İsraillə HƏMAS arasında yaşananlar fonunda Fransada daxili siyasi gərginlik artmaqdadır. Ərəb miqrantlarla yəhudi icması arasında gərginlik yaşanır, hətta qətllər baş verir. Prezident Emmanuel Makronun rəhbərlik etdiyi Fransa hökuməti sabitliyi qoruyub saxlamaq əvəzinə hansı addımları atır? O, min kilometrlərlə uzağa göz dikərək Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına deyil, İrəvanı silahlandırmağa çalışır.
Rəsmi Paris Cənubi Qafqazda destruktiv mövqedən çıxış edib, sülh prosesinə başlıca əngəl olmaqdadır. Erməni mediasında yer alan xəbərlərə görə, gələn həftə Fransa və Ermənistan müdafiə nazirlərinin növbəti görüşü olacaq və əsas mövzu da İrəvana silah tədarüküdür. Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi də bu barədə “X” hesabında yazıb. Bildirib ki, müdafiə naziri Sebastyan Lekornyu gələn həftə erməni həmkarı ilə operativ və konkret tədbirləri müəyyən edəcək.
Fransanın Ermənistana hansı növ silahları verəcəyi planları da açıqlanıb. Nazirin sözlərinə görə, bu, silahlar müdafiə xarakterli olacaq. Sual olunur - İrəvan kimdən müdafiə olunur? Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsini ilin sonuna kimi imzalamağa hazır olduğunu bəyan etməsi fonunda Fransanın belə bir mövqedə olması riyakarlıqdan başqa bir şey deyil. Rəsmi Bakı da dəfələrlə bəyan edib ki, İrəvanla müharibə aparmaq niyyətində deyil, sülh sazişi imzalamağa hazırdır. Fransa müdafiə naziri isə bildirib ki, Ermənistanın təhlükəsizliyi və müdafiə qabiliyyətinin artırılması ölkəsinin strategiyasının bir hissəsidir.
“Dövlət başçısı Emmanuel Makron dəqiq müəyyən edib - bizim gündəliyimiz müdafiə silahlarının satışıdır. Ermənistanla bizim müzakirələr məhz bu məsələlərlə bağlıdır. Mən artıq bir şey deyə bilmərəm. Lakin müəyyən silah növləri insanların müdafiəsi və Ermənistanın təhlükəsizliyinə xidmət etməlidir”, - fransız nazir vurğulayıb.
Rəsmi Bakı dəfələrlə Parisi Ermənistanı silahlandırmaqdan çəkinməyə çağırıb. Prezident İlham Əliyev Avropa Şurasının Prezidenti Şarl Mişellə görüşlərində, telefon danışıqları zamanı bəyan edib ki, Parisin Ermənistana silah tədarük etmək planı sülhə deyil, gərginliyin artırılmasına yönəlib. Dövlət başçısı Fransanı MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin 53-cü iclası zamanı da sərt tənqid edib. Emmanuel Makronun Azərbaycanın beynəlxalq hüquqla probleminin olmasının isə sadəcə gülüş doğurduğunu bəyan edib.
"Fransadan söz düşmüşkən, bu ölkə rəhbərliyinin 2020-ci ildən bütün dövr ərzində və indi də davam edən dağıdıcı və təxribatçı rolunu da qeyd etmək istərdim. Azərbaycana qarşı çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantajlar heç bir nəticə verməyib. Fransa prezidenti bildirib ki, Azərbaycanın beynəlxalq hüquqla bağlı problemləri var və bu, ancaq gülüş yarada bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb", - Prezident bildirib.
Görünən odur ki, Rusiya-Ermənistan gərginliyində əsas maraqlı tərəf məhz Fransadır. İrəvanı Cənubi Qafqazda forpostuna çevirməkdə israrlı olan Paris ABŞ-nin ardınca təlim adı altında Ermənistana hərbçilərini göndərib. Fransız hərbçilər "HOPE FSX2023" təlimlərində iştirak ediblər. Məlumata görə, Ermənistana “Dash” tipli iki təyyarə, 8 ton avadanlıq göndərilib. Təlimlərdə Fransa, Yunanıstan, Monteneqro, Şimali Makedoniya və s. ölkələr iştirak edəcək. Hərbi heyətin “mülki təhlükəsizlik” təlimlərində iştirak etmək üçün Ermənistana gəldiyi vurğulansa da, bu fakt rəsmi Parisin İrəvanla hərbi əməkdaşlığı fonunda diqqət çəkir.
Makronun ermənipərəst siyasətinin ruporu qismində çıxış edən xarici işlər naziri Ketrin Kalonna isə Ermənistana son səfəri zamanı bildirib ki, Paris İrəvanla hərbi texnikanın tədarükü ilə bağlı müqavilə bağlamağa razıdır. "Fransa gələcəkdə Ermənistanla müqavilə bağlamağa razılıq verib. Bu, Ermənistanın müdafiəsini təmin etmək üçün onu hərbi texnika ilə təmin etməyə imkan verəcək. Aydındır ki, hələlik bu məsələnin təfərrüatları üzərində dayana bilmərəm", - nazir vurğulayıb.
Ortaya başqa bir sual çıxır - əgər Fransa regionda sülhün tərəfdarıdırsa, Ermənistanı niyə belə silahlandırır? Səbəb odur ki, Paris Cənubi Qafqazda baş verən proseslərdən regionda təsirini gücləndirmək üçün istifadə edir və Bakı ilə İrəvan arasında sülhün qarşısını almaq üçün böyük səylər göstərir. Ermənistan isə anlamaq istəmir ki, sürətli silahlanma gələcəkdə ona yeni-yeni problemlər, insan ölümləri və səfalət, yeni münaqişələr gətirəcək. Bu səbəbdən Fransa çirkin və dağıdıcı, riyakar planlarından nə qədər tez imtina etsə, bir o qədər yaxşı olar.