Bakı. 19 dekabr. REPORT.AZ/ Nəhayət, İran Prezidenti Həsən Ruhaninin Ermənistana səfərinin tarixi və proqramı açıqlanıb. Ona görə, nəhayət, bu səfəri Yerevanda ötən ay-noyabrın ikinci on günlüyündə gözləyirdilər. Ancaq səfərin hansı səbəblərdən təxirə salındığı barədə heç bir açıqlama verilmədi.
İran Prezidenti Administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmaili H.Ruhaninin dekabrın 21-də region və qonşu ölkələrlə əlaqələrin dərinləşməsi və gücləndirilməsi məqsədilə Ermənistana səfər edəcəyini açıqlayıb.
Onun sözlərinə görə, H.Ruhani ermənistanlı həmkarı Serj Sarqsyanla görüşəcək və ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacaq.
Səfər proqramına əsasən, İran prezidenti Ermənistan rəsmiləri ilə ikitərəfli məsələləri müzakirə edəcək, görüşlərin və danışıqların nəticəsi olaraq bir sıra müqavilələr imzalanacaq, həmçinin iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum da keçiriləcək.
H.Ruhani Ermənistandan sonra Qazaxıstana gedəcək. Paytaxt Astanada bir gün qalmağı planlaşdıran H.Ruhani Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşəcək. Səfər çərçivəsində bir neçə əməkdaşlıq sənədi imzalanacaq. İki ölkə prezidentləri birgə mətbuat konfransı keçirəcək.
Dekabrın 22-də axşam isə H.Ruhani Qazaxıstandan Qırğız Respublikasına yola düşəcək. İki ölkənin iş adamlarının iştirakı ilə forum keçiriləcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün bir neçə sənəd imzalanacaq.
Səfərdə H.Ruhanini bir neçə nazir və İranın özəl sektorunda çalışan şirkət rəhbərləri müşayiət edəcəklər.
Səfər dekabrın 23-də yekunlaşacaq.
Əslində, Ermənistanda İran prezidentini çox səbirsizliklə gözləyirlər. Çünki son zamanlar Yerevanın siyasi dairələrində İslam Respublikasının erməniləri unutması barədə fikirlər geniş yayılıb və hakim yanaşmaya çevrilib. Bu il avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin görüşündən sonra Ermənistan KİV-ləri Moskva və Tehranın daha çox Azərbaycana diqqət ayırdığını, Rusiya və İranın Ermənistanı unutduğunu yazırdı.
Ancaq İran prezidentinin birinci müavini İshaq Cahangirinin oktyabrın 14-də Yerevana səfər etməsi erməniləri bir qədər sakitləşdirdi.
Ümumilikdə, hansısa iki dövlət arasında xoşməramlı münasibətlərin olması alqışlanası haldır. Ancaq İslam Respublikası ilə Ermənistan arasında əlaqələrin genişlənməsi və inkişaf etdirilməsi məsələsində diqqət ayrılmalı olan vacib məqam Tehranın Yerevanı işğalçı kimi tanıması və təcavüzkarla bütün sahələr üzrə əməkdaşlığı genişləndirməsidir.
Bundan başqa, Tehran rəsmilərinin, iranyönümlülərin Azərbaycan Respublikasının daxili işlərinə qarışması Ermənistan-İslam Respublikası münasibətlərinə diqqətlə yanaşmağımızı tələb edir.
Dekabrın 13-də İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycana səfər etdi və Bakıdan Qazaxıstana getdi.
Bu baxımdan H.Ruhaninin Ermənistana noyabrda nəzərdə tutulan səfərinin təxirə salınmasının səbəblərindən birinin bu olduğunu ehtimal etmək olar. Başqa sözlə, İranın bununla Azərbaycana özünəməxsus etiraz, yaxud təzyiq göstərməyə cəhd etdiyini söyləmək mümkündür.
Çünki İslam Respublikası ilə Ermənistan arasında dostluq və qardaşlıq münasibəti yeni yaranmayıb. Ermənistan müstəqilliyini elan edəndən Tehran Yerevanı özünün ən yaxın müttəfiqlərindən biri sayır. Düzdür, İran da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrə əsasən beynəlxaq təşkilatların toplantısında Yerevanın işğalçı olduğunu etiraf edir. Ancaq görünən dağa nə bələdçi? Bu atalar məsəlində deyildiyi kimi, İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinə yanaşmada saxtakarlıq edir. Başqa sözlə, Tehran işğalçı kimi tanıdığı bir dövlətlə bütün sahələr üzrə əməkdaşlığı genişləndirir. Bu, həm də İranın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğal altında saxlaması üçün Ermənistana yardım etməsi deməkdir.
İranın sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə bu yaxınlarda Yerevanla Tehranın müştərək sərmayə qoyuluşunun və iki ölkə arasında ticarət dövriyyəsinin həcminin genişləndirilməsinin vacibliyini qeyd edib: "Biz Ermənistanla əlaqələrin inkişafında maraqlıyıq".
