıyır. Həmin məntiqdən belə çıxır ki, guya azərbaycanlıların atəş açmasını (həm də ermənilərin atəş açmasını) rusiyalı hərbçilər monitorinq edəcək. Atəş açanlar razılaşmanı pozan tərəf sayılacaq və s. Halbuki 30 ilə yaxın Azərbaycan torpaqlarında bu istiqamətdə monitorinqlər aparıldı. Ancaq heç vaxt işğalçının əməlləri qınanmadı.

Ermənistan silahlı qüvvələri noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatı pozaraq hələ də Azərbaycan ərazisində qalırlar. Bu, azmış kimi, separatçıların tör-töküntüləri qanunsuz silahlı dəstə yaradırlar. Bütün bunlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə baş verir.

Deməli, Baş Prokuroluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumat məlumata əsasən, noyabrın 13-ü saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atmış, nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd edib. Azərbaycan Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır.

Yeri gəlmişkən, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılsa da, məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan tərəfinə təhvil verilməyib.

Əslində, terroru amala çevirmiş Ermənistanda bu akt qəhrəmanlıq kimi təqdim olunur. Bildirilir ki, guya bunu törədən erməni qardaşının “qisasını alıb”. Yalan, saxtakarlıq, qorxaqlıq, namərdlik kimi, terrorçuluq da erməni xislətinin bir göstəricisidir. Bu etnik qrupa məxsus ASALA terror təşkilatı var. Həmin cinayətkar dəstə türklərin tanınmış, nüfuzlu şəxsləri və diplomatlarına qarşı terror aktı həyata keçirib. Onlardan birini bu yaxınlarda İrəvan “qəhrəman” kimi qarşıladılar. Bu, Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı 1982-ci il yanvarın 28-də səhər saatlarında tərəfkeşi ilə birlikdə avtomobili işıqforda dayanarkən qətlə yetirən ASALA erməni terror qruplaşmasının üzvü Xambik Sasunyan idi. Xatırladaq ki, Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş erməni Xambik Sasunyan 2019-cu ilin dekabrında Kaliforniya ştatı Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, Xambik Sasunyan 1963-cü il yanvarın 5-də Livanın paytaxtı Beyurtda anadan olub. Bir müddət sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb. O, Erməni Gənclər Federasiyası (“Armenian Youth Federation”) və “Erməni soyqırımına ədalət uğrunda” erməni terror təşkilatının üzvü olub. Erməni terrorçu 2016-cı ildə Kaliforniyanın Əfv Komissiyası tərəfindən əfv edilsə də, ştatın qurbernatoru Cerri Braun X.Sasunyanın cəmiyyət üçün təhlükəli olacağını əsas göstərərək qərara veto qoymuşdu. ASALA üzvünün İrəvana səfəri, orada təntənəli qarşılanması Ermənistanın terroru və terrorçunu dəstəkləməsi qənaətinə gəlməyə əsas verir. Bu baxımdan iki ölkə hərbçilərinin postuna qumbara ilə edilən hücum da terror aktıdır.

Hər halda burada qaranlıq məqamların olması danılmazdır. Görəsən, həmin şəxs Azərbaycan ərazisinə haradan keçib? Onun keçməsinə kim şərait yaradıb? Onun mindiyi avtomobil niyə yoxlanılmayıb? Hadisə Azərbaycan ərazisində baş verdiyindən erməni terrorçu niyə Azərbaycan tərəfə təhvil verilməyib? Onun mühakimə olunacağına, yaxud cəzalandırılacağına təminat varmı? Əslində, bu sualların cavabı məlumdur. Hadisə həm də Azərbaycan ərazisindəki qanunsuz silahlı ermənilərin nəzarətsiz qalması, onların tərk-silah olunmamasıdır.

Xambik Sasunyan kimi, o da dinc şəraitdə bu addımı atıb. ASALA üzvü işıqforda dayanan diplomata, bu isə blokpostda duran hərbçilərə hücum edib. Xambik Sasunyanla bu terrorun əlaqəsinin olmadığına təminat yoxdur. Onu ABŞ-ın ədaləti himayə edib yenidən türklərə və azərbaycanlılara qarşı fəaliyyətinə “okey” verməklə İrəvana gəlməsinə şərait yaradıb. Bunu isə Rusiya sülhməramlıları tutmaqla hadisənin əsl səbəbinin gizlədilməsinə yardım ediblər. Hadisə deməyə əsas verir ki, sülhməramlı sayılan hərbçilər mandatlarına uyğun fəaliyyət göstərmirlər. Onlar müvəqqəti olaraq yerləşdikləri ərazidə terrorçuların fəaliyyətinə laqeyd yanaşırlar. Ancaq bu hadisə sübut edir ki, son terror aktı həm də Rusiyanın regiondakı nüfuzuna zərbə vurur. Təəssüf ki, sülhməramlılar bu detalı nəzərdən qaçırırlar. Onu da unudurlar ki, üstündə xidmət etdikləri torpaqlar nə onlara, nə də ermənilərə məxsusdur. Odur ki, körpüləri yandırmağa nə ehtiyac var?!

Son xəbərlər

Orphus sistemi