Heydər Əliyevin islahatları - iqtisadi liderliyə aparan yol

Heydər Əliyevin islahatları - iqtisadi liderliyə aparan yol Bu gün Azərbaycan sürətlə yeniləşən dünyanın aparıcı dövlətləri sırasında layiqli yer tutur. Müstəqillik əldə etdikdən sonra böyük çətinliklərə sinə gərən Azərbaycan tamamilə tam müstəqil siyasət yürüdən dövlət kimi həm regionda, həm də bütün dünyada öz l
Analitika
27 May , 2023 14:00
Heydər Əliyevin islahatları - iqtisadi liderliyə aparan yol
Heydər Əliyev

Bu gün Azərbaycan sürətlə yeniləşən dünyanın aparıcı dövlətləri sırasında layiqli yer tutur. Müstəqillik əldə etdikdən sonra böyük çətinliklərə sinə gərən Azərbaycan tamamilə tam müstəqil siyasət yürüdən dövlət kimi həm regionda, həm də bütün dünyada öz layiqli yerini tuta bildi.

1969-cu ildə Azərbaycan Sovet İttifaqının zəif respublikalarından biri idi, hətta neft sənayesinin və kənd təsərrüfatının ciddi potensialına baxmayaraq, əhali zəngin deyildi.

Mərkəzi hakimiyyət Azərbaycana biganə yanaşır, onun problemlərinin həllinə maraq göstərmirdi. Lakin respublikaya Heydər Əliyev rəhbərlik etməyə başladıqdan sonra dirçəliş dövrü başladı.

Heydər Əliyev ötən əsrin 70-ci illərində Azərbaycanda 300-dən çox sənaye müəssisəsinin tikintisinə nail olmuş, 1969-1985-ci illərdə sənaye istehsalı iki dəfə artmışdı.

Bunun nəticəsidir ki, Azərbaycan neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, çini və saxsı məmulatlar, xalçalar və xalça məmulatları və s. istehsalı üzrə artıq İttifaqda aparıcı yerləri tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi.

Beləliklə, Azərbaycan geridə qalmış aqrar ölkədən neft və pambıq istehsalı üzrə lider mövqe tutan sənaye-aqrar respublikaya çevrildi.

1993-cü ilin iyununda yenidən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev əsas vəzifə kimi bazar iqtisadiyyatı əsasında ümumi daxili məhsulun artırılması istiqamətində islahatların həyata keçirilməsini, eləcə də qeyri-neft sektorunun sürətli inkişafını təmin etməyi qarşıya hədəf qoymuşdu.

Eyni zamanda, Azərbaycanın Qafqaz regionunda və onun hüdudlarından kənarda həyata keçirilən irimiqyaslı transmilli layihələrdə iştirakı təmin edilmişdi, ölkənin dövlət siyasəti isə milli maraqlar nəzərə alınmaqla həyata keçirilirdi.

Həmin illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə güclü iqtisadi baza yaradıldı ki, bu da Azərbaycanın gələcək iqtisadi müstəqilliyinin əsasını qoydu.

Dahi liderin müəllifi olduğu iqtisadi islahatların həyata keçirilməsi hər bir vətəndaşın sosial vəziyyətinə, rifahına müsbət təsir göstərdi.

Təbii ki, Azərbaycanın iqtisadi inkişafında neft amili mühüm rol oynayıb, lakin qeyd etmək lazımdır ki, müasir dünyada neftlə zəngin olan ölkələrin heç də hamısı Azərbaycan kimi nəticələr əldə etməyib.

Qərb dövlətləri ilə aparılan çətin danışıqlar nəticəsində 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı və Azərbaycana investisiya axını başladı.

Ulu öndər Heydər Əliyev beynəlxalq nüfuzundan istifadə edərək neftin nəqli probleminin aradan qaldırılması üçün qlobal layihələrin həyata keçirilməsinə başladı, Azərbaycanın iqtisadi inkişafını təmin edərək, ölkənin siyasi müstəqilliyinin əsasını qoydu. Bir sözlə, Heydər Əliyev riskləri fürsətə çevirən siyasətçi idi.

Azərbaycan iqtisadiyyatı necə inkişaf edib?

Müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadiyyatının inkişafında aşağıdakı əsas mərhələləri qeyd etmək olar: keçid tənəzzülü (1992-1995), sabitləşmə və bərpa artımı (1996-2000), investisiya artımı (2001-2004), iqtisadi bum (2005-2008).