Tehranın Yerevanla əlaqələrini inkişaf etdirməsi İranın Cənub Qafqazda, ümumilikdə, Qafqazdakı maraqlarını təmin etmək istəyindən irəli gəlir. Bu istəyi və niyyəti həyata keçirmək üçün istifadə ediləcək ən asan alət Ermənistan kartıdır. İran bu kartla Azərbaycan Respublikasına, Türkiyəyə təzyiq edir. Bundan başqa, perspektivdə Tehran bu vasitədən Rusiyaya qarşı belə yararlanmağa səy göstərə bilər.
Yerevanla Tehranı birləşdirən ortaq iqtisadi maraqlarla yanaşı, ortaq düşmənlərinin olmasıdır.
Qərbin və Azərbaycanın maraqlarını təmin edən regional layihələrdən kənarda qaldığından İranla Ermənistan müxtəlif planları reallaşdırmaq istədiklərini bildirirlər.
Hazırda Ermənistan-İran yüksəkgərginlikli elektrik xəttinin tikintisi davam edir. İki ölkə arasında üçüncüsü çəkilən xəttin 2018-ci ildə istifadəyə veriləcəyi gözlənilir.
İran prezidentinin birinci müavini İshaq Cahangirinin sözlərinə görə, İran sərhədi yaxınlığında Ermənistanın Meğri rayonunda su elektrik stansiyasının tikintisi üzrə gələcək planları və sərhədyanı yaşayış məntəqələrində təbii qazpaylayıcı şəbəkənin tikintisi proqramının gedişi ilə bağlı məsələləri dəqiqləşdiriblər.
İranın nüvə proqramı üzrə Qərb ölkələri və ABŞ-la razılaşma əldə edildikdən sonra Yerevanla Tehran arasında üçüncü yüksəkgərginlikli elektrikötürücü xəttinin tikintisini bərpa etmək üçün 120 milyon dollar məbləğində vəsaitin yarılması üzrə saziş imzalanıb.
Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, cari ilin 8 ayında Ermənistanla İran arasında ticarət dövriyyəsi 178 milyon dollar təşkil edib. Bu göstərici üzrə İran Ermənistanın tərəfdaşları olan Avropa İttifaqı, Rusiya və Çindən sonra 4-cü ölkədir.
Ancaq qeyr-rəsmi məlumatlara əsasən, Ermənistanla İslam Respublikası arasında ticarət dövriyyəsi 400 milyon dollara yaxındır.
Dondurulmuş iri layihələrdən biri də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi investisiya proqramı və Ermənistan-İran dəmiryolu layihəsidir. Ancaq bu layihənin reallaşması üçün maliyyə hələlik tapılmayıb.
Belə təəssürat yaradılır ki, guya Ermənistan İranın Avrasiya İqtisadi İttifaqına daxil olmasına vasitəçilik edir. Bu iddianın gülünc olduğu da sirr deyil. Çünki həmin qurumun əsas sponsoru Rusiyadır. Əgər Tehranın belə bir istəyi olsa, onun bunu Moskvaya birbaşa demək üçün hər cür imkanı var. İran Ermənistan və Gürcüstan vasitəsilə Qara dənizə çıxmaq istədiyini arzuladığını gizlətmir.
Bu baxımdan Tehran İranı Ermənistanla birləşdirən avtomobil və dəmiryolunun tikintisinə xüsusi əhəmiyyət verir. Tehran iddia edir ki, bu, körfəzdən Qara dənizə, oradan isə Bolqarıstana çıxmaq imkanı verər.
Ancaq bu layihənin gerçəkləşdirilməsi üçün Ermənistan, İran, Gürcüstan və Bolqarıstan arasında əməkdaşlıq haqqında razılıq əldə edilməlidir.
Ermənistan İranla dəmiryolu xəttini birləşdirmək istəyindədir. Bu məsələ Ermənistanın indiki prezidenti Serj Sarqsyanın seçkiqabağı təbliğat proqramına da daxil edilmişdi. Ancaq 2008-ci ildən indiyədək bu istiqamətdə heç bir irəliləyiş hiss edilmir. 3,2 milyard dollar məbləğində dəyərləndirilən bu “strateji layihənin” maliyyələşdirilməsi məsələsi həll olunmayıb.
Yerevan bu layihənin pulunu Çinin verəcəyinə ümid etməkdədir.
Rəsmi Tehran öz tərəfində dəmiryolunun Culfaya (İran Culfası) qədər işlədiyini və yalnız Ermənistanın Meğri məntəqəsinə kimi 60 kilometrlik hissəsinin təmirə ehtiyac olduğunu bildirir. Yolun böyük hissəsi Ermənistan ərazisində təmir və ya yenidən tikilməlidir. Lakin erməni tərəfi əmin olmaq istəyir ki, bu, işə başlasa, İran da öz ərazisində işi başa vurar.
İran İslam Respublikasının energetika naziri Həmid Çitçiyan İran-Ermənistan hökumətlərarası birgə komissiyanın açılışında bildirib: "İran Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırdır. Ermənistan prezidenti Serj Sarqsyanın Tehrana qarşıdan gələn səfəri iki ölkə arasında energetika və iqtisadi əməkdaşlıq sahəsində əməkdaşlığın inkişafına yaxşı imkanlar açır”.
İnqilabın ilk illərində İslam Respublikası o vaxtkı SSRİ-dən mal və qoyun əti ixrac etmək istəmir. Buna səbəb kimi həmin heyvanların islam qaydalarına uyğun kəsilmədiyini iddia olaraq irəli sürürdü. Moskva ilə Tehran siyasi məsələlərlə bağlı dil tapandan sonra sovetdən ət ixracına da icazə verildi. Başqa sözlə, həmin ət “halal” elan olundu.
Ermənistandan da hər il İrana qoyun və keçi əti ixrac edilir. Bu il ötən illə müqayisədə Ermənistandan İrana ixrac edilən qoyun ətinin miqdarı 3 dəfə artıb.
2015-ci ildə isə ixracatın həcmi cəmi 681 ton olduğu halda, 2016-cı ilin əvvəlindən dekabrın 2-dək Ermənistandan İslam Respublikasına 2 200 ton qoyun əti göndərilib.
İran mütəxəssisləri Ermənistanda səfərdə olub. Onlar Ermənistanda heyvandarlıq, gülçülük, istixana və balıqçılıq sahələrinin inkişaf etdirilməsi imkanlarını öyrəniblər.
Bir haşiyə çıxaq. Yəhudi dövlətini özünə düşmən bilsə də, İslam Respublikasının keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin bağlarının püstəsinin İsrail bazarında satılması faktı dillər əzbəridir. Görünür, işğalçı və düşmən saydığı ölkə ilə ticarət etmək Tehranın adətidir.
İki ölkə arasında iqtisadi-siyasi, ictimai, hərbi əlaqələrə dair çoxsaylı örnəklər göstərmək olar. Ehtimal etmək olar ki, Həsən Ruhani Yerevan səfərində bu istiqamətdə danışıqlar aparacaq və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı da deklorativ bəyanat verib, təcavüzkarın adını çəkmədən (sanki hər iki tərəf (Ermənistan və Azərbaycan) eyni şəkildə günahkar imiş kimi) “münaqişənin dinc yolla” həllinin tərəfdarı olduqlarını bəyan edəcək.
Bununla da İslam Respublikasının Ermənistana səfərinə yekun vurulacaq. Bu səfəri Tehran və Yerevan mediası “tarixi ziyarət” adlandıracaq.
Beləliklə, Həsən Ruhani özünü İsrailin baş naziri Binyamin Netanyahu kimi aparmaq istəyir. İran bununla strateji maraqlarını sərgiləyir. Bölgədə ən etibarlı tərəfkeşinin Ermənistan olduğunu göstərməyə çalışır. Qazaxıstana səfəri isə daha çox energetika məsələləri ilə bağlıdır.
Tehran hakimiyyəti Azərbaycan Respublikası da daxil olmaqla müsəlman dövlətlərinin Fələstin ərəblərinin haqlarını müdafiə etməməkdə günahlandırır. Ancaq Azərbaycanda Fələstinin diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Bu elə həm də o deməkdir ki, Azərbaycan bu məsələnin həllində səmimi və maraqlıdır.
Tehran hakimiyyəti Azərbaycanda İsrailə olan hikkəsini həyata keçirmək istəyir. Bunun üçün də Fələstin kartından yerli-yersiz istifadə etməyə çalşır. Ancaq heç kimə sirr deyil ki, İran beynəlxalq ictimaiyyətə, habelə bölgədəki müsəlman dövlətlərinə Fələstin məsələsini bəhanə kimi istifadə edərək təzyiq göstərir. İsrail-Fələstin münaqişəsinin həll edilməməsi həm də İslam Respublikasının xeyrinədir və bundan zaman-zaman yararlanırlar.
Yeri gəlmişkən. İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei bu yaxınlarda Fələstin İslami Cihad təşkilatının lideri ilə görüşdə bildirib ki, müsəlman dövlətləri bir olarsa, 25 ilə İsraili məhv etmək mümkündür.
Ancaq İrandakı hakimiyyət həyata keçirdiyi siyasətlə Ermənistanın timsalında işğalçıları müdafiə edir. Tehran belə davranışla iddia etdiyi birliyin yaranmasına mane olur.
Ona görə də H.Ruhani Yerevana səfəri ilə əvvəlki siyasi gedişləri təkrarlayır, Azərbaycana, onun işğal altında olan torpaqlarının azad edilməsinə, işğalçıya münasibətlərinin dəyişmədiyini bir daha nümayiş etdirir.