2020-ci il İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu ermənilərin “məğlubedilməzlik” mifini qıraraq ordusunu darmadağın etdi. Bu dövrdən başlayaraq məhv olmuş ordunu bərpa etmək, yaranan ciddi problemləri həll etmək baş nazir Nikol Paşinyan hökumətinin öhdəsindən gələ bilməyəcəyi işə çevrildi. Zorlama, dedovşina, rüşvət, yeyinti hallarının tüğyan etdiyi erməni ordusunda problemlər ard-arda düzülərək siyasi hakimiyyəti çıxılmaz vəziyyətə salıb. Rəhbərlik orduda sistemləşmiş böhranı həll etmək üçün müxtəlif üsullara əl atır. Bununla belə, dalbadal yaranan problemlər deməyə əsas verir ki, Ermənistan hələ uzun müddət normal orduya sahib ola bilməyəcək.
Səfərbərlik problemi
Hökumət tərəfindən ilkin olaraq hərbi xidmətə çağırış yaşının yuxarı həddinin artırılması təklifi irəli sürüldü. Bununla da illərdir yığılıb qalmış problemin həll ediləcəyi gözlənilirdi. “Mülki müqavilə” fraksiyası tərəfindən çağırışçı yaşının 18-40 arası dəyişdirilməsi təklif edilib. Bu vaxta qədər isə yaş həddi 18-27 aralığında dəyişirdi. Bununla da şəxsi heyətin sayı ilə bağlı problem həll edilməli idi. Nəzərə almaq lazımdır ki, son 9 ildə Ermənistanda çağırışçıların sayında 44 faiz azalma müşahidə edilib. Bu, ölkəni tərk etmə, hərbi xidmətdən yayınma, kütləvi rüşvət halları, demoqrafik problem və sosial-iqtisadi sahədəki çatışmazlıqlar fonunda baş verib. Sadalanan problemlər isə son 3 ildə özünü daha çox büruzə verib. Yaş həddinin artırılması isə xidmətdən yayınaraq digər ölkələrdə vaxt keçirən erməni kişilərinin ölkəyə qayıtmasını daha da əngəlləyib.
Bununla belə, şəxsi heyətin sayını artırmaq heç də problem həll etmək demək deyil. Çünki ordunun döyüş hazırlığı üçün müasir texnologiya, silahlanma və sistemlər lazımdır. Ermənistan isə bilindiyi kimi, müharibədə ciddi texnika itirdiyi üçün parklarını yeniləməyə nə büdcəsi, nə də gücü çatır. Qərbin vəd edərək verdiyi texnika və silahlar isə ciddi arsenal üçün işə yaramır.
“HƏMAS”a ötürülən silahlar
Bu yaxınlarda erməni ordusu ilə bağlı daha bir qalmaqal üzə çıxıb. Məlum olub ki, müharibədən sonra “Kalaşnikov” markalı 17 min avtomat itib. Ermənistanın daxili işlər naziri Vahe Kazaryan bildirib ki, hazırda bu sayda silah anbarlarda əskik gəlir. Bilindiyi kimi, sözügedən ölkənin silahlı qüvvələrində xidmət edən hərbçilərin əsas hücum silahı “Kalaşnikov” markalı avtomatlardır.
Rəqəm çox ciddidir. Ermənistan ordusunun 65 min nəfərlik heyətdən ibarət olduğunu nəzərə alsaq, 3 piyada briqadasından da çox əsgərin silahının yoxa çıxdığı məlum olar. Bu, 1400 qutunun 10 iri yük maşınında yoxa çıxması deməkdir. Erməni siyasətçilər silahların müharibədən sonra itdiyini, Azərbaycan tərəfindən qənimət kimi götürüldüyünü desələr də, rəsmi Bakının hesabatlarında belə bir rəqəm və fakt gözə dəymir.
Artıq politoloqlar və bəzi müxalifət deputatları, xüsusən də Larisa Alaverdyan bəyan edib ki, sözügedən silahlar İran vasitəsilə “HƏMAS” qruplaşmasına ötürülüb. Rəsmi Tehranın sözügedən qruplaşmanı daim silahlandırdığını nəzərə alsaq, bu fakt real görünür.
Çağırışçı problem
Artıq erməni siyasi elitası ordunun şəxsi heyətinin sayını artırmaq üçün yeni bir üsula əl atıb. Məlum olub ki, ciddi xəstəliyi və fiziki qüsuru olan şəxslər belə, ordu sıralarına cəlb edilir. Məsələn, qış çağırışı dövründə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin hüquq müdafiəçisi Nazeli Movsesyan bildirib ki, səhhətində problem olan çağırışçıların heç də hamısı sağlamlıq müayinəsinə göndərilmir. Çağırışçılar tez-tez sağlamlıq sənədlərini təqdim etmək üçün çağırılır. Çünki bu sənədlər əsasında hərbi komissarlıq sözügedən şəxsin hərbi xidmətə göndərilib-göndərilməyəcəyinə qərar verir. Lakin çağırışçının şəxsi vəsaiti hesabına həkimlərdən keçmək üçün maddi imkanı olmayanda səhhətində yaranan problemlər aşkar edilməmiş qalır. Hətta şəxsi vəsaiti hesabına müayinədən keçmək üçün tibb müəssisəsinə müraciət edən çağırışçı da problemlə qarşılaşır. Müxtəlif bəhanələrlə həkimlər müayinədən imtina edirlər. Bunun səbəbi isə “yuxarılar”dan alınan təlimatdır. Artıq çağırışçıların ətraflı və tam müayinədən keçmədən hərbi xidmətə aparılması barədə faktlar kütləviləşməyə başlayıb. Bu yaxınlarda isə bu məsələ ilə bağlı ölüm faktı da qeydə alınıb. Səhhətində ciddi problem olan çağırışçı sənədlərə baxmayaraq hərbi xidmətə aparılıb və bir neçə gün sonra ölüb.
Eyni zamanda qeyd etmək lazımdır ki, şəxsi pulu ilə müayinədən keçənlər komissiya tərəfindən yenidən müayinəyə göndərilir və nəticələr (ciddi xəstəlik və fiziki qüsurlar) qəbul edilmir.
Pulunu ver, əsgər getmə
Hakim partiya bu yaxınlarda parlamentə yeni təklif təqdim edib. Layihəyə əsasən, hərbi xidmətə getmək istəməyən Ermənistan vətəndaşı dövlət büdcəsinə 15 milyon dram, yəni 37 min dollar ödəməlidir. Qanun layihəsi ilk oxunuşdan keçib. Bəzi müxalifət nümayəndələri layihənin əleyhinə çıxsalar da, “Vətəndaş müqaviləsi” məclisdəki səs çoxluğundan istifadə edib. Əgər ikinci oxunuşda da layihə qəbul edilsə, 27 yaşdan yuxarı ermənilər bu imkandan yararlana biləcəklər.
Bu qanunla erməni hökuməti Rusiya və digər ölkələrdə 40 yaşını doldurmağı gözləyən vətəndaşlarının ölkəyə qayıtmasını təmin etməklə yanaşı, hər il kəsiri artan büdcəni bir az doldurmaq niyyətini də güdür. Amma sözügedən layihə barədə mətbuata xəbərlər sızdıqdan sonra müxalifət qanadı ilə yanaşı bir sıra qeyri-hökumət təşkilatlarının da sərt tənqidi səslənib. Bu günə qədər də məsələ ilə bağlı qızğın müzakirələr, tənqidlər səngimir. Əksər müxalifət nümayəndələri Paşinyan hakimiyyətini ordu sistemindən istifadə edərək var-dövlət sahibi olmaq hərisliyində ittiham edir.
Ölüm halları
Son dörd il ərzində Ermənistan ordusunda ölüm hallarında ciddi artım müşahidə edilib. Məsələn, 2019-cu ildə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 49 idisə, 2022-ci ildə bu rəqəm 64-ə çatıb. Eyni neqativ tendensiya Ermənistan ordusunun sıralarında özünə zərər vermə, intihar ilə bağlı da müşahidə olunur. 2020-ci ildə belə halların sayı 65 olsa da, 2022-ci ildə bu say 108-ə çatıb.
2024-cü il də erməni silahlı qüvvələri üçün belə başlayıb. Təkcə yanvar ayının ilk günlərində 3 hərbçinin ölüm xəbəri yayıldı. Onlardan biri intihar edib, digəri qətlə yetirilib, üçüncü hərbçi isə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Erməni hərbçilərinin ölümü ilə bağlı əsas problem kriminala meyllilik, dedovşina, dözülməz xidmət şəraiti, ağır mənəvi-psixoloji atmosferdir. Müdafiə nazirliyi isə problemi həll etmək əvəzinə nəticələri ilə “boğuşur”. Məsələn, hərbi hissədəki dedovşina, ağır şərait, aclıq, zabit heyətinin xoş olmayan münasibəti ilə razılaşmayanları fərarilikdə ittiham etmək adi hal alıb. Bu faktla üzləşən əsgər isə çıxış yolunu əksər hallarda intiharda görür.
Son illər ərzində erməni ordusu kadr və zabit çatışmazlığından da əziyyət çəkir. Tibbi təchizat, qidalanma, lazım olan avadanlığın olmaması da mənəvi-psixoloji faktoru təşkil edir. Az maaşla dolanan zabit heyəti tez-tez dövlət əmlakını talayıb satır, əsgər heyətindən rüşvət yığır. Eyni zamanda şəxsi heyət arasında sərxoşluğa meylli zabitlərin sayında da kəskin artım müşahidə edilir.
Bununla belə, bu gün erməni ordusunda dedovşinanın demək olar ki, qanuni hal alması, hərbi hissələrin kriminal elementlər tərəfindən idarə edilməsi ən böyük narazılıq yaradan faktordur. Əsgər ölümləri ilə bağlı isə zabitləri cəzalandıran, faktları araşdıran, bunu tələb edən heç kəs yoxdur. Yəni, erməni ordusunda özbaşınalıq yüksək sürətlə inkişaf edir və cəzasız qalır.
Yuxarıda sadalananlardan da məlum olur ki, Ermənistan ordusundakı ciddi problemlər hakimiyyət tərəfindən hələ uzun müddət həll edilməyəcək. Siyasi elita hərbi islahatları sadəcə imitasiya edir. Ayrılan vəsait əsasən polis və patrul xidməti üçün xərclənir ki, bu da Paşinyan hakimiyyətini əsasən daxili təhdidlərdən qorumağa yönəlib. Çünki hökumətə polisi repressiya aparatı kimi gücləndirmək və genişləndirmək daha vacibdir. Ölkədə fəaliyyət göstərən QHT-lər isə əsgər ölümləri zamanı yüngül “şivən” salaraq Soros qrantlarını həzm-rabedən keçirir, sonradan isə suspayı olaraq hakimiyyətdə müəyyən vəzifələrə dəvət edilirlər.
Kamil Məmmədov