Sonrakı illərdə və bu günə kimi əsas diqqət qeyri-neft sektorunun inkişafına, “Made in Azerbaijan” brendinin xarici bazarlarda yayılmasına yönəldilib. Bundan əlavə, bu gün nəqliyyat dəhlizlərinin inkişafına, enerji və qeyri-enerji məhsullarının ixrac coğrafiyasının genişləndirilməsinə, “yaşıl” iqtisadiyyatın yaradılmasına böyük diqqət yetirilir.

Azərbaycanın ən böyük nailiyyəti iqtisadiyyatın uzunmüddətli və dinamik inkişafı məqsədi ilə iqtisadi islahatların və inkişafın Azərbaycan modelinin yaradılması olub.

2001-2004-cü illərdə Azərbaycanda əsas kapitala investisiyanın unikal artım tempinə nail olunub - ildə 53 %. 2005-2008-ci illərdə Azərbaycanda real ÜDM-in artımı müstəqillik əldə etdikdən sonra ən yüksək həddə çataraq ildə orta hesabla 24,2 % təşkil edib.

Bunun nəticəsidir ki, 2008-ci ildə Azərbaycanda ÜDM-in həcmi 1991-ci illə müqayisədə 108 % artmışdı, halbuki digər MDB ölkələrində orta artım tempi cəmi 21 % idi.

Bu dövrü Azərbaycanın iqtisadi artıma görə mütləq dünya lideri olduğu “iqtisadi bum dövrü” kimi xarakterizə etmək olar. İstehsalın bu cür artımı əvvəlki illərdə neft sektoruna qoyulmuş irimiqyaslı investisiyalar hesabına baş vermişdi. Onlar yeni yataqların işlənməsini təmin etdi, karbohidrogenlərin hasilatı və nəqli üçün infrastrukturun yaradılmasına imkan verdi.

Bundan əlavə, xarici investisiyalar əsasən neft-qaz sektorunun inkişafına, daxili investisiyalar isə qeyri-xammal sahələrinin, ilk növbədə infrastrukturun (elektrik enerjisi, su təchizatı və nəqliyyat sistemi) artımını stimullaşdırırdı.

Azərbaycanda neft və qazı dünya bazarlarına çatdırmaq üçün yeni boru kəməri sistemi yaradıldı: Bakı-Novorossiysk neft kəməri bərpa edildi, yenidən quruldu və qismən inşa edildi (1997), Bakı-Supsa (1999) və Bakı-Tbilisi-Ceyhan (2006) neft kəmərləri, eləcə də Bakı-Tbilisi-Ərzurum (2007), Trans-Anadolu (2018) və Trans-Adriatik qaz kəmərləri (2020) inşa edildi.

Azərbaycan nəinki regionun ən böyük neft ixracatçılarından biri olaraq qaldı, həm də 2007-ci ildən təbii qaz ixracatçısına çevrildi. 2004-2008-ci illərdə Azərbaycanda neft hasilatı təxminən 3 dəfə artaraq 44,7 milyon tona çatıb. BVF-nin hesablamalarına görə, neft hasilatının sürətli artımı ilə neftin dünya qiymətlərinin əhəmiyyətli dərəcədə artmasının birləşməsi neft ixracının dəyərinin 9 dəfə artmasına səbəb olub və 2008-ci ildə bu rəqəm 29,1 milyard ABŞ dollara çatıb. Elə həmin dövrdə təbii qaz hasilatı 3 dəfədən çox artaraq 14,8 milyard kubmetrə çatıb. Nəticədə 2008-ci ildə ixracın 97 %-i və dövlət gəlirlərinin 39 %-i neft və qazın payına düşüb.

Bu dövrdə ölkə ÜDM-ində neft sektorunun payı 39 %-dən 60 %-ə yüksəlib. Tikinti və xidmət sahələrində ciddi artım 2008-ci ildə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun artım templərinə görə neft sənayesini üstələməsinə səbəb olub.

Balansı qorumaq və “holland sindromu”ndan yan keçmək məqsədilə 1999-cu ildə Azərbaycan Dövlət Neft Fondu yaradıldı. 2008-ci ilin sonuna Neft Fondunun toplanmış aktivləri 10,9 milyard ABŞ dolları (qeyri-neft ÜDM-inin 61 %-i) təşkil edib. 2023-cü ilin birinci rübünün nəticələrinə görə isə, Fondun aktivləri artıq 53 milyard ABŞ dollarını ötüb və Azərbaycan MDB-də ən yüksək beynəlxalq ehtiyatlara (ÜDM-in 80 %-nə yaxınlaşır və 46,9 aylıq idxalı maliyyələşdirməyə kifayət edir) malik ölkələrdən biri hesab olunur.

2005-2008-ci illərdə Azərbaycanın ümumi rəsmi beynəlxalq ehtiyatları 5,5 dəfə artaraq 6,5 milyard ABŞ dollarına (hazırda isə 63 milyard ABŞ dollara) çatıb. Beləliklə, Azərbaycan iqtisadiyyatı böhrandan əvvəlki dövrdə dünya bazarlarında yaranmış əlverişli konyuktura sayəsində 2008-2009-cu illər böhranı başlayanda xarici şoklara kifayət qədər davamlı olduğunu sübut etdi.

Lakin ölkədə iqtisadi artımın ləngiməsi, institusional və struktur çətinliklər, tədiyyə balansı və qeyri-neft büdcəsindəki kəsir, eləcə də dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi və ticarət tərəfdaşı olan ölkələrdə yaşanan iqtisadi böhran nəticəsində maliyyə və bank sektorunda baş verən proseslər fonunda 2014-cü ildən Azərbaycanda iqtisadi inkişafa yeni yanaşmaya ehtiyac yarandı.

Belə ki, genişmiqyaslı islahatlara start verildi. Ölkə hökuməti hesab edir ki, milli iqtisadiyyatın strukturunun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılması, ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətlərin tətbiqi, maliyyə-bank sektorunun “sağlamlaşdırılması” və monetar siyasətin təkmilləşdirilməsi, eləcə də xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi hesabına mümkün olacaq.

İqtisadi inkişafda yeni dövr

2016-cı il dekabrın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkə iqtisadiyyatının perspektivlərini və 2016-2020-ci illər üçün tədbirlər planını, 2025-ci ildən sonrakı dövr üçün uzunmüddətli baxışı və məqsədləri müəyyən edən 12 yol xəritəsi təsdiq edilib.

Bundan əlavə, 2016-cı ilin sonunda “Made in Azerbaijan” milli brendinin təşviqi mexanizmi işə salınıb. Bu gün Azərbaycanın qeyri-neft ixracı üçün 15 hədəf bazarı var və 2025-ci ilədək qeyri-neft məhsullarının ixracının illik dəyərinin 5 milyard ABŞ dollarına çatdırılması planlaşdırılır.

İxracın yeni bazarlara genişləndirilməsi məqsədilə ixracatçılara logistik subsidiyaların verilməsi nəzərdə tutulur. Ümumilikdə 5 il müddətinə, işğaldan azad edilmiş ərazilərdə isə 10 il müddətinə logistik subsidiyaların tətbiqi gözlənilir.

Həmçinin Azərbaycandan qida məhsullarının ixracı üçün tələb olunan sertifikatlaşdırma prosedurlarının sadələşdirilməsi gözlənilir. Bununla bağlı, artıq yerli şirkətlərlə “Made in Azerbaijan” brendi altında konservləşdirilmiş qidalar, qənnadı məmulatları, meyvə şirələri və digər məhsulların ABŞ-ın Nyu-York, Kaliforniya və Vaşinqton ştatlarına ixracı üzrə pilot layihə həyata keçirilir.

Azərbaycan məhsullarının ixracını genişləndirmək və milli brendin dünyada tanıdılması məqsədilə bu gün Azərbaycan BƏƏ, Rusiya, Qazaxıstan, Belarus, Latviya, Polşa, Qətər və Çində 14 ticarət və 4 şərab evi açıb.

Dünya iqtisadiyyatına uğurlu inteqrasiya bir daha təsdiq edir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət bu gün də Azərbaycanda davam etdirilir.

Bu gün neftdən asılı olmayacaq iqtisadiyyat modelinə keçid aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən dərin iqtisadi islahatlar artıq bir çox sahələrdə öz müsbət nəticəsini verməkdədir.

Nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsi yeni istehsal sahələrinin, o cümlədən əsas nəqliyyat qovşaqlarının yaxınlığında yerləşən yüksək texnologiyalı müəssisələrin yaradılmasına kömək edir. Böyük neft-qaz ehtiyatlarının nəqliyyat dəhlizlərinin yaxınlığında yerləşməsi isə Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əhəmiyyətini artırır. Bundan əlavə, Azərbaycan artıq Avrasiyanın rəqəmsal habına çevrilmək yolundadır. Bütün bunlar birlikdə ölkənin regional maliyyə mərkəzinə də çevrilməsinə şərait yaradır.

Məlumdur ki, iqtisadiyyatın davamlı inkişafının meyarları ixrac, idxal, daxili istehsal və istehlak balansıdır.

Azərbaycan iqtisadiyyatının postneft dövründə yeni inkişaf vektoru da məhz belədir, ölkənin işğaldan azad edilmiş ərazilərinin bərpası isə iqtisadiyyatın inkişafına güclü təkan verə, daha sonra isə başqaları üçün model ola bilər.

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində keçirilən İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda müsabiqədə iştirak üçün hazırlanıb.

Son xəbərlər

Orphus sistemi