Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulması prosesi müsbət templə davam edir. Belə ki, İkinci Qarabağ Müharibəsi və birgünlük antiterror əməliyyatından sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar ikitərəfli münasibətlərə də təsir edib. Artıq tərəflər sülh və sabitlik barədə düşünürlər. Hərçənd, rəsmi İrəvanın zaman-zaman ortaya qoyduğu destruktiv mövqe sülh prosesini ləngidir.
Bu baxımdan, Ermənistanın Baş Qərargah rəisi Edvard Asryanın oktyabrın 28-də jurnalistlərə açıqlamasında səsləndirdiyi fikirlər xarakterikdir. Belə ki, o, hazırda regionda eskalasiya təhlükəsinin olmadığını bildirib. E.Asryan sərhəddə vəziyyətin nisbətən stabil olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, Baş Qərargahın təhlilləri müharibənin mümkünlüyü barədə danışmağa əsas vermir.
Azərbaycanla sərhədin delimitasiyası prosesindən də danışan Baş Qərargah rəisi hər şeyin sülh yolu ilə gedəcəyinə əmin olduğunu vurğulayıb.
Doğrudur ki, baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistan rəsmilərinin sözləri ilə əməlləri bir çox halda üst-üstə düşmür. Adətən onlar sözlərdən sadəcə məqsədlərini gizlətmək üçün istifadə edirlər. Bu mənada, sözügedən bəyanatdan əminliklə belə qənaətə gəlmək olmaz ki, Ermənistan sülhdə səmimidir və daha revanş cəhdləri ilə çıxış etməyəcək.
Əslində, rəsmi İrəvan müharibə istəmir. Növbəti eskalasiya Ermənistan üçün çox ağır nəticələr vəd edir. Nəzərə almaq lazımdır ki, Ermənistan hərbi təxribatlarını bərpa edərsə, Azərbaycan adekvat cavab tədbirləri görə bilər. Əlbəttə, rəsmi Bakı qarşı tərəfin “şıltaqlıqlarına” sonsuzadək dözümlü yanaşmayacaq. Belə bir ssenari sülh məsələsini gündəlikdən çıxarmaqla yanaşı, həm də Ermənistanın dövlətçiliyini təhdid altına ata bilər. Çünki Qarabağ məsələsi artıq həllini tapıb.
Əgər Ermənistanın provokasiyaları nəticəsində növbəti savaş başlasa, Azərbaycan özünün tarixi torpaqlarına – Göyçə, İrəvan və Zəngəzura hərbi yolla qayıtmaq barədə düşünə bilər. Bunu Ermənistan da başa düşür. Ona görə də növbəti müharibə ssenarisini istisna etməyə çalışır.
Lakin Ermənistanın iradəsi öz əlində deyil. Rəsmi İrəvan bu gün xeyli dərəcədə öz havadarlarından, daha doğrusu, ondan alət kimi istifadə etmək istəyənlər, xüsusilə Parisdən asılıdır.
Yelisey sarayının regionla bağlı siyasəti təxminən belədir: Cənubi Qafqaza müdaxilə üçün Ermənistan vasitəsilə gərginlik yaratmaq.
Bu baxımdan, bəzi imperialist güclərin bölgədə yeni müharibə yaratmaq cəhdləri mümkündür. Daha doğrusu, bu səylərin təzahürü hiss edilir. Əgər Ermənistan bunu istəmirsə, sülh üçün tələsməli və səmimi addımlar atmalıdır. Sülh istiqamətində artıq müəyyən irəliləyişlər əldə olunub. İndi İrəvan özünün siyasi iradəsi ilə bunu davam etdirməyə çalışmalıdır.
Sülh üçün rəsmi Bakının konkret şərti var: Ermənistanın ərazi iddialarından əl çəkməsi və bunu konstitusiya səviyyəsində təsbit etməsi. Ermənistan hər nə qədər sülh sazişinin ən qısa zamanda imzalanmasında maraqlı olduğunu desə də, konstitusiya dəyişikliyi barədə danışmır.
Yeri gəlmişkən, qeyd edək ki, N.Paşinyan və prezident Vaaqan Xaçaturyan noyabrda Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər sülh sazişinin imzalanmasına hazır olduqlarını söyləyiblər. Lakin onlar konstitusiya dəyişikliyi barədə heç nə deməyiblər. Bu isə İrəvanın səmimiliyini sual altına salır və onun kənar qüvvələrdən asılı olduğunu bir daha göstərir.
Görünən odur ki, Ermənistan sadəcə olaraq beynəlxalq ictimaiyyətə xoş gəlmək, özünü “sülh göyərçini” kimi təqdim etmək və bacararsa, Azərbaycanı destruktiv mövqedə ittiham etmək istəyir. Çox böyük ehtimalla bu "ev tapşırığı"nın müəllifləri COP29 ərəfəsində rəsmi Bakının nüfuzuna kölgə salmaq istəyən Qərb dairələridir.
Azərbaycan sülh istəyir, müharibədə maraqlı deyil. Ancaq indi sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki xüsusilə Qərblə Rusiya arasında davam edən mübarizə nəticəsində gələcəkdə Ermənistanın dövlətçiliyi üçün təhdid yarana bilər. Odur ki, Ermənistan bütün bu reallıqları nəzərə almalı və baş qərargah rəisinin dediyi kimi, müharibə yox, sülh barədə düşünməlidir.