Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə universitet və ya ali məktəb filialı yoxdur
Borçalıda məktəb direktoru vəzifəsini əsasən etnik gürcülər, tək-tük hallarda isə azərbaycanlılar tutur
Bakı. 31 yanvar. REPORT.AZ/ Gürcüstanda yaşayan azərbaycanlıların sayı ölkədə 2014-cü ildə aparılmış son siyahıyaalmaya görə, 233 min nəfərdir. Soydaşlarımız qonşu ölkə əhalisinin 6,3%-ni təşkil etməklə, say baxımından ən böyük milli azlıqdır. Ölkədə sayca ikinci böyük milli azlıq ermənilərdir. Onların sayı 168 100 nəfər olmaqla, ümumi əhalinin 4,5%-ni təşkil edir.
Bu baxımdan Gürcüstanın Azərbaycan və erməni icmasının hazırkı durumu, fəaliyyəti, birliyi və digər aspektlər baxımından müqayisəli təhlilini aparmaq məntiqli olar.
“Report” son illər müxtəlif yerli və beynəlxalq təşkilatların Gürcüstanda milli azlıqlara dair hazırladıqları hesabatlarına əsaslanaraq, həm Azərbaycan, həm də erməni icmasının ictimai-siyasi fəaliyyətinin indiki vəziyyətini araşdırıb.
Orta və ali təhsil
Gürcüstan hökuməti keyfiyyətli təhsilin əlçatanlığının təmin edilməsi və dövlət dili üzrə biliklərin yaxşılaşdırılmasını vətəndaş inteqrasiyası prosesinin iki əhəmiyyətli aləti hesab edir. Ölkə qanunvericiliyinə əsasən, təhsilin bütün pillələləri etnik azlıq nümayəndələri üçün əlçatandır və azlıqlar ana dillərində - Azərbaycan, erməni və rus dillərində təhsil almaq imkanları ilə təmin olunublar.
2017-ci ilin məlumatına əsasən, Gürcüstanda 82 Azərbaycandilli, 118-i ermənidilli və 11 rusdilli ictimai məktəb fəaliyyət göstərib. Azərbaycan bölmələrinin olduğu məktəblərin sayı isə 33 təşkil edib.
Ötən ilin sentyabrında Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzinin açıqladığı rəqəmlərə əsasən isə ölkədə Azərbaycandilli məktəblərin sayı 80, Azərbaycan bölmələrinin olduğu məktəblərin sayı isə 38-dir. Bununla yanaşı, iki özəl məktəbə Azərbaycan bölməsi açmaq hüququ verilib. Həmin təhsil müəssisələrində bölmələrin fəaliyyət göstərib-göstərməməsi məlum deyil.
Ermənidilli məktəblərin hazırkı sayı isə 130 təşkil edir. Son illər yeni və müasir orta təhsil müəssisələrinin tikintisini çox vaxt yerli icmadan olan iş adamları və ya şirkətlər maliyyələşdirir. Təhsil ocaqlarının hamısının direktorları ermənilərdir.
2010-cu ildə Gürcüstanda 124 Azərbaycandilli məktəb fəaliyyət göstərib. Soydaşlarımızın doğma dillərində təhsil aldıqları təhsil ocaqlarının sayının azalması əsasən aşağıdakı səbəblərlə əlaqələndirilir:
1. Təhsilin keyfiyyətinin aşağı olması;
2. Məktəb infrastrukturunun müasir tələblərə cavab verməməsi, bəzi məktəblərin, xüsusən də kənd məktəblərinin qəzalı vəziyyətdə olması;
3. Peşəkar müəllim kadrlarının çatışmamazlığı.
Azərbaycandilli məktəblərin müəllim heyətinin böyük əksəriyyətini təqaüd yaşına çatanlar təşkil edir. Məktəb direktoru vəzifəsini əsasən etnik gürcülər, 15-ə yaxın məktəbdə isəazərbaycanlılar tutur.
Hər tədris ilinin əvvəlində Azərbaycanın
Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsində hazırda nə bir universitet, nə də bir ali məktəb filialı var. 2008-ci ildə Marneulidə
Gürcüstanın ya da Azərbaycanın ali məktəblərinin Marneulidə filiallarının açılması ilə bağlı yerli ziyalılar və ictimaiyyət nümayəndələri müxtəlif toplantı və görüşlərdə təkliflər səsləndirirlər. Lakin bu günə qədər bu istiqamətdə nəzərəçarpacaq heç bir iş aparılmır.
Ermənilərin sıx yaşadığı Samtsxe Cavaxeti regonunda isə dövlət universiteti fəaliyyət göstərir. Ali təhsil müəssisəsi 1990-cı ildə İvane Cavaxaşvili Tbilisi Dövlət Universitetinin Axalkalaki filialı kimi yaradılıb. 2014-cü ildə filial Samtsxe Cavaxeti Dövlət Universiteti kimi rəsmi qeydiyyata alınıb. Ali məktəbdə humanitar, texniki, biznes və digər istiqamətlər üzrə bakalavr, magistr və doktorantura üzrə tədris aparılır.
2018-2019-cu tədris ilində Gürcüstanın ali məktəblərinə 788 yerli azərbaycanlı abituriyent qəbul olub. Gənclər universitetlərə milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4” proqramı üzrə daxil olublar. Bu proqramın tətbiqinə 2010-2011-ci tədris ilindən başlanılıb. Proqrama əsasən, abituriyentlər Azərbaycan, erməni və osetin dillərində ümumi biliklərdən test imtahanı verirlər. Ali məktəbə qəbul olmuş tələbələr bir il ərzində gürcü dilini öyrənirlər və daha sonra istədikləri ixtisas üzrə bakalavr pilləsi üzrə təhsil almaq imkanı əldə edirlər. İlin sonunda 60 kredit balı toplaya bilən tələbələr imtahan vermədən istədikləri fakultədə təhsillərini davam etdirə bilirlər.
“1+4” proqramı üzrə ali məktəbləri bitirən minlərlə azərbaycanlı gənclərin əsas problemi isə işsizlikdir. Onların 90%-dən çoxu bu problemdən əziyyət çəkir. Son illər milli azlıqlardan olan tələbələrin yerli və mərkəzi dövlət qurumlarında iş təcrübəsi keçməsi üçün proqram həyata keçirilir. Proqramı başa vuran gənclərin böyük əksəriyyəti ən çox vakansiya olmaması və ya əmək haqqının aşağı olması səbəbindən təcrübə keçdiyi qurumda işə düzələ bilmir. Qeyd olunan proqram üzrə ali təhsili uğurla başa vurmuş və dövlət qurumlarında aparıcı və ya rəhbər vəzifələrdə çalışan Gürcüstanın azərbaycanlı vətəndaşlarına hələ rast gəlinmir.
Gürcüstanda yerli azərbaycanlıların təmsil olunduğu 50-yə yaxın QHT var və onların əksəriyyəti Kvemo Kartli bölgəsində mərkəzləşib. Üzdə olan, lakin effektiv fəaliyyət göstərə bilməyən ictimai təşkilatların sayı isə 4-5 təşkil edir. Bu sahədə Azərbaycan icmasında bir süstlük yaşanır və QHT-lərdə təmsil olunan gənc və ziyalılar sözün əsl mənasında ictimia fəal adını layiqincə daşımırlar. Təşkilatların əsas “fəaliyyət istiqaməti” bir-birlərinə qarşı dayanmadan qarayaxma kampaniyası aparmaq, qarşılıqlı ittihamlara yönəlib.
Gürcüstanda yaşayan ermənilərin isə 70-ə yaxın ictimai təşkilatı fəaliyyət göstərir. Onların hamısı “Gürcüstan ermənilərinin icması” adlı qeyri-rəsmi birlik adı altında birləşib. Mədəniyyət, gənclər, qadın hüquqları, sosial-iqtisadi istiqamətlər üzrə real və geniş fəaliyyət göstərən bu təşkilatlar Tbilisi və Samtsxe Cavaxeti bölgəsində yerləşir. Gürcüstanda yaşayan bütün milli azlıqların təmsil olunduğu “Çoxmillətli Gürcüstan” təşkilatının sədri də yerli erməni əsilli vətəndaş Arnold Stepanyandır.
Erməni QHT-lər Gürcüstanda bu cür təşkilatlar üçün keçirilən yerli və beynəlxalq qrant müsabiqələrinə çox fəal qatılırlar və icmanın gələcəyinə yönəlmiş bir sıra layihələri birgə reallaşdıra bilirlər.
Azərbaycan QHT-ləri isə ya bu müsabiqələrdən məlumatsız olur, ya da iştirak üçün tələb olunan tələblərə, bilik və təcrübələrə malik olmurlar.
Erməni QHT-ləri Ermənistan dövlətinin maraqlarına cavab verən fəaliyyətə də mütəmadi cəlb olunurlar. Hər il qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı erməni icmasının təşkilatçılığı ilə Türkiyənin Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası, Tbilisi və Samtsxe Cavaxeti bölgəsində yürüşlər keçirilir. QHT-lərin adından qondarma soyqırımının tanınması tələbi ilə Gürcüstan parlamentinə dəfələrlə müraciət olunub.
Azərbaycan icmasını narahat edən hər hansı bir məsələ ilə bağlı müraciət hökumət yaxud da parlamentə təqdim olunması müzakirə olunarkən, imza toplama mərhələsi ya baş tutmur, ya tələb olunan sayda imza yığılmır, ya da imza atanlar imzalarını sonradan geri götürürlər.
“Facebook” sosial şəbəkəsinin Gürcüstan seqmentinə nəzər salsaq, erməni icmasının xüsusi fəallığının şahidi olarıq. Azərbaycan rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu, Xocalı soyqırımının yad edildiyi günlərdə sosial şəbəkələrdə Azərbaycana qarşı çirkin kampaniya aparılır və həmin paylaşmalar ödənişli reklama belə verilir. Ermənistanın Gürcüstandakı səfirliyi də bu cür kampaniyaların əsas hərəkətverici qüvvəsidir.
Ardı var